Bank Of Baku

Qənirə Paşayeva Ermənistanın addımlarının bölgədə vəziyyəti gərginləşdirməyə yönəldiyini bəyan edib

Qənirə Paşayeva Ermənistanın addımlarının bölgədə vəziyyəti gərginləşdirməyə yönəldiyini bəyan edib
# 14 aprel 2008 19:19 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Kosovo, Rusiya və Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müzakirələrdə azərbaycanlı millət vəkili Qənirə Paşayeva da çıxış edib. APA-nın Avropa bürosunun məlumatına görə, millət vəkili Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb, Ermənistanın BMT və AŞPA-nın qətnamələrinə məhəl qolmayaraq, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyini xatırladıb: “Qonşu Ermənistanda keçirilən son seçkilər, bu seçkilər ərəfəsində və seçkilərdən sonra baş verən proseslər Avropa Şurası, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarını narahat etməklə yanaşı, Cənubi Qafqaz bölgəsində gərginliyi artırıb. Bugünkü Ermənistan prezident Serc Sarkisyan seçki təbliğatı kampaniyasında və innaqurasiya mərasimində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə davam edən danışıqlar prosesinə zərbə vuran çoxsaylı açıqlamalar verib. Ən dəhşətlisi odur ki, rəsmi İrəvan Ermənistan prezidentinin seçkilərini işğal etdiyi Azərbaycan ərazilərində, Dağlıq Qarabağda, Laçın və Kəlbəcər rayonlarında keçirib. Bununla da rəsmi İrəvan beynəlxalq hüquq normalarını növbəti dəfə pozub, eyni zamanda münaqişənin dinc yolla nizamlanmasına dair Avropa Şurası qarşısındakı öhdəliyə əməl etmədiyini bir daha göstərib. Ermənistan rəhbərliyi seçkilərdən dərhal sonra ölkədə elan etdiyi fövqaladə vəziyyət rejiminə qarşı beynəlxalq təşkitlatların və ölkə ictimaiyyətin sərt reaksiyasını gördükdən sonra beynəlxalq təşkilatların və əhalinin diqqətini başqa istiqamətdə yönəltmək üçün bütün bölgə üçün təhlükəli olan təxribat xarakterli addımlara əl atıb. Martın 4-də Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq işğal etdikləri Azərbaycan ərazilərində qurduqları hərbi mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinə və dinc sakinlərə hücum ediblər. Ölən və yaralananlar olub. Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınsa da, gərginlik bu gün də davam edir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qurduğu mövqelərindən atəşkəs rejimini tez-tez pozaraq, snayperlərlə öz həyətlərində, əkin sahələrində işləyən dinc sakinləri hədəfə alır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur. Avropa Şurası Parlament Asambleyası Ermənistan rəhbərliyindən bölgədə vəziyyəti gərginləşdirən addımları dayandırmağı və 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb etməlidir. Əks halda, bölgədə vəziyyət daha da gərginləşəcək”.
Q. Paşayeva AŞ PA rəhbərliyini bu günlərdə Ermənistan parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş sənədlə tanış olamağa çağırıb. Onun sözlərinə görə, bu sənəd münaqişə ətrafında bölgədə vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Q. Paşayeva BMT- Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamənin qəbul olunduğunu, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiqləndiyini, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarını qayıtmasına imkan verməyə çağırıldığını vurğulayıb.
Ermənistandakı prezident seçkilərinə yanaşmadan danışan millət vəkili qeyd edib ki, demokratik və azad seçkilər, insan haqları və qanun aliliyinin qorunması və.s kimi Avropa Şurasının təməl sütunları olan dəyər və prinsiplərə yanaşmada ikili standartlara yol verilməməlidir: “Biz bir ölkədə bu sahədə baş verən pozuntulara loyal, digərinə kəskin münasibət bildirməklə Avropa məkanı insanları arasında təşkilata olan inamı və etimadı ciddi sarsıtmış oluruq. Ermənistan dövləti də Avropa Şurasının üzvü kimi qurumun norma və prinsiplərinə sadiq qalmalı, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR