Bank Of Baku

Mark Perrin de Brişambo: “Azərbaycanın sabit və demokratik dəyərlərə əsaslanan cəmiyyət kimi inkişaf etmək üçün fövqəladə imkanları var” - EKSKLÜZİV

Mark Perrin de Brişambo: “Azərbaycanın sabit və demokratik dəyərlərə əsaslanan cəmiyyət kimi inkişaf etmək üçün fövqəladə imkanları var” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 12 fevral 2008 11:48 (UTC +04:00)
- Azərbaycanda mövcud durumu necə dəyərləndirirsiniz?
- Fikrimcə, ölkə qarşısında duran əsas məsələlər Dağlıq Qarabağ probleminin həlli və xarici əlaqələrinin gücləndirilməsidir. Buna baxmayaraq, inanıram ki, hazırda Azərbaycanın sabit, tərəqqi içərisində olan və demokratik dəyərlərə əsaslanan cəmiyyət kimi inkişaf etmək üçün fövqəladə imkanları var. Bu imkanlar Azərbaycandakı özünəməxsus iqtisadi vəziyyət və ölkənin iqtisadi artım sayəsində yaranıb. Lakin, bu imkanlardan tam şəkildə yararlana bilmək üçün Azərbaycan öz institutlarının müasirləşdirilməsi cəhdlərini davam etdirməlidir. Buraya demokratik sistemə doğru qəti şəkildə irəliləmək, bir sektordan asılılığı azaldan və qanunun aliliyinə əsaslanan bazar iqtisadiyyatını inkişaf etdirmək də daxildir. İndiyə kimi qeyd etdiyim sahələrdə bir çox nailiyyət əldə olunmasına baxmayaraq, bu istiqamətdə görüləsi çox iş var.
- Seçki komissiyalarının hazırkı tərkibi ilə prezident seçkilərinin azad və ədalətli şəkildə keçirilməsinin mümkünlüyünə inanırsınızmı? Əgər seçkilər beynəlxalq standartlara uyğun olmasa, ATƏT hansı tədbirləri görməyi planlaşdırır?
- ATƏT-ə üzv olan hər bir ölkə demokratik standartlara cavab verən seçkilər keçirməyi öz üzərinə öhdəlik kimi götürüb. ATƏT çərçivəsində həmin öhdəliklərin yerinə yetirilməsində ekspert məsləhəti və yardımını təmin etmək məqsədi ilə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da daxil olmaqla bir sıra strukturlar və institutlar yaradılıb. Hazırda DTİHB Azərbaycan hakimiyyəti və Avropa Şurasının Venesiya Komissiyası ilə birgə seçkilərlə əlaqədar əvvəllər irəli sürülmüş tövsiyələrin yerinə yetirilməsini müzakirə edir. Buraya seçki komissiyalarının ictimai etimadı təmin etməyə imkan verən tərkibə malik olması məsələsi də daxildir. Bundan əlavə, Seçki Məcəlləsinə ediləcək dəyişikliklərin yekun variantının bütün maraqlı tərəflərin iştirakı ilə müzakirəsi seçki prosesinə ictimai inamın artmasına töhfə verə bilər. DTİHB-nun seçki müşahidə missiyaları adətən ölkədə keçirilən seçkilərin ATƏT-in öhdəliklərinə nə dərəcədə cavab verdiyini qiymətləndirir və ən əsası, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün nəzərdə tutulmuş konkret addımların atılması üçün spesifik tövsiyələr irəli sürür.
- Azərbaycanda həbsdə olan jurnalistlərdən bir neçəsi azad edilib, lakin bəzi media mənsubları hələ də həbsdədir. ATƏT bu istiqamətdə hansı tədbirləri görmək fikrindədir?
- Biz dekabrda bir neçə jurnalistin əfv olunmasını müsbət qarşıladıq və bunu ölkədəki media ilə əlaqədar vəziyyətin təkmilləşməsinə və normallaşmasına doğru bir addım kimi qiymətləndirdik. Eyni zamanda, biz hələ də həbsdə olan jurnalistlərin sərbəst buraxılmasını təmin etmək üçün hakimiyyəti tələsdirməkdə davam edirik. Azərbaycan hakimiyyəti eyni zamanda jurnalist fəaliyyətinin kriminallaşdırılmasının qarşısını almağa imkan verəcək və mediaya ictimaiyyət nöqteyi-nəzərindən əhəmiyyət kəsb edən məsələləri mühakimə edilmək qorxusu olmadan işıqlandırmağa şərait yaradacaq hüquq islahatlarını keçirməyə davam etməlidir. Böhtan ilə əlaqədar qanunvericiliyin yenidən nəzərdən keçirilməsi bu istiqamətdə atılmış əhəmiyyətli bir addım ola bilər. ATƏT Azərbaycan hökumətini media azadlığı ilə əlaqədar ATƏT qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi sahəsində dəstəkləməyi davam etdirməyə hazırdır.
- ATƏT-in vasitəçiliyi ilə bir neçə dəfə Azərbaycan hökuməti ilə müxalifət arasında dialoq təşkil olunub. Lakin bu dialoqların yekununda konkret nəticələr əldə olunmayıb. Sizcə, bunun səbəbi nədir? ATƏT prezident seçkiləri öncəsi daha bir dialoq təşkil etməyi planlaşdırırmı?
- ATƏT hökumət qurumlarının siyasi partiyalar, eləcə də qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə dialoq qurmasını təşviq edir. Demokratik prosesin bir hissəsi olaraq siyasi partiyaların vəzifəsi ondan ibarətdir ki, onlar açıq debatda iştirak edərək cəmiyyətdə mövcud olan müxtəlif fikirləri müvafiq qaydada əks etdirsinlər və seçicilərə bariz seçim imkanı verən alternativ platformalar, ideyalar və proqramlar irəli sürsünlər. Bundan əlavə zəruridir ki, siyasi partiyalar mövcud gərginliyi azaltmaq və bir-biri ilə, xüsusilə qarşıdan gələn seçkilərlə əlaqədar ünsiyyət qurmaq sahəsində olan həvəssizliyi aradan qaldırmaq üçün əllərindən gələni etsinlər. Biz dərk edirik ki, əksər hallarda bu çox mürəkkəb bir prosesdir. Buna görə də, ATƏT bütün siyasi iştirakçılar arasında konstruktiv dialoq aparmağa hazırdır.
- Müxalifət partiyalarının nümayəndələri ATƏT də daxil olmaqla beynəlxalq təşkilatları Azərbaycan hökumətinə qarşı kifayət qədər sərt tədbirlər görməməkdə günahlandırırlar...
- ATƏT-in rolu üzv olan dövlətlərə təhlükəsizliyin hər üç sahəsində ATƏT qarşısında götürülmüş öhdəliklərə əməl edilməsində köməklik göstərməkdən və onlarla maraq kəsb edən məsələlər ətrafında əməkdaşlıq etməkdən ibarətdir. ATƏT-in Bakıdakı Ofisi bu əməkdaşlığı Azərbaycan hökuməti, siyasi partiyalar və ölkənin geniş vətəndaş cəmiyyəti dairələri ilə həyata keçirməkdədir. Bundan əlavə, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu dəstəyin verilməsində, xüsusilə tövsiyələr irəli sürməklə, fəal iştirak edirlər. Digər yandan, ATƏT-in Daimi Şurası ATƏT-ə üzv olan bütün dövlətlər arasında müntəzəm siyasi dialoq və fikir mübadiləsi təşkil edir ki, buraya Azərbaycandakı seçki prosesi ilə bağlı vəziyyət və media azadlığı ilə əlaqədar öhdəliklərin müzakirəsi də daxildir. Bizim məqsədimiz “sərt” olmaq deyil, Azərbaycan kimi ölkələri onların özü tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməsində dəstəkləməklə demokratik inkişafı təşviq etməkdən ibarətdir.
- ATƏT 2008-ci ildə Bakıdakı Ofisinin büdcəsini artırmağı planlaşdırırmı?
- 2008-ci ilin büdcəsi hələ də müzakirə mərhələsindədir. Üzv dövlətlər arasında yaranmış çıxılmaz vəziyyətə baxmayaraq, ATƏT bu vəziyyətin tezliklə aradan qalxacağına ümid edir. ATƏT-in Bakıdakı Ofisi öhdəsində olan bütün resurslardan səmərəli şəkildə istifadəyə davam edəcək. Bu məsələdə əsas diqqət seçki prosesi, polisin fəaliyyətinin demokratik standartlara uyğunlaşdırılması, məhkəmə sisteminin inkişafı, korrupsiyaya qarşı mübarizə və iqtisadiyyatın diversifikasiyasına yönəldiləcək.
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fəaliyyəti hələlik heç bir nəticə verməyib. Bəzi ekspertlər vasitəçiləri dəyişməyin məqsədəuyğun olduğunu iddia edirlər. Bu təklifi necə dəyərləndirirsiniz?
- ATƏT münaqişənin həlli ilə məşğul olan mövcud strukturlara etibar edir və Minsk Qrupunun işini dəstəkləyir. İstədiyimiz qədər irəliləyişə nail ola bilməsək də, məncə bu məsələdə vasitəçiləri günahlandırmaq səhv olar. Minsk Qrupunun həmsədrləri müştərək şəkildə razılığa səbəb ola biləcək həll yolunu tapmaqda tərəflərə yardım etmək üçün əllərindən gələni edirlər. Lakin, bunun baş tuta bilməsi üçün tərəflər özləri münaqişəni sülh yolu ilə həll etmək sahəsində siyasi iradə nümayiş etdirməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR