Aland adaları - cəmi 27 min əhalisi olan 6757 adadan ibarət arxipelaqdır. Bu adalar uzun müddət Finlandiya kimi İsveçin işğalı altında olub. 1809-cu ildə Aland adaları və Finlandiyanı Rusiya işğal edib, 1856-cı ildə isə bu adalar qrupu silahsızlaşdırılmış ərazi elan edilib. 1917-ci ildə Sovet hökuməti qurulduqdan sonra Finlandiya müstəqillik qazanıb. Və bu zaman ortaya belə bir sual çıxıb Aland adaları kimə məxsusdur: Finlandiyaya, yoxsa İsveçə? Bəlkə bu adalar müstəqil olmalıdır? 1921-ci ildə Millətlər Liqasının qərarı ilə Aland adalarına Finlandiyanın tərkibində muxtariyyət statusu verilib. Bununla həm qanlı qarşıdurmadan qaçmaq mümkün olub, həm də Aland adaları Finlandiyanın tərkibində qalıb. Finlandiyanın bu vəziyyətdən uduşlu çıxıb-çıxmadığını söyləmək çətindir.
“Aland adaları əhalisinin cəmi 5 faizi fin dilində danışır, burada əsas danışıq dili İsveç dilidir. Bu səbəbdən də Finlandiya İsveç dilini ikinci dövlət dili kimi qəbul etməli olub”. Bu fikirləri Avropa Şurasının Milli Azlıqlar Konvensiyasına dair komitəsinin ikinci vitse-prezidenti Qunnar Canson söyləyir. Onun sözlərinə görə, milli azlıqların problemini həll etməyin müxtəlif metodları var, muxtariyyət onlar arasında ən yaxşısıdır. Canson qeyd edir ki, bunun üçün siyasi iradə nümayiş etdirmək lazımdır, bu kimi qərarların qəbulu demokratik cəmiyyətlərdə uğurlu nəticələrə gətirib çıxarır. Aland hökumətinin üzvü Qunnar Vesterxorn isə bizimlə söhbətində muxtariyyət ərazisində 16 bələdiyyənin fəaliyyət göstərdiyini bildirir. “Millətlər Liqasının 1921-ci ildə qəbul etdiyi qərara görə, Finlandiya bu muxtar bölgədə İsveç dilinin, mədəniyyətinin və yerli qanunların qorunmasına qarantiya verməlidir. Silahsızlaşdırma və neytrallıq isə beynəlxalq birlik tərəfindən təmin olunur”. Vesterxornun sözlərinə görə, Aland adalarının öz torpaqları, bayrağı, hava xətləri, markası, İnternet domeni (.ax) var. Burada İsveç və Rusiya konsulluqları, altı nazirlik, yeddi nazir, 30 deputatdan ibarət parlament, iki yerli qəzet və bir teleradio kanalı fəaliyyət göstərir. Aland parlamentində Finlandiyadan asılılığı olmayan altı partiyanın nümayəndələri təmsil olunurlar. Aland adaları xarici əlaqələrlə bağlı Finlandiya hökumətinin qərarlarına veto qoymaq ixtiyarına malikdir. Bundan başqa, bu adalar 200 yerlik Finlandiya parlamentində bir deputatla təmsil olunur. Vesterxornun sözlərinə görə, Aland adalarının rəhbərini Finlandiya prezidenti yerli parlamentlə məsləhətləşərək təyin edir. Dil, qanunvericilik və vergilər məsələsi isə Aland adaları ilə Finlandiya arasında dialoq yolu ilə öz həllini tapır. Aland adalarında toplanan bütün növ vergilər Finlandiya hökumətinin büdcəsinə köçürülür.
Qeyd edək ki, bu adaların iqtisadiyyatının əsas sahələri gəmiçilik, turizm və kənd təsərrüfatıdır. Yerli radionun xəbərlər xidmətinin redaktoru Bank Xanqus bizimlə söhbətində Aland adalarına bu cür muxtariyyətin kifayət etdiyini deyir: “Bizə bu muxtariyyət kifayətdir və Aland adalarına müstəqillik lazım deyil. Ötən il keçirilən seçkilərdə müstəqillik məsələsi ilə bağlı geniş diskussiyalar keçirildi və əhalinin 70 faizi buna qarşı çıxdı. Aland sakinləri hesab edir ki, onlara muxtariyyət kifayətdir. Bu vəziyyət insanlar üçün daha çox imkanlar yaradır, məsələn, yerli biznes üçün rəqabət aparmaq daha asan olur”. Bununla belə, jurnalist hesab edir ki, Aland sistemi münaqişələrin nizamlanması baxımından çox yaxşı olsa da, bunu digər münaqişələrə, o cümlədən Qafqaz regionundakı münaqişələrə tətbiq etmək çox çətindir.
Aland parlamentinin üzvü Barbro Sundbax da adalara tam müstəqillik lazım olmadığını bildirir: “Biz, ümumiyyətlə, müstəqillik istəmirik, hesab etmirəm ki, bu, bizə daha çox hüquqlar verəcək. Digər tərəfdən, Aland adalarının İsveçin bir hissəsi olması da ideal variant deyil. Bu da bizim üçün bir sıra problemlər yaradardı. Bizim İsveçlə çoxlu fərqliliklərimiz var. Ola bilər ki, biz nə zamansa müstəqil olacağıq, amma indi bu məsələ gündəlikdə durmur”.
Aland parlamentinin digər üzvü Rocer Canson da bizimlə söhbətində eyni fikirləri söyləyir: “Əgər insanların əksəriyyəti hesab etsə ki, Finlandiyanın tərkibində muxtariyyət statusuna malik olmaq onlara sərf etmir, o zaman müstəqilliklə bağlı referendum keçirilə bilər. Və biz tam şəkildə əminik ki, əgər bizim insanlar müstəqillik barədə qərar qəbul etsələr, bizim adalara Finlandiya qoşunları çıxarılmayacaq”. Rocer Canson əmindir ki, Aland adaları iqtisadi baxımdan müstəqilliyə hazır deyil.
Yeri gəlmişkən, Aland adaları Finlandiyadan muxtariyyət və İsveç dilinə hörmətlə yanaşılmasını tələb edən yeganə ərazi deyil. Helsinkidə nəşr olunan populyar qəzetlərdən birinin redaktoru Barbro Teyrin bizimlə söhbətində söylədiyi fikirlər daha maraqlıdır: “Ümumilikdə Finlandiyada İsveç dilində yeddi qəzet nəşr olunur, onlardan yalnız ikisi Aland adalarında dərc edilir. Finlandiyada Aland adalarından başqa muxtariyyət əldə etmək istəyən daha iki region mövcuddur. Bu gün ölkədə dil məsələsi əvvəllər olduğu kimi o qədər sərt şəkildə qoyulmayıb. Hazırda müxtəlif dil qruplarına məxsus insanlar arasında qarışıq nikahlar da bağlanır. Amma əgər ailə ikidillidirsə, o zaman uşaqlar bir qayda olaraq İsveç dilində təhsil verən məktəbə göndərilir. Həmişə bu məktəblərdə daha yaxşı təhsil verildiyi güman olunub. İndi Finlandiyada İsveç dilində yayımlanan telekanal fəaliyyət göstərir. Parlament üzvlərinin altı faizi isə İsveç dilində danışan vətəndaşlardır”.
Bəs sadə vətəndaşların bu məsələlərə münasibəti necədir? Aland adalarında əczaxanalardan birində satıcı işləyən Byorn soyadlı şəxslə söhbət edirik. O, hesab edirik ki, dil və öz müqəddəratını təyin etmək kimi məsələlər o qədər də mühüm deyil: “Əsas məsələ sülh və demokratik əhval-ruhiyyədə köklənmiş cəmiyyətdir. Çünki bu amillər insanların rahat yaşamasına imkan verir. Mənim həyat yoldaşım Helsinkidəndir, mən isə Aland adalarında doğulmuşam. Ailədə əsasən İsveç dilində danışırıq, aramızda bu dillərdən hansınasa nifrət yoxdur, əslində heç olmamalıdır da”.
Yerli barın müştəriləri Aland adalarına uzun ömür diləyən tostlar deyir, “Oland” deyə oxuyur və Finlandiya xokkey klublarına azarkeşlik edirlər. Onlar deyir ki, Aland sakinləri xoşbəxt insanlardır və onlar hər şeydən məmnundurlar. Amma Aland adalarında hamının Finlandiya tərkibində muxtariyyətdən razı olduğunu söyləmək də ədalətsizlik olardı. Burada olduğumuz müddətdə bir gecə təsadüfən yeni tanışlarımızın məclisinə düşürük. Onlar bizim jurnalist olduğumuzu, münaqişələrin həllində Aland modelinin tətbiqinə dair məqalə hazırladığımızı bilmirlər. Bizim Rusiyadan gəlmiş turistlər olduğumuzu zənn edən ev sahibəsi “Siz indi tipik İsveç məclislərindən birindəsiniz” deyir. Biz “Məgər biz İsveçdəyik” deyə etiraz edirik. Qadın təhərini pozmadan cavab verir: “Biz qəlbimiz və ruhumuzla İsveçə bağlıyıq, biz İsveçi sevirik”.
Finlandiyanın özündə, bəzi finlər Aland adalarının nə zamansa ölkə üçün problemə çevrildiyi və problemin necə həll olunduğu barədə dəqiq məlumata malik deyillər. Problemin mahiyyətinə bələd olanlar isə əllərini yelləyirlər: “Bizdə demokratik cəmiyyətdir, əgər Aland adalarının sakinləri muxtariyyət almaq istəyirlərsə, qoy alsınlar”. Bunu bizə Helsinkidən olan Robert adlı menecer söyləyir. Əlbəttə ki, Aland adaları problemini hələ də aktual məsələ hesab edən finlər və isveçlilər də var. Amma elə bir yer də var ki, orada Skandinaviya ölkələri arasında bütün münaqişə və mübahisələr o qədər də əhəmiyyət kəsb etmir. Helsinki və Stokholm, Stokholm və Mariexamn, Mariexamn və Helsinki arasında “Viking Line” adlı əyləncə gəmisi hərəkət edir. Burada isveçlilər, finlər və alandlılar və başqa millətlərin nümayəndələri eyni hüquqa malikdirlər. “Viking”də məşhur kayutlarından başqa, çoxlu barlar, pivə pabları, diskotekalar, gömrük vergisindən azad malların satıldığı mağazalar fəaliyyət göstərir, gəminin müvəqqəti sakinləri isə ağlı başından çıxana qədər içir, alış-verişlə məşğul olur, rəqs edir və sadəcə söhbətləşir, söhbətləşir, söhbətləşirlər. Bir-birini qucaqlayan isveçli Qreta və fin Marqaret az qala xorla deyirlər: “Bunlar hamısı sadəcə siyasətdir, bu məsələlərin bizə aidiyyəti yoxdur. Bizə sülh və demokratiya kifayət edər”.
Yeri gəlmişkən...
Aland adalarının rəsmi statistikasına görə, 2006-cı ilin mart ayından etibarən burada Azərbaycan vətəndaşı olan bir kişi yaşayır. Təəssüf ki, onu tapmaq mümkün olmadı. Burada hələlik ermənilər yoxdur, amma türklərə, iranlılara, ruslara rast gəlmək olar. Mariexamnda, qədim Bommaşen qalasının yaxınlığında köhnə bir müsəlman qəbiristanlığı var. Burada təqribən yüzə yaxın müsəlman dəfn olunub. Məzarlığın divarına vurulmuş lövhədəki yazılar bizi heyrətləndirir. Yazılardan məlum olur ki, bu məzarlıqda Rusiya imperiyası dövründə Qafqaz regionundan Aland adalarına sürgün edilmiş “tatar”lar dəfn olunub. Onlar Rusiya-Türkiyə müharibələri dövründə Türkiyəyə yardım etdiklərinə görə Qafqazlardan Aland adalarına sürgün ediliblər. Söhbətin həmvətənlərimizdən getdiyini təxmin etmək çətin deyil...