Bank Of Baku

Çingiz Dəmiroğlu: “AXCP-nin gücü Müsavatın bir rayon təşkilatının gücündən azdır”

Çingiz Dəmiroğlu: “AXCP-nin gücü Müsavatın bir rayon təşkilatının gücündən azdır”
# 12 fevral 2008 13:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. “Azadlıq” blokunun müxalifətin yeganə güc mərkəzinə iddia etməsi absurddur. Təkcə AXCP-də baş verən parçalanmalardan sonra bu partiyanın gücü Müsavat Partiyasının bir rayon təşkilatı qədər qalıb”. Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu APA-ya açıqlamasında bildirib ki, son beş il ərzində AXCP-də böyük parçalanmalar baş verib və nəticədə ziyalıların, professorların cəmləşdiyi Elçibəy fraksiyası Müsavat Partiyasına keçib. O, Azərbaycan Milli İstiqlal Partiyasında da bu prosesin yaşandığını vurğulayıb. Təmsil olunduğu “Beşliy”i daha güclü hesab edən Ç. Dəmiroğlu Tərəqqi Partiyasının sosial bazasının “Azadlıq” blokundan çox olduğunu söyləyib: “Beşlik çox güclüdür. Ötən il “Azadlıq” blokundakı partiyaların üzvlərinin sayı haqda açıqlama verilərkən aydın oldu ki, onların Tərəqqi Partiyasından 30 min az üzvü var. Dəfələrlə demişəm, indi də deyirəm. Seçki yoxdur-yoxdur, gəlin anketləri sayaq. Böyük kimdir, kiçik kimdir, səs kimdədir bilinsin. Kim özünü güclü hesab edir, qoy o fikirdə də qalsın”. Müxalifət düşərgəsində təmsil olunan partiyaların ayrı-ayrılıqda seçkidə uğur qazanmasının mümkünsüzlüyünü deyən partiya sədrinin fikrincə, heç bir partiya təkbaşına təmsilçilik məsələsində 5 min məntəqəni əhatə edə bilməz. O, bu gücün yalnız “Beşlik”də olduğunu qeyd edib. Ç. Dəmiroğlu müxalifət düşərgəsində təmsil olunan partiyalar arasında barışdırıcı funksiyanı öz üzərinə götürdüyünü də bildirib: “Çingiz Dəmiroğlu qədər müxalifətin daxilində sayılıb-seçilən ikinci bir adam olmayıb. Mən “Beşliy”in koordinatoruyam, “İyirmiliy”in ağsaqqalıyam. “ATA” blokunun sədriyəm. Kim məni eşitmir? İndiyə qədər bu cür qəbul edilən adam olub? Mən mərkəzdəyəm. Həm “Beşlik”dəyəm, həm “ATA” blokundayam, həm də “İyirmilik”dəyəm. Mən hər yerdəyəm. Bunlar arasında əlaqələrin yaradılması da mənə həvalə olunub”. AXCP sədrinin müavini Həsən Kərimov isə Ç. Dəmiroğlunun sözlərinə şərh verməkdən imtina edib: “Çingiz Dəmiroğlunun partiyasının AXCP-nin rayon şöbəsinin, dayaq dəstəsinin ilk özəyi qədər gücü yoxdur. Onun AXCP haqda söz deməyə mənəvi haqqı da yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR