Bank Of Baku

Azərbaycançı Qüvvələr Birliyinin bərpa olunması istiqamətində müzakirələr aparılır

Azərbaycançı Qüvvələr Birliyinin bərpa olunması istiqamətində müzakirələr aparılır
# 14 fevral 2008 15:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Azərbaycançı Qüvvələr Birliyinin (AQB) fəaliyyətinin bərpası ilə bağlı müzakirələrə başlanıb. Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov APA-ya açıqlamasında bildirib ki, bu məsələ onunla Azərbaycan Birlik Partiyasının (ABP) sədri Xudu Xuduyev arasında müzakirə olunduqdan sonra qurumun fəaliyyətinin bərpası barədə razılığa gəlinib. M. Səmədovun sözlərinə görə, bu prosesə Azərbaycan Fəzilət Partiyasının (AFP) da qoşulması məqsədəuyğun hesab oluna bilər. AFP-nın sədri Gündüz Hacıyevlə bu barədə hər hansı razılıq əldə edilmədiyini də diqqətə çatdıran M. Səmədovun fikrincə, AQB-nin bərpasına dair müttəfiq partiyalar arasında danışıqlara başlamaq üçün münbit şərait yetişib. Azərbaycan Birlik Partiyasının (ABP) sədri Xudu Xuduyev isə AİP sədri ilə çox məsələlərdə fikirlərinin üst-üstə düşdüyünü deyib: “Bu barədə düşünən partiyalarla bir blokda birləşmək olar. Yaxın vaxtlarda Mövsüm Səmədovla görüşüb, bu məsələləri müzakirə edəcəyik”. Onun sözlərinə görə, AQB-nin aktivləşməsi vaxtilə bu qurumu dəstəkləyənlər tərəfindən də müsbət qarşılanacaq. Azərbaycan Fəzilət Partiyasının sədri Gündüz Hacıyev isə təmsil etdiyi partiyanın hər hansı bir birliyə daxil olması haqda qərarının olmadığını bildirib: “Bu məsələni Siyasi Şurada müzakirə etməliyik. Hesab edirəm ki, uzun müddət fəaliyyət göstərmədiyindən AQB-nin cəmiyyətdə elə bir nüfuzu qalmayıb. AQB-nin fəaliyyətini bərpa etməklə cəmiyyətdə nüfuz qazanmaq isə çətin proses ola bilər. Bu addımın Fəzilət Partiyasının Siyasi Şurası tərəfindən müsbət qarşılanacağına da inanmıram. Amma AQB-nin bərpası ilə bağlı müraciət olunarsa, müzakirə edərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR