Mənim universitetlərim
İLHAM ƏLİYEV
"Ağac öz rişəsindən böyüyər".
Şərq kəlamı
İnsanın özü haqqında danışması həmişə xüsusilə çətindir və bununla çox məşğul olmayacağam. Ancaq bəzi şeyləri aydınlaşdırmaq gərəkdir.
Az qala dünyaya gəldiyim ilk gündən bəri - Heydər Əliyevin oğlu barədə müxtəlif şayiələr dolaşmağa başlamışdır. Onlar, bir növ, mənim kölgəm olublar. Özü də pis kölgə olmuşlar, gizlətmirəm, çox zaman da mənə maneçilik törətmişlər.
Bəli, mən çalışmışam, indi də çalışıram ki, dost olmayanların sözünə əhəmiyyət verməyim, ancaq bunlar camaatın qulağına çatır. Hətta bəzən müzakirə də edirlər: görəsən, burada həqiqət payı nə qədərdir? Xülasə, şayiələr işləməyə mane olur, xüsusilə də xalqın mənə etibar etdiyi yüksək vəzifədə onlar əsla qəbul edilə bilməz.
Təbii ki, məsələ heç də şayiələrdə deyil. Ancaq belə hesab edirəm ki, Azərbaycan Prezidentinin real hissləri və həyatı barədə məlumat çoxları üçün maraqlı olar.
Bəri başdan deyim ki, həmişə atamın böyük təsirini hiss etmişəm. Təbiblər deyirlər ki, insan hələ ana bətnində ikən formalaşır. Təbii ki, mən hələ ana bətnində olanda, yaxud 1961-ci ildə doğulan kimi atamın nə dediyini xatırlamıram.
Ancaq özümün ilkin, lap körpəlik xatirələrimdə həmişə zəhmli və mərdanə kişi fiqurunu görürəm. Budur, o mənim üzərimə əyilib, budur, o məni atıb-tutur, budur, mehribanlıqla gülümsəyərək nəsə deyir.
Mən xeyli gec doğulmuş uşaq idim, mən anadan olanda atam 39 yaşında idi.
Tədricən mən onun nə dediyini, sonra nə elədiyini, necə fikirləşdiyini, öz oğlunu necə görmək istədiyini anlamağa başladım. Mən həmişə ona bənzəməyə, ancaq bunu heç bir şəkildə görünüş xatirinə etməməyə çalışırdım.
Valideynlərim danışırdılar ki, 1961-ci ilin 24 dekabrında Bakıda ilıq qış havası olub. Çoxlarını yeni illə əlaqədar qayğılar bürümüşdü, kimi bayramda yaxşı süfrə açmaq üçün mağazaları gəzir, kimi hədiyyə axtarır, kimi də adi işlərlə məşğul olurdu. Bir çözlə, həyat öz məcrası ilə gedirdi.
Ancaq bizim ailə üçün 24 dekabr əlamətdar gün oldu. Oğlaq bürcü altında doğulan oğlana İlham adı verməyi qərara aldılar. Deyirlər ki, bu bürcə xas olan bütün əlamətlər məndə uşaqlıqdan olub: səy göstərmə, əməksevərlik, səbir, ətrafdakılara diqqət.
Mən Bakıdakı 6 saylı məktəbdə oxuyurdum. Sonra 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil oldum.
Mənim təhsil illərimdə çoxları elə bilirdi ki, Heydər Əliyevin oğlu ağına-bozuna baxmadan atasının vəzifəsindən sui-istifadə edəcək. Ona hər şey bağışlanar. Ancaq atam mənə uşaqlıqdan izah etmişdi ki, belə hallara yol vermək olmaz, mən də bədxahların (onlar həmişə çox olublar) ailəmizə hücum etmələri üçün heç bir bəhanə verməmişəm.
Məktəbdə mən hər şeydən çox humanitar fənləri sevirdim. Tez-tez dalaşırdım. Arada döyülürdüm də, ancaq heç vaxt məni incidənlərdən atama şikayət etmirdim.
Sinif yoldaşlarımın bəziləri inandırmaq istəyirlər ki, guya mən həzlə lətifələr danışırammış. Ola bilər. O vaxt kim lətifə danışmırdı ki!
Mənim xarakterimin başqa bir cəhətini də hələ gəncliyimdə müşahidə etmişlər: yaxşı geyinməyi sevirdim. Bu barədə mübahisə etmirəm.
80-ci illərin əvvəllərində atamın "Literaturnaya qazeta"da çıxan məqaləsi sovet cəmiyyətində böyük əks-səda doğurmuşdu. Bu məqalədə o, sovet nomenklaturasında çiçəklənən qohumbazlığı qamçılamışdı. Heydər Əliyev yazmışdı ki, yüksək vəzifəli işçilərin uşaqları atalarının yolu ilə gedir və hər yerdə onlara "yaşıl işıq" yandırılır.
Ancaq onun oğlunu və qızını bunda məzəmmət etmək mümkün deyildi. Məqalənin "qəhrəman"larının əksəriyyəti kimi mən partiya-komsomol işində karyera qurmadım. Düzdür, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu SSRİ-nin ən nüfuzlu ali məktəblərindən biri sayılırdı. Orada əla müəllimlər - ustad alimlər və diplomatlar işləyirdi. Biz beynəlxalq əlaqələrin nəzəri məsələlərini, xarici siyasəti, xarici dilləri və digər fənləri dərindən öyrənirdik.
Mən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirdikdən sonra aspiranturada qaldım, dissertasiya müdafiə elədim, tarix elmləri namizədi dərəcəsi aldım. Məşhur beynəlxalq hüquq mütəxəssisləri cərgəsinə daxil olaraq həmin ali məktəbdə dərs dedim. Onlarla, eləcə də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda olan digər siyasətçilərlə, alimlərlə ünsiyyət mənim üçün gözəl dərs oldu. Həmin dərslər bu gün də faydalıdır.
Bu gün iftixar hissiylə demək istəyirəm ki, mənim böyük qızım Leyla da bu ali məktəbdə xüsusi magistr proqramı üzrə təhsil alır.
Tələbəliyimin ilk zəngindən tam dörddə bir əsr sonra mən yenidən doğma ali məktəbin astanasından içəri daxil oldum. Bu, 2004-cü ilin fevralında Azərbaycan Prezidenti kimi Rusiyaya ilk rəsmi səfərim zamanı baş verdi.
Məni doğma Beynəlxalq Əlaqələr İnstitutuna dəvət etdilər. İclas salonu ağzınacan dolu idi. Nə qədər tanış çöhrə gördüm! Əfsus ki, çoxları qocalmışdı, heç mən özüm də gəncləşməmişəm.
Ali məktəbin rektoru Anatoli Torkunov mənə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun fəxri doktoru dərəcəsi verilməsi barədə qərarı elan etdi. Mən atamın yolu ilə getdiyim üçün fəxr edirəm: Heydər Əliyev də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun fəxri doktoru idi. Bu ad görkəmli siyasi və ictimai xadimlərə verilir.
Mənə diplom, medal və mantiya təqdim etdilər. Mən onu dərhal geyindim. Bunlardan başqa, mənə bir mücrü verildi, onun içində qəlbimə yaxın olan yadigarlar - zaçot kitabçası və attestat vardı; kitabçada ancaq "əla" və "yaxşı" qiymətlər, attestatda isə ancaq "əla" qiymətlər vardı.
Tələbə biletini isə mənə vermədilər, rektor onu Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun muzeyində saxlamağı qərara aldı. O, zarafatla dedi ki, mənə təqdim etdiyi diplomun praktiki dəyəri var, 100 il sonra mən dövlət işlərindən ayrılanda öz professor karyeramı yenidən başlamaq üçün məni institutda gözləyirlər.
Etiraf edirəm ki, həmin dəqiqələrdə mən çox həyəcanlandım. Axı Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu mənim bioqrafiyamda çox mühüm yer tutur. Mən onun divarları arasında oxudum, işlədim və bilik əldə etdim, ən əsası isə sadiq, vəfalı dostlar qazandım. Bunlar mənim həyatımın ən gözəl illəri, tələbəlik və gənclik illəri idi. Bunların ən gözəl illər olduğunu dərk edəndə, onlar artıq arxada qalmış olur. O vaxt adama elə gəlirdi ki, həmişə belə olacaq...
Təbii ki, mən Bakı məktəbindən buraya, tamamilə başqa bir mühitə düşəndə dərhal anladım ki, seçim çox düzgündür.
Mən o dövr üçün həsrət çəkirəm. Nə gözəl dövr idi. Mən 15 yaşımdan etibarən Moskvada oxuyurdum. Yeri gəlmişkən, məni məktəbə tez - 5 yaşımda qoymuşdular.
Eyni zamanda mən "ailə imtahanları" da verirdim. Özü də semestrdə bir dəfə yox, daim. Onları Heydər Əliyev keçirirdi. Mən evdə qonaqların qəbulunda iştirak edirdim. Atamın süfrə başındakı yüksək dərəcəli söhbətlərinə yiyələnirdim. Hər şeydən vacibi isə bir çox həqiqətləri mənimsəyirdim. Məsələn, belə bir həqiqəti: hər insanın dəyəri onun mənəvi zənginliyi və biliyi ilə ölçülür.
Evdə siyasətin ilk dərslərini də öyrənirdim. Onlar gələcəkdə mənə necə də lazım gəldi!
Xülasə, onda aramızda sadəcə olaraq "ata-oğul" münasibətləri deyil, "müəllim-şagird", ondan da əfzəl "sələf-xələf" münasibətləri yaranmışdı.
Bəlkə də mən o dövrü çox təntənəli - nostalji tonda yada salıram. Ancaq atama pərəstişim, ona olan minnətdarlığım o qədər böyükdür ki, onun haqqında yazanda sakit və laqeyd qala bilmirəm.
Təkrar edirəm: mən öz universitet illərimi yalnız məktəbdə və MDBƏİ-də, ətrafdakılarla ünsiyyətdə deyil, həm də evdə, ailədə keçmişəm.
***
1987-ci ildə çox ağır dövr başladı. Heydər Əliyevi Siyasi Büro üzvlüyündən azad etdilər. Onun doğmalarını isə təqib etməyə başladılar.
Detallara varmaq və kimlərləsə haqq-hesab çürütmək istəmirəm. Bizə qarşı alçaqlıq edənlərin alçaqlığı qoy onların öz vicdanına yazılsın. Ancaq onu demək istəyirəm ki, mən aldığım biliklərə görə minnətdarlıq duyduğum MDBƏİ-dən getməli oldum və bizneslə məşğul olmağa başladım. Mən ticarət və istehsalat firmalarına rəhbərlik elədim.
Bu da yaxşı məktəb idi - özüm üçün çoxlu yeni və faydalı şey öyrəndim. Mənim Moskvada paltar fabrikim vardı. Sonra treydinqə əl atdım. Hər şey uğurla gedirdi. Daha sonra İstanbula köçüb orada biznesi davam etdirdim.
Həyatımın bu dövrü barədə xüsusilə çoxlu şayiə dolaşır. O cümlədən guya mənim hədsiz dərəcədə varlanmağım barədə. Bu haqda suala bir dəfə belə cavab vermişəm:
- Bəli, mən Moskvada bizneslə məşğul olmuşam və bunu heç vaxt gizlətməmişəm. Məhz mənim yaratdığım şirkətlərin sayəsində Moskvada ilk Azərbaycan məktəbi yaranmışdır. Bundan başqa, Moskvada yaşayan azərbaycanlılar mənim yaratdığım şirkətlərdə işləmişlər.
Mən biznesdəki əməyi öz ölkəmə həsr etmişəm.
Moskva həyatı illərində mən Mehribanla evləndim - mən onu Azərbaycanda ən gözəl qız sayıram. O, yeri gəlmişkən, bizim məşhur yazıçımızın nəvəsidir. O vaxt Mehriban Moskva Tibb İnstitutunun birinci kursunda oxuyurdu.
Mən gördüm ki, toyda qonaqlar, xüsusilə də valideynlərim nə qədər fərəhlənirlər. Bizim ilk körpəmizin dünyaya gəlişi atam və anam üçün heç də bundan kiçik xoşbəxtlik deyildi. Qızımıza Leyla adını verdik.
İndi Mehribanla bizim iki qızımız var. Kiçik qızımın adı Arzudur. Bunlar çox gözəl Azərbaycan adlarıdır. Arzunun mənası məlumdur, "Leyla" isə "gecə" deməkdir. Oğlum haqqında bir qədər sonra danışacağam.
Vətəndən uzaqlarda inanılmayacaq dərəcədə ağır idi. Biz Vətənə can atırdıq, ancaq orada düşmənlər hökm sürürdü və Bakı bizim üçün təhlükəli idi.
Nəhayət, sevinc anı gəlib çatdı, atam evə qayıtdı! Onu uzun müddət dilə tutdular və axırda razı saldılar.
Tezliklə mən də Azərbaycana gəldim. Cəlayi-vətən dövrü bitdi. Mən yenidən öz xalqımlayam, ana dilimdə danışıram, Bakıda gəzirəm.
Mənim üçün dünyada ən əziz şəhər olan Bakıdan zövq almaqdan yorulmurdum. Bakı sakinlərinin sevimli istirahət yeri olan dənizkənarı bulvarda gəzmək böyük zövq verir. XII əsrin dahi şairinin abidəsi ilə bəzənən Nizami meydanı necə də əzəmətlidir. Hələ qədim memarlıq abidələri, o cümlədən dünya incisi olan Qız qalası, Şirvanşahlar sarayını demirəm!
Bakının gül-çiçəyə qərq olması çox xoşuma gəlir. Qocaman sərv və zeytun ağacları, badam və əncir, akasiya və oleandr onun yaşıl köynəyidir.
Bir anlığa bu günə keçmək istəyirəm. İndi şəhərdə böyük dəyişiklik gedir. Addımbaşı yeni evlər, nəhəng yol qovşaqları, tikinti kranları ilə qarşılaşırsan. Mağazalar da tamam başqadır - burada müqayisəyə gəlməyəcək dərəcədə çoxlu mal var.
Və burada hər şey atamı xatırladır. Aeroport onun adını daşıyır. Bakıda Heydər Əliyev şərəfinə adlanan geniş magistral var. Küçələrdə, eləcə də demək olar ki, hər idarənin, hər kabinetin divarlarında onun böyük portretləri gözə dəyir.
***
1994-cü ildə respublikada mənə yüksək bir vəzifə həvalə edildi. Mən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti oldum. Hər şey gözlənilmədən baş verdi. Atam məni çağırıb dedi: bu işlə məşğul olmaq lazımdır, bu, ölkə üçün çox vacibdir. Heydər Əliyevin sözü mənim üçün həmişə qanun olub. Vacibdirsə, deməli, vacibdir.
Bu vəzifəyə mən müəyyən dərəcədə artıq hazır idim: müxtəlif "universitet"ləri, o cümlədən MDBƏİ-ni, biznes sahəsindəki illəri, atamın dərslərini boşuna keçməmişdim ki! ARDNŞ-də maaş almırdım, çünki Milli Məclisin deputatı idim.
Əlavə edim ki, parlamentə məni 1995-ci ildə Qaradağ rayonundan seçmişdilər. Mən rayon sakinləri ilə çox yaxınlaşmışdım. Qarşılıqlı rəğbət münasibətləri yaranmışdı. Mən onlar üçün vacib olan bir çox məsələləri həll etməyə nail oldum. Əlli mənzilli yaşayış evi tikilib. Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə pulsuz verildi. Mənim təşəbbüsümlə qaçqınlar üçün yüzdən artıq evdən, məktəbdən və tibb məntəqəsindən ibarət şəhərcik salındı.
2000-ci ildə mən parlamentə bizim Yeni Azərbaycan Partiyasından namizəd olmağa başladım. Lakin qaradağlılarla əlaqələrimi kəsməmişəm, biz tez-tez görüşürük...
Qısa müddət ərzində ölkənin neft sahəsinə xeyli investisiya axınını təmin etmək mümkün oldu. Mən şirkətin fəaliyyətinin texniki tərəflərinə müdaxilə etməməyə çalışır, əsasən xarici tərəfdaşlarla danışıqlarla məşğul olurdum.
Məndən tez-tez soruşurlar: sizə hansı peşəkar vərdişlər kömək edir? Ən birincisi - xarici dilləri bilməyim. İnsanlarla onların öz dilində, tərcüməçisiz-filansız ünsiyyətə girmək nə qədər asan və səmərəlidir!
ABŞ-da mən ancaq ingiliscə danışmağa çalışıram. San-Fransiskodakı Stenford Universitetində görüşü xatırlayıram. Bu universitet bir çox məşhur siyasətçini yetirməsi ilə şöhrət qazanmışdır.
Mən orada ingilis dilində çıxış etdim. Azərbaycanın keçdiyi yolu təhlil etdim, dövlətimizin siyasi xətti barədə danışdım.
Görüşü ABŞ-ın keçmiş müdafiə naziri Uilyam Perri aparırdı. O, strateji nöqteyi-nəzərdən ABŞ üçün böyük əhəmiyyət kəsb edən Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi zərurətini qeyd etdi. Həm də onu dedi ki, İlham Əliyevin nitqi bir "şahzadə"nin deyil, böyük siyasətə hazır olan diplomatın fikirləri təsirini bağışladı. ABŞ-ın keçmiş dövlət katibi Corc Şults da mənim barəmdə buna yaxın rəy bildirdi. O həm də dedi ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə bir cərgədə duracaq.
Mənim ünvanıma, ələlxüsus da ölkəmin ünvanına deyilən xoş sözləri eşitməkdən son dərəcə məmnun oldum.
Okeanın o tayında keçirilən başqa bir görüş haqqında. Vaşinqtondakı bu beynəlxalq konfransı Amerika-Azərbaycan Ticarət Palatası, Amerika-Rusiya İşgüzar Şurası və Kembric Energetika Tədqiqatları Assosiasiyası təşkil etmişdi. Mövzu isə belə idi: "Xəzərin neft kəmərləri - yeni neft sıçrayışlarının açarıdır".
Mən, həmişə olduğu kimi, ingilis dilində çıxış elədim. Qərbin neft maqnatlarının Azərbaycana böyük kapital qoymalarının səbəbini belə bir faktla izah etdim ki, investorlar özlərini bizdə rahat və sərbəst hiss edirlər. Bu sözlər sonra Amerikada geniş şəkildə iqtibas olundu.
Eynən bu fikrim kimi:
"Əgər məndən soruşsalar: "Azərbaycan bu gün necə ölkədir?", mən iftixarla cavab verərdim: "Azərbaycan bu gün sabit və intensiv inkişaf edən ölkədir. Azərbaycan bu gün demokratiya və inkişaf yolu ilə gedən müstəqil ölkədir..."
Təəssüf ki, mən fransız dilini unuduram. Hərçənd ki, o, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda ikinci dil idi. Çünki ali məktəbi qurtarandan bəri fransız dili üzrə danışıq təcrübəsi olmur, ancaq Fransaya gedəndə bu dildə danışıram. Təəssüf ki, onu mükəmməl bilmirəm. Dili mükəmməl şəkildə bilmək o deməkdir ki, kağızsız və düzgün çıxış edə biləsən.
Mənim ABŞ-a səfərlərimlə əlaqədar maraqlı bir epizod barədə danışmaq istəyirəm. 1997-ci ilin ortalarında atam Hyustonda olanda xəbər verdilər ki, mənim oğlum olmuşdur. Mən atamın şərəfinə uşağa Heydər adını verdim.
Heydər Əliyev necə də fərəhlənirdi. O deyirdi ki, həmin gün onun həyatında ən xoşbəxt gündür. Və əlavə edirdi: kimin nəvəsi varsa, o bunun nə demək olduğunu yaxşı bilir.
Yolüstü o, Londonda dayandı, nəvəsinin dünyaya gəldiyi xəstəxanaya baş çəkdi...
Rusiya telekanallarından birinin süjetində balaca Heydər Əliyevdən soruşdular ki, o, böyüyəndə kim olmaq istəyir. Uşaq inamla cavab verdi: "Təyyarəçi!" Müxbir qız soruşdu: "Bəs niyə prezident olmaq istəmirsən?" Balaca Heydər azca fikirləşib dedi: "Prezidentin işi olduqca ağırdır".
Mən çalışıram ki, oğlumla imkan daxilində daha çox birlikdə vaxt keçirim. Oğlan uşağı üçün çox vacibdir ki, atası təsadüfdən-təsadüfə deyil, həmişə yanında olsun.
Babası, yeri gəlmişkən, kiçik nəvəsini çox sevirdi. O, əslində bütün nəvələrini çox istəyirdi. Demək olar ki, hər gün onlarla telefonla danışırdı. Onlar tez-tez onun yanına gəlirdilər. Heydər Əliyev onların nə ilə nəfəs aldıqlarını yaxşı bilirdi. Onun sanballı nəsli var: üç uşaq mənimdir, üç uşaq bacımın.
Düzdür, o biri uşaqlar xeyli böyükdürlər, ona görə də babası mənim oğluma daha çox diqqət yetirirdi. Uşaq hər gün onu yola salır, bizim adətimizə uyğun olaraq arxasınca su atırdı. Balaca Heydər bu "vəzifə"silə fəxr edirdi.
Yeri gəlmişkən, onu da deyim ki, oğlum azərbaycanca və rusca eyni dərəcədə yaxşı danışır. Bizim evdə hamı uşaqlıqdan ikidillidir.
Mehriban mənim böyük dayağımdır. Mən qəti inanıram ki, ailə, hər şeydən əvvəl, həmfikirlər deməkdir. Ailə - kişi və qadın - bənzər həyat prinsipləri və mənəvi dəyərləri olan iki adamdır. Ona görə də, mənim fikrimcə, ailədə bu sözün radikal mənasında "müxalifət" olmamalıdır. Bir çox məsələdə Mehribanla mənim baxışlarım ümumidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Ötən əsrin bütün çətinliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sədaqəti qoruyub saxlamış Azərbaycan ziyalılarının ailəsindənik. Belə köklərə mənsub olmaq əsl xoşbəxtlikdir.
Qadın, o, Prezidentin həyat yoldaşı olsa belə, qadındır, o, ailədə dincliyin, həmahəngliyin, sevginin qarantıdır. Mənim üçün çox vacibdir ki, inanılmaz dərəcədə dolğun və gərgin iş günündən sonra evə gələndə məni başa düşür və dəstəkləyirlər. Mehriban ictimai fəaliyyətlə də səmərəli şəkildə məşğul olmağa macal tapır. O, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatıdır. Hər gün ona yüzlərlə məktub gəlir, heç biri də diqqətdən kənarda qalmır. Mən çox şadam ki, mənim həyat yoldaşım insanlara kömək edir.
Mən yenidən öz professional fəaliyyətim barədə söhbətə qayıdıram. 2000-ci ildən etibarən məni bir neçə məsul vəzifəyə təyin etdilər və seçdilər: hakim partiya olan YAP-ın sədrinin birinci müavini, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin sədri...
Vəzifələri uzun müddət sadalamaq olar. Ən əsası - bu, elə-belə söz deyil - mən istənilən yerdə öz ölkəm üçün daha çox iş görməyə çalışmışam.
4 avqust 2003-cü ildə daha yüksək bir vəzifəyə təyin edildim. Baş nazir oldum.
Neçə dəfə eşitmişəm ki, arxamca deyirlər: "Onu atası qabağa çəkir", yaxud "Heydər Əliyev Prezident olmasa, İlham bu nailiyyəti əldə edə bilməzdi". Belələrinə nə cavab verəsən?
Bir neçə il əvvəl müsahibələrin birində mən belə cavab vermişəm:
- Belə şayiələr dolaşır ki, Heydər Əliyev öz oğlunu prezidentliyə hazırlayır. Niyə də hazırlamasın? Hər ata istəyir ki, onun övladları əlçatmaz zirvələrə yüksəlsin. Bu, tamamilə normal arzudur. Prezident öz oğlunu elə tərbiyə etmişdir ki, o, həyatda şəxsiyyət ola bilsin və xalqın rifahı naminə onun işini davam etdirsin. Əgər İlham Əliyev belə bir pilləyə qalxıbsa, deməli, atasının əməyi boşa getməyib. Bu da yenə onun siyasətidir.
Hər bir ölkə üçün hakimiyyətin varisliyi məsələsi çox aktualdır. Yaxşı məlumdur ki, sabitlik cəmiyyətin məqsədyönlü və dinamik vəziyyətinin rəhnidir. Bu, tarix boyu dəfələrlə təsdiqini tapıb.
Ona görə də Heydər Əliyevin öz xələfi barədə narahatlıq keçirməsi təbiidir. Bundan əlavə, o öz xələfini əvvəlcədən hazırlamağa başlamışdı. Atam öz siyasətçi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi. Ancaq əvvəlcə məni dinləyir, bəzən razılaşır, bəzən də etiraz edirdi. Mən getdikcə daha tez-tez Azərbaycan Prezidentinin rəsmi danışıqlarında iştirak edirdim. Adətən susur, baş verənləri əxz edirdim.
İndi mən tam əminəm ki, Heydər Əliyevin tutduğu yol Azərbaycanın uğurlu və təhlükəsiz inkişafının ən mühüm amilidir. Təbii ki, bu yol müəyyən düzəlişlərlə davam etdirilməlidir. Uzun illər və onilliklər boyu. Mən qətiyyətlə bunu gerçəkləşdirməyə çalışacağam.
***
Heydər Əliyev yeni, suveren Azərbaycanın siyasətində ilk cığır açan idi. Mənim işim daha asandır, çünki atam mənim üçün canlı nümunədir. Daha doğrusu, biz onunla vahid tamıq.
...Azərbaycan Prezidentinin seçkiləri 15 oktyabr 2003-cü ildə oldu. Ancaq bu hadisə çoxdan ölkəmizin əhalisinin diqqət mərkəzində idi.
Axı dövlət başçısını seçmək ən yüksək vəzifəni tutacaq bu və ya digər şəxsin ümumxalq səsverməsi yolu ilə mexaniki şəkildə müəyyənləşdirilməsi deyil. Bu, ölkənin bundan sonra gedəcəyi prioritet yolun seçilməsidir. Müəyyən namizədə səs verməklə xalq öz gələcəyini həll edir.
Dəyişiklikləri dayandırmaq, yaxud başqa istiqamətə yönəltmək bizim gənc, müstəqil dövlətimiz üçün dağıdıcı, bəlkə də öldürücü ola bilərdi. Yol vermək olmazdı ki, son onilliyin səyləri və müsbət nəticələri boş yerə itib-batsın. Axı bunlar necə böyük zəhmət hesabına başa gəlmişdi!
Seçkilərin nəticələrini təkcə bizim ölkəmizdə gözləmirdilər. Müxtəlif ölkələrdə başa düşürdülər ki, həm onlar üçün, həm də Azərbaycanla gələcək münasibətlər baxımından, bizimlə ticarət baxımından, bizim iqtisadiyyatımıza investisiya qoymaq baxımından, nəhayət, bütün regionun təhlükəsizliyi baxımından seçkilərin nəticələri həyati əhəmiyyətə malikdir.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, xaricdə Azərbaycanı diqqətlə izləyirlər, çünki o, dünya səhnəsində əsas oyunçulardan biridir. Onun gücünü və nüfuzunu Sovet İttifaqının keçmiş qonşu respublikaları ilə müqayisə etmək olmaz. Qonşu ölkələrdə, ələlxüsus siyasi elitanın təkamül yolu ilə labüd dəyişmə prosesinin getdiyi Mərkəzi Asiya respublikalarında hakimiyyətlə müxalifətin əhvali-ruhiyyəsi müəyyən dərəcədə 15 oktyabrın nə ilə qurtaracağından asılı idi.
Ancaq bəzi adamlar bugünün reallıqlarını nəzərə almaq zəhmətinə qatlaşmaq istəmirdilər. Bəzilərinə ancaq bircə hiss hakim idi: çılğın ehtiras və təkəbbür. Onlar siyasi "Olimp"ə dırmaşmaq arzusu ilə alışıb-yanırdılar.
Seçkilər ərəfəsində onlar necə də fəallaşmışdılar!
2003-cü ildə hələ seçki kampaniyasına qədər mən əmin idim ki, müxalifətçilər prezidentliyə vahid namizəd irəli sürmək məsələsində razılığa gələ bilməyəcəklər. Düzdür, ümumi mənafelər naminə şəxsi ambisiyalardan əl çəkmək barədə danışanda ağızlarına çullu dovşan sığışmırdı. Ancaq onlar sözdən əmələ keçmədilər. Hərçənd ki, çoxlu məsləhətləşmələr, görüşlər, əyləncə məclisləri keçirdilər! Bir əyləncə məclisində iştirak etmək üçün hətta uzaq xaricə də yollandılar.
Məlumdur ki, mətbu və elektron kütləvi informasiya vasitələri müasir cəmiyyətin aynasıdır. Müxalifət özünün əsas silahı kimi KİV-i seçdi. Bunlar da onun güzgüsü oldu. Bizim ölkəmizin tarixində hələ bu vaxtadək belə yöndəmsiz, açıq şəkildə təcavüzkar, həyasızlıqla çığır-bağır salan təbliğat kampaniyası olmamışdır. Heydər Əliyevin və mənim ünvanıma böhtan dolu, faktlara əsaslanmayan ittihamlar irəli sürülürdü. Üsyana, vətəndaş müharibəsinə açıq çağırışlar səslənirdi...
Nəticədə "cib" KİV-i öz ağaları üçün qaş qayırdığı yerdə göz çıxardı. Elektoratın hələ tərəddüd içində olan son hissəsi də müxalifətdən üz döndərdi. Cəmiyyətimizin böyük əksəriyyəti, hətta Heydər Əliyevə və onun oğluna həddən artıq loyallıqla məzəmmət edilə bilməyəcək insanlar belə qəzetləri "sarı mətbuat" adlandırır və onların adı gələndə iyrənirmiş kimi üz-gözlərini turşudurdular.
Öz aramızdır, müxalifət liderlərinin populist bəyanatları xaricdə də çox ağır nəticələr doğura biləcək bəyanatlar kimi qarşılanırdı.
Mən müxalifətçilər haqqında ona görə ətraflı danışıram ki, həm onların siması, həm seçkiqabağı mübarizənin qızğınlığı, həm də mənim və atamın əleyhinə ittihamların mahiyyəti aydın olsun. İttihamlar bu gün də bəzən KİV-də peyda olur. Həm də yalnız Azərbaycanda deyil.
Əminəm ki, tarix ən yaxşı hakimdir, tarix hər şeyi dəyərləndirir. Həmin zaman kəsiyində müxalifətçilərin fəaliyyətinə qiymət verildi.
Səsvermədən əvvəlki son iki həftə mən daha fəal, ikiqat, bəlkə də üçqat ererji ilə Heydər Əliyevin işini davam etdirmək hüququ uğrunda mübarizə apardım.
Nəhayət, 15 oktyabr gəlib çatdı. Xalqımız öz ölkəsinin bugünü və gələcəyi barədə öz sözünü demək üçün yeni minillikdə ilk dəfə olaraq prezident seçkilərində iştirak etdi.
Son dərəcədə inamlı nəticələr ortaya çıxdı. İki milyon yarım seçicinin 1 milyon 860 minindən çoxu mənə səs verdi.
Ən yaxın rəqibim İsa Qəmbər yalnız 14 faizə yaxın səs aldı. Əfsanəvi şəxsiyyət, 300-dən artıq neft və qaz yatağının kəşfində iştirak etmiş, Lenin və digər mükafatlar laureatı Fərman Salmanov demişdir: "Xalq kimə inandığını göstərdi. Mən artıq yaşlı bir adamam, ona görə də İsaya bunları deyə bilərəm: əgər sən o qədər səs alıbsansa, otur və sus, bizi, azərbaycanlıları rüsvay eləmə".
Bir neçə kəlmə də 15 oktyabrın dərsləri haqqında demək istəyirəm. Bu gün, tam dörd il keçdikdən sonra mən onları necə görürəm? Üstəlik, yeni prezident seçkilərinə elə də çox qalmayıb.
Birinci dərs. Sovet dövründən fərqli olaraq, müasir cəmiyyətdə "komanda" termini yaranmışdır ki, bu da seçki kampaniyasının az qala özəyidir. Mənə elə gəlir ki, bütövlükdə komandanın, ayrılıqda isə onun hər bir üzvünün mənəvi səviyyəsinə xüsusi fikir vermək lazımdır. Seçici ölkədəki yüksək vəzifə uğrunda mübarizə aparanların əxlaqi keyfiyyətlərini bilməli və nəzərə almalıdır.
İkinci dərs. Sadəcə olaraq səslərin arifmetik çoxluğunu almaq deyil, şərəfli, təmiz, gözəl qələbə qazanmaq vacibdir. Cəngavər qələbəsi! O, gələcək nəsillər üçün yüksək mənəviyyatın, demokratik mədəniyyətin konkret təzahürü və təntənəsi olar. Əsl gözəl qələbə - ideyaların və şəxsi mövqeyin, intellektin, nəhayət, taktika və strategiyanın qələbəsidir. Mən düşünürəm ki, seçkiqabağı mübarizədə iştirak edən siyasi qüvvələr, eynən xaricdə olduğu kimi, öz liderlərinin şərəfli və gözəl qələbəsinə nail olmaq barədə müqavilə bağlamalı və öhdəlik götürməlidirlər.
Üsüncü dərs. Mən buna xüsusi diqqət yetirmək istəyirəm. Siyasi mübarizə ilə küçə dava-dalaşı arasındakı fərqi başa düşməyən adamlar, mən deyərdim ki, cəmiyyətin vicdanlı hissəsinin səsinə və dəstəyinə bel bağlaya bilməzlər. Mən bəzi liderlərin özünü necə aparmasını müşahidə edərkən məşhur bir mahnının bu misrasını xatırladım: "Eşidirsinizmi, gumbuldayır çəkmələr?" Ancaq biz çəkmələrin gumbuldamasına yol verməyəcəyik.
Daha bir dərs haqqında. Prezident kürsüsü uğrunda rəqabət tarixdə yer tutmaq üçün yarışa və ölkənin keçmiş rəhbərlərinin şərəf və ləyaqətini təhqir etməyə çevrilməməlidir. Heydər Əliyevin fiquruna duyulan qısqanclıq insanı təhqir etməyə, ona qara yaxmağa heç bir əsas vermir. Bu, yolverilməzdir!
***
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi yekun sənədlərini gözdən keçirdi, səsvermə və bülletenlərin sayılması, yekun protokollarının tərtibi zamanı qanunçuluğa və demokratik normalara riayət edilməsini yüksək qiymətləndirdi. Yeni Prezidentin inauqurasiyası yaxın və uzaq xaricdən qonaqların iştirakı ilə 31 oktyabra təyin olundu.
Gizlətməyəcəyəm: mən bu günü həyəcanla, eyni zamanda da səbirsizliklə gözləyirdim.
Həmin gün haqqında xüsusi danışacağam. Axı həmin gün, artıq yazdığım kimi, mənim həyatımda ən əsas gündür.
Səhər yuxudan oyananda ağlıma gələn ilk fikir bu oldu: bu gün andiçmə olacaq! Lazımdır ki, hər şey yüksək səviyyədə keçsin, bu, yalnız şəxsən mənim üçün deyil, həm də bütün Azərbaycan üçün son dərəcə vacibdir.
Üstəlik, bizim ölkədə andiçmə ənənəsi yeni-yeni formalaşır.
Gördüm ki, ailə üzvlərim - həyat yoldaşım Mehriban, qızlarım Arzu və Leyla necə həyəcan keçirirlər. Zarafatla onlara ürək-dirək verdim:
- Qorxmayın, sizi pis vəziyyətə salmaram.
İnauqurasiya başlayana qədər Azərbaycan xalqı üçün müqəddəs yer olan Şəhidlər xiyabanını ziyarət etdim. Mən Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçmiş rəşadətli Vətən övladlarının məzarlarının önündən yavaş-yavaş keçdim, sonra isə "Əbədi məşəl"in önünə əklil qoydum.
İnauqurasiya mərasimi oktyabrın 31-də 16.30-da başladı. Respublika sarayının bayramsayağı bəzədilmiş zalında mən çoxlu tanış adam - Milli Məclisin deputatlarını, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələrini, din xadimlərini gördüm.
Xarici qonaqları, o cümlədən yüksək vəzifəli qonaqları zal alqışlarla qarşıladı. Onlardan dərhal sonra mən həyat yoldaşım və qızlarımla zala daxil oldum.
Hər şey çox təntənəli və gözəl keçdi. Marş sədaları altında ölkəmizin Silahlı Qüvvələrinin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını səhnəyə gətirdilər.
Azərbaycan Respublikasnın Konstitusiyası dinimizin müqəddəs kitabı Quranla yan-yana qoyulmuşdu. Mən tribunaya qalxaraq əlimi ölkəmizin Konstitusiyası üzərinə qoyub "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə" and içdim.
Sonra əlimi Quranın üzərinə qoyub bir daha and içdim. Bu dəfə Azərbaycan xalqının yüzilliklər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağıma, onları əziz tutacağıma and içdim.
Bizim dövlət himninin sədalarını eşidəndə məni, sözün əsl mənasında, həyəcan bürüdü. Himnimiz necə də əzəmətli səslənirdi! Mən himni lap ucadan oxumaqdan özümü güclə saxladım, axı bu sətirlər lap uşaqlıqdan mənim qəlbimdədir.
Musiqi susdu, tam sakitlik oldu. Məndən proqram çıxışı gözləyirdilər. Mən onu diqqətlə düşünmüş və tərtib etmişdim.
Məni hərarətlə alqışladılar və mən özümü qanadlanmış kimi hiss etdim. Bu, yalnız zalda toplaşanların münasibətilə əlaqədar deyildi. Mən bilirdim ki, azərbaycanlıların əksəriyyəti üçün bu gün bayramdır.
Bakıdakı Azadlıq meydanı 1998-ci ildən bəri belə nəhəng izdiham görməmişdi. Heydər Əliyevin inauqurasiyası münasibətilə keçirilən təntənələr məhz burada yekunlaşmışdı. Düz beş il sonra paytaxtın bayramsayağı bəzədilmiş baş meydanı on minlərlə insanı yenidən öz qoynuna aldı. İnsanlar dalğalanan dənizi xatırladırdı.
Təbii ki, mən keçmişdə nə elədiyim barədə fikirləşirdim. Ancaq indi mənim həyatımın növbəti və sanki yekun mərhələsi başlanırdı. Yox, mən bu sözü özümün və sağlamlığımın "finala yaxınlaşması" mənasında işlətmirəm. Sadəcə olaraq prezidentlikdən yuxarı vəzifə yoxdur. Belə yüksək zirvədə mən beynəlxalq arenada yalnız özümü deyil, bütün Azərbaycan xalqını təmsil edirəm. Əlbəttə, bu, məsuliyyətin nəhəng əlavə yüküdür. Həmin gün mən həyəcanla fikirləşirdim ki, bu yük nə qədər ağırdır və məni gələcəkdə nələr gözləyir...
Və başqa bir şey. Həyat yerində saymır. Yeni-yeni tələblər irəli sürülür, qarşınızda yeni məqsədlər yaranır. Əlbəttə ki, çətinliklər də olacaq. Heç olmasa bürokratiya və formalizmin aradan qaldırılması kimi. Təəssüf ki, onlar cəmiyyətimizin həyatında çox canıbərk qüsurlardandır.
Onlardan necə xilas olmalı! Bununla gərək hər kəs öz işində, öz sahəsində məşğul olsun. Təkrar edirəm: hələ bürokratizm və formalizm hər yerdə - təşkilatlarda, aşağıdan tutmuş yuxarı vəzifəli rəhbərlərədək və ayrı-ayrı şəxslərdə hökm sürür. Ona görə də biz onunla bütün sahələrdə yuxarıdan-aşağıya, aşağıdan-yuxarıyadək amansızlıqla mübarizə aparmağa borcluyuq. Üstəlik, bürokratiya və formalizm hakimiyyətin yüksək eşelonlarında da var.
Mən müxtəlif problemlərin həlli üçün mübarizəyə hazır idim və heç bir müqavimət qarşısında geri çəkilməməyə qərarlı idim. Əgər mən özümdə qüvvə hiss etməsəm, heç vaxt bu yolla getməzdim. Mən şübhə etmirdim ki, respublika vətəndaşlarının dəstəyi ilə qarşıdakı məsələlərin həllini bacaracağam.
Mən bir dəfə demişdim: "Azərbaycan xalqı görəcək ki, mən onun üçün yaxşı Prezident olacağam". Mən bu vədimi heç vaxt unutmadım və unutmayacağam. Mütləq yerinə yetirəcəyəm.
Təbii ki, inauqurasiyanın yalnız Bakıda deyil, bütün ölkədə bayram edilməsi məni hədsiz dərəcədə fərəhləndirdi. Gizlətmirəm, mən Heydər Əliyevə verilən yüksək qiyməti və onun oğlunun, Azərbaycanın yeni Prezidentinin ünvanına deyilən xoş sözləri fəxrlə dinləyirdim.
İlham Əliyev haqqında fikirləri mən müəyyən dərəcədə avans kimi qəbul etdim, ancaq eyni zamanda da özümə hesabat verdim: indi mənim üzərimdə böyük məsuliyyət var. Mən etimadı doğrultmağa məcburam!
Respublika sarayında təntənələrin başa çatmasından sonra keçən ilk saatlardan, hətta ilk dəqiqələrdən etibarən mən qarşımda duran əsas vəzifəni - insanların həyatını imkan daxilində sürətlə və səmərəli şəkildə daha yaxşı, daha xoşbəxt, daha təhlükəsiz etmək vəzifəsini yerinə yetirməyə başladım.
İnanıram ki, bunun üçün cəmiyyətimizdə demokratikləşdirməni daha da təkmilləşdirmək zəruridir. Fikir plüralizmi, insan haqlarının qorunması, söz azadlığı - cəmiyyətimiz bu təməllər üzərində möhkəm şəkildə dayanmalıdır.
Bu, Heydər Əliyev xəttinin davam etdirilməsi deməkdir. Mən bunu dəfələrlə xatırlatmaqdan yorulmuram: atam 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdanda dərhal ictimai-siyasi həyatın sabitləşdirilməsi, demokratiyanın möhkəmləndirilməsi, dövlətimizin müasir, çiçəklənən ölkəyə çevrilməsi üçün düşünülmüş və qətiyyətli yol seçdi.
2007-ci ili 1993-cü illə müqayisə etmək mümkün deyil. 2003-cü ilin payızında prezident seçkiləri günü Azərbaycan xalqı "demokratiya" fənnindən uğurla imtahan verdi. Mənə Heydər Əliyevin bütün ideya və düşüncələrini həyata keçirmək üçün "ön cəbhə xəttində" durmaq şərəfinin nəsib olduğu dövrdən artıq dörd il keçir.
Bəzən məni onun xələfi, varisi adlandırırlar. Bu, əsasən siyasi opponentlərin tezisidir.
Atam vaxtında onlara sərt cavab vermişdir:
- Həyatda hər şeyi mən özüm əldə etmişəm. Mənim oğlum olması onun günahı deyil. Mən çox istəyirəm ki, İlham Əliyev də hər şeyi özü əldə etsin. İlham Əliyev də bütün vətəndaşların malik olduqları hüquqa malikdir. O cümlədən də seçilmək hüququna malikdir. Mənim oğlum olması onu məsuliyyətdən azad etmir.
Mən isə əlavə edərdim: mən prezidentin varisi deyiləm, mən öz atamın varisiyəm, ailəmizin varisiyəm. Mənim atam prezident olmayanda da mən varisliyin məsuliyyətini hiss edirdim.
Hətta onu da qeyd edim ki, Heydər Əliyevin əsl varisi mənim oğlum, ailəmizin ən kiçik üzvü Heydər Əliyevdir.
Bəs siyasi varislik kimə qismət olub? Mən fikirləşirəm ki, o, haqlı olaraq atamın bütün xoş əməlləri uğrunda, onun siyasi yetirməsi olan Yeni Azərbaycan Partiyası uğrunda mübarizə aparan Azərbaycan xalqına çatmışdır.
Mənim tərəfdarlarım, yəni respublika əhalisinin böyük əksəriyyəti məni prezidentliyə namizəd göstərdi. Azərbaycan xalqı da mənə - Heydər Əliyevin siyasi kursunun davam etməsinə zəmanət verən namizədə səs verdi.
Mən dövlət "Olimpi"nə bu şəkildə çıxdım.
Bəzən məndən soruşurlar: "Nə üçün siz, prezident Heydər Əliyevin oğlu, yeni prezident oldunuz?"
Belə məqamda suala sualla cavab vermək ehtiyacı yaranır: "Nə üçün prezidentlərin oğulları prezident ola bilməzlər?"
Maraqlıdır, görəsən, ABŞ Prezidenti kiçik Corc Buşa bu sualı vermişlərmi? Axı məlum olduğu kimi, onun atası böyük Corc Buş eks- prezidentdir.
Yaxud başqa bir misal - Hindistan. Bu ölkə Asiyadakı ən demokratik ölkələrdən biridir. Onu hətta qeyri-Avropa demokratiyasının etalonu adlandırmaq olar. Məhz buradakı hakimiyyətin "qohum varisliyi" özünü daha qabarıq şəkildə göstərmişdir.
Cəvahirləl Nehru tarixə görkəmli dövlət xadimi kimi daxil olmuşdur. Onun qızı İndira Qandi parlaq siyasi fiqur idi. İndira Qandinin oğlu Raciv Qandi baş nazir oldu. Racivin faciəli ölümündən sonra siyasi arenaya onun dul qadını Sonya Qandi çıxdı. Onların hər biri hakimiyyətə demokratik yolla gəlmişdir və "qohum varislik" ölkənin inkişafına mane olmamışdır.
Rusiyadakı hakimiyyət dəyişikliyini də uğurlu saymaq olar: Yeltsin öz varisini seçdi və xalq seçkilərdə prezidentin təklifi ilə razılaşdı. Bu variantı V.Putin də seçdi.
Əgər Robert Kennedi faciəli şəkildə həlak olmasaydı, ABŞ-da da "demokratik sülalə" yarana bilər, dövlətin ən yüksək vəzifəsində qardaş qardaşı əvəz edə bilərdi.
Hakimiyyətin ailə üzvlərinin birindən digərinə keçməsi müasir dünyada özlüyündə antidemokratik fakt sayılmır. Belə hallar olub və olur. Varisin şəxsi keyfiyyətləri, tarix tərəfindən ona həvalə edilən missiyanı yerinə yetirmə bacarığı daha vacibdir.
Mən belə hesab edirəm ki, mənim vəziyyətim ikiqat çətindir. İlk növbədə ona görə ki, XXI əsrin əvvəllərində həm xalq üçün, həm də ölkə üçün çox şey etmək lazımdır. İkincisi, mən Heydər Əliyevin uğurlu yolunu davam etdirməli və bu zaman yeni zirvələr fəth etməliyəm. Mən həm xalq qarşısında, həm də onun indiki şəraitdə sadəcə olaraq alternativi olmayan siyasi irsini qorumaq və artırmaq baxımından atamın qarşısında cavabdehəm.

Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb