Bank Of Baku

Solçu Partiyaların Koordinasiya Şurası fəaliyyətini dayandırıb

Solçu Partiyaların Koordinasiya Şurası fəaliyyətini dayandırıb
# 06 fevral 2008 15:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Solçu Partiyaların Koordinasiya Şurası Azərbaycan Kommunist Partiyasının (AKP) bir qanadına rəhbərlik edən Rüstəm Şahsuvarovun bu qurumun sədri vəzifəsindən çıxması səbəbilə öz fəaliyyətini dayandırıb. Koordinasiya Şurasının həmtəsisçisi Azərbaycan Kommunist Partiyasının (marksizm-leninizm platformasında) sədri Telman Nurullayev APA-ya açıqlamasında bildirib ki, Ramiz Əhmədovun vəfatından sonra AKP-də baş verən çəkişmələr, qurum daxilində ciddi problemlərin olduğunu meydana çıxarıb. Onun sözlərinə görə, daxili çəkişmələr həll edilmədən Solçu Partiyaların Koordinasiya Şurasının yaradılması və bunun mətbuata açıqlanması siyasi səhv olub. Kommunist partiyaları ilə ikitərəfli əməkdaşlıqlarını davam etdirdiklərini deyən T. Nurullayev Koordinasiya Şurasının bundan sonrakı taleyi barədə hər hansı bir fikir söyləyə bilməyəcəyini də vurğulayıb. Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) sədri Musa Tükanov isə AKP-də gözləmə mövqeyində olduğunu deyib. Onun fikrincə, AKP-də sədr seçkisi bitdikdən sonra Koordinasiya Şurası öz fəaliyyətini bərpa edə bilər: “Artıq əsasnamənin hazırlanması və qurumun fəaliyyət istiqamətlərinin müəyyənləşməsi ilə bağlı bir çox işlər görülmüşdü. Rüstəm Şahsuvarovun partiya sədrliyindən getməsi prosesi ləngitdi. Bu, həmin partiyanın daxili işidir. Yəqin ki, yeni sədr seçiləndən sonra bu məsələnin üzərinə qayıdılar və şura öz fəaliyyətini dayandığı yerdən davam etdirər”. AKP-nin bir qanadının keçmiş sədri Rüstəm Şahsuvarov isə deyib ki, onun partiyadan uzaqlaşdırılmasının səbəblərindən biri də solçuların birlik yaratmaq cəhdini əngəlləmək olub. O, vaxtilə təmsil etdiyi qurumda solçuları birliyinə çalışacaq hər hansı şəxsin olmadığını da qeyd edib. AKP-nin həmin qanadının sədr müavini Seyidağa Muradov isə sədr seçkilərindən sonra digər məsələlərə vaxt ayrılacağını bildirib. S. Muradov solçular arasında birliyin tərəfdarı olduğunu da vurğulayıb. Qeyd edək ki, Solçu Partiyaların Koordinasiya Şurası yanvarın əvvəllərində Azərbaycan Kommunist Partiyasının (AKP) Rüstəm Şahsuvarovun rəhbərlik etdiyi qanadının, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) və Azərbaycan Kommunist Partiyası (marksizm-leninizm platformasında) təşəbbüsü ilə yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR