Bank Of Baku

Türkiyəni iki yerə parçalayan baş örtüyü uçurumu - TƏHLİL

Türkiyəni iki yerə parçalayan baş örtüyü uçurumu<font color=red> - TƏHLİL</font>
# 07 fevral 2008 11:46 (UTC +04:00)
Türkiyə parlamenti ali təhsil müəssisələrində baş örtüyündən (türban) istifadəyə icazə verən Konstitusiya dəyişikliyi təklifini birin oxunuşda qəbul etməklə yeni siyasi böhranın əsasını qoyub. Cəmiyyətdə bəlkə də Türkiyə Respublikası tarixinin ən irimiqyaslı parçalanmasına səbəb olan bu hadisə ictimaiyyəti faktiki olaraq iki hissəyə bölüb universitetlərə baş örtüsü ilə daxil olmağa qarşı çıxanlar və bu ideyanı dəstəkləyənlər. Artıq Türkiyə cəmiyyəti solçu, sağçı, mərkəzçi, milliyyətçi, radikal dindar, kürtçü, mühafizəkar, liberal və s. bu kimi siyasi cərəyanlar üzərində təşəkkül tapmış toplum kimi xarakterizə olunmur, ortada parçalanmanın konkret ayırıcı xətti var baş örtüsü. İndi cəmiyyəti parçalayan baş örtüsü adlı siyasi uçurumun bir kənarında AKP və MHP, digər kənarında isə sol və sağçı siyasi partiyalar var. Baş örtüsü Türkiyədə qarşıdan gələn bələdiyyə seçkilərinin nəticələrini də müəyyənləşdirəcək amilə çevrilib. Bələdiyyə seçkilərinin nəticələri bu ölçü vahidi ilə müəyyənləşəcək dünyəvi model tərəfdarları sol və sağ təmayüllü partiyaların, seçim zamanı dini baxışlara əsaslanaraq səs verənlər isə AKP və MHP namizədlərinə səs verəcəklər.
Son bir neçə ildə keçirilən seçkilərin nəticələri Türkiyədə dini təmayüllü elektoratın daha çoxsaylı olduğunu və getdikcə artdığını göstərir, bu səbəbdən bələdiyyə seçkilərində də dini elektoratın səsi həlledici rol oynayacaq. AKP-nin türban məsələsini niyə məhz hakimiyyətdə olduğu son 5 ildə deyil, məhz indi gündəmə gətirməsi məhz bələdiyyə seçkilərinə hesablanmış bir addımdır. Türkiyədə bələdiyyə seçkiləri siyasi partiyaların ən çox diqqət ayırdığı siyasi proses sayılır. Növbəti parlament və prezident seçkilərinin nəticələrini böyük miqdarda məhz bələdiyyə seçkilərinin nəticələri müəyyənləşdirir. Partiyalar bələdiyyələrdə daha çox yer qazanmaqla parlament seçkilərində uğurun əsasını qoymuş olurlar. Bu səbəbdən AKP-nin məhz bələdiyyə seçkiləri, yəni sadə seçicilərlə birbaşa təmasın vacib olduğu seçkilər öncəsi türban məsələsini gündəmə gətirməsi terror hadisələri, PKK-nın aktivləşməsi səbəbilə ictimai rəydə zəifləyən mövqelərini möhkəmlətməyə hesablanan bir addımdır.
Təbii ki, türban məsələsinin gündəmə gətirilməsində son parlament seçkilərindən sonra siyasi qüvvələr nisbətinin AKP-nin lehinə dəyişməsi də əhəmiyyətli rol oynayıb. Abdullah Gülün prezident seçilməsi (artıq parlamentdə qəbul olunan qanunun prezident tərəfindən təsdiqlənməməsi ehtimalı aradan qalxıb), ən əsası isə parlamentdə AKP ilə yanaşı dini məsələlərə həssaslıq nümayiş etdirən digər partiyanın MHP-nin təmsil olunması hakim partiyanın öz hədəfinə çatması üçün münbit şərait yaradıb.
Sözsüz ki, bu gün ən çox sual doğuran məsələlərdən biri MHP-nin universitetlərə baş örtüsü ilə daxil olmağa icazə verən Konstitusiya dəyişikliyi ideyasını nə üçün dəstəkləməsidir. Bu, ilk baxışdan təəccüblü məsələdir, əslində isə Türkiyədə elektoratına görə ən dindar partiya məhz MHP sayılır. Sadəcə MHP siyasi fəaliyyəti dövründə dindən heç zaman siyasi vasitə kimi istifadə etmədiyi üçün bu partiyanın imicində din faktoru o qədər də qabarıq nəzərə çarpmayıb. İndi isə türban məsələsi aktuallaşdığı bir dövrdə MHP faktiki olaraq seçim qarşısındadır. Milliyyətçilər ya AKP-nin təklifinə qarşı çıxaraq bələdiyyə seçkilərində müəyyən miqdarda seçici səsi itirməli, yaxud da bu ideyanı dəstəkləyərək Türkiyənin dünyəvi dövlət modelini dəstəkləyən qüvvələrdən uzaqlaşmalı idi.
Hər iki halda MHP-nin itirəcəkləri və qazanacaqları var. Türbana qarşı çıxmaq MHP-nin elektoratında ciddi narazılığa, bələdiyyə seçkilərində bu elektoratın başqa qüvvələrə meyllənməsinə səbəb olacaqdı. Bu ideyanı dəstəkləmək isə MHP-nin faktiki olaraq Türkiyənin dünyəvi dövlət modelini dəstəkləyən qüvvələrdən uzaqlaşması və “AKP ilə əməkdaşlıq edən partiya” imici qazanması ilə nəticələnəcəkdi. MHP hər iki halda itirəcəkdi, bu səbəbdən partiya ölkədaxili ictimai rəy ilə elektoratın qorunması arasında seçim edərək ikinci varianta üstünlük verdi. Sözsüz ki, bu addım MHP-yə bələdiyyə seçkilərində əlavə səs qazandıracaq, partiya ən azı AKP-nin narazı elektoratının bir hissəsini özünə meylləndirmiş olacaq. Amma MHP rəhbərliyinin baş örtüsü məsələsində AKP-yə dəstək verməsinin partiyada müəyyən parçalanmalara səbəb olacağı və partiyadaxili müxalifətin daha da boy qaldırması ilə nəticələnəcəyi şəksizdir.
Bu, siyasi partiyaların türban məsələsində hədəf, məqsəd və mövqelərinin analizidir. Bəs, müvafiq Konstitusiya dəyişikliyinin qəbulu ölkənin həyatına necə təsir göstərəcək? Uzun illərdən bəri türban məsələsi ölkədə dini və dünyəvi qüvvələrin maraqlarının toqquşduğu əsas amil olub. AKP-nin son addımı cəmiyyətdə ordunun timsalında bütün dünyəvi qüvvələrin məğlubiyyəti kimi dəyərləndirilir. Bu baxımdan ölkədə sonrakı proseslərin məğlublarla qaliblərin psixologiyasına uyğun, yəni açıq qarşıdurmalar formasında inkişaf etməsi ehtimalı artıb.
Türkiyənin ali təhsil müəssisələri siyasi qarşıdurmaların bir nömrəli səhnəsi hesab olunur. Qəbul olunan qərarın ali təhsil müəssisələrində baş örtüsünə qarşı çıxanlar və bunu müdafiə edənlərin qarşıdurmasına səbəb olacağı, bu toqquşmaların getdikcə cəmiyyətin digər sahələrinə təsir edəcəyi ehtimalı böyükdür. Digər tərəfdən bu qərar son illər böyük səbir nümayiş etdirən ordunun da ortaya konkret mövqe qoymasına gətirib çıxara bilər. İstənilən halda bu Konstitusiya dəyişikliyinin hansısa konkret tərəfin deyil, bütün Türkiyənin məğlubiyyəti anlamına gələcək hadisələrlə müşayiət olunacağı ehtimalı böyükdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR