Bank Of Baku

YAP Ermənistanın informasiya təxribatlarına qarşı mübarizədə əsas hədəflər mövzusunda dəyirmi masa keçirib

YAP Ermənistanın informasiya təxribatlarına qarşı mübarizədə əsas hədəflər mövzusunda dəyirmi masa keçirib
# 07 fevral 2008 12:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Ermənistanın informasiya təxribatlarına qarşı mübarizədə əsas hədəflər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə tarixçilər, millət vəkilləri və siyasi partiyaların nümayəndələri iştirak edib. Partiyanın icra katibi Əli Əhmədov ermənilərin onillər boyu Azərbaycana qarşı təbliğat və Azərbaycan torpaqlarına qarşı təcavüz siyasəti apardığını deyib. O bildirib ki, ermənilərin bu gün Naxçıvana və Azərbaycanın digər regionlarına ərazi iddiası irəli sürməsi onların bu adətlərindən əl çəkmədiyini göstərir. Prezident İlham Əliyevin İrəvanın tarixi Azərbaycan torpağı olması ilə bağlı bəyanatından sonra ermənilərin yenidən fəallaşdığını söyləyən Ə. Əhmədov Azərbaycan tərəfinin müdafiə mövqeyindən hücumçu təbliğat mövqeyinə keçməsinin vacibliyini vurğulayıb. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov tədbirdə məruzə ilə çıxış edib. O, İrəvanın, Göyçənin, Zəngəzurun tarixi Azərbaycan torpaqları olması ilə bağlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov isə ermənilərin əldə etdikləri nailiyyətləri üç səbəblə əlaqələndirib. Bunlar Azərbaycan xalqının qeyri-mütəşəkkilliyi, ermənilərin say baxımından az olmalarına baxmayaraq, mütəşəkkilliyi və dünyanın böyük güclərini maraqlarıdır. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu il Türkmənçay müqaviləsinin 180 ilinin tamam olacağını xatırladaraq bununla bağlı beynəlxalq konfransın keçirilməsini və tarixi faktların dünya dövlətlərinə çatdırılmasını təklif edib. Milli Məclis sədrinin müavini Bahar Muradova isə İrəvanın ermənilərə verilməsi faktı ilə bağlı Milli Məclisdə qaldırılan məsələlərin məqsədli olaraq bir qrup şəxs və mətbuat tərəfindən yanlış istiqamətə yönəldildiyini deyib: “Heç kim Xalq Cümhuriyyətini xəyanətdə ittiham etmir. Biz bu məsələni daxili mübarizəyə çevirməməliyik. Amma Xalq Cümhuriyyətinin elan olunmasının səhəri gün İrəvanın ermənilərə verilməsi müəmmalı qalır. Burada beynəlxalq güclərin hər hansı rolunun olması istisna edilmir”. Tədbirdə tarixçilər və digər iştirakçılar da mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR