Bank Of Baku

Azərbaycan paytaxtında “GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları” adlı beynəlxalq konfrans keçirilir

Azərbaycan paytaxtında “GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları” adlı beynəlxalq konfrans keçirilir
# 15 aprel 2008 08:53 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın tarixindən danışıb. Nazir GUAM-a daxil olan ölkələrin Avropa və Avro-Atlantik qurumlara üzvlüyünü özünə öhdəlik götürdüyünü, hazırda quruma Azərbaycanın sədrlik etdiyini söyləyib. Onun sözlərinə görə, GUAM ölkələri geosiyasi, iqtisadi inkişafa üstünlük verir. Mövcud münaqişələr isə bu ölkələrin iqtisadi inkişafına maneçilik törədir: “GUAM ərazisindəki mövcud münaqişələrin hamısı aqressiv separatizm tətbiq edilməklə yaranıb. Həmin ərazilər legitim qurumların nəzarətindən çıxıb. Münaqişələr regionda müxtəlif növ cinayətlər üçün şərait yaradıb, təhlükə və risklər üçün münbit şərait var. İnanırıq ki, münaqişələrin həllinin sülh yolundan başqa alternativ yoxdur. Amma münaqişələrin həllində yaranmış durğunluq beynəlxalq ictimaiyyəti narahat etməlidir. Bu münaqişələrin həllində beynəlxalq prinsiplərinin tətbiq olunması təmin edilməlidir. Münaqişələrin həllində ikili standart yanaşması etimadsızlıq yaradır”. Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski Ukraynanın dondurulmuş münaqişələrin həllinə böyük diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna münaqişələrin ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli dəstəkləyir. Ötən il Kiyevdə dondurulmuş münaqişələrə həsr olunmuş forumun keçirildiyini xatırladan səfir bu il də belə bir tədbirin planlaşdırıldığını bildirib. O, Kosovonun müstəqilliyini elan etməsi ilə yeni problemin ortaya çıxdığını söyləyib: “Separatçılar bu prosesdən istifadə etməyə başlayıblar. Ukrayna Kosovonu presedent saymır. Hər bir münaqişənin ayrıca həllini axtarmaq lazımdır”. Gürcüstanın re-inteqrasiya üzrə dövlət nazirinin müavini Dmitri Mandcavidze ölkəsindəki mövcud vəziyyətdən danışıb. O bildirib ki, GUAM dövlətlərinin münaqişələrin həllində prioritetləri olmalıdır: “Mövcud vəziyyət dözülməzdir və dəyişilməlidir. Gürcüstandakı münaqişələr Gürcüstanın ərazi bütövlüyü və bütün etnik qrupların maraqlarına uyğun həllini tapacaq. Bu münaqişələrin həllində Rusiya amili var, istənilən xarici faktorun müdaxiləsi qəbuledilməzdir. Gürcüstanda münaqişələrlə bağlı heç bir danışıq getmir, prosesə sıfırdan başlamalıyıq. Avro-Atlantik cəmiyyət münaqişələrin həllinə kifayət qədər diqqət yetirmir”. Moldovanın re-inteqrasiya üzrə dövlət nazirinin müavini İon Ptevila münaqişələrin həllinə beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət yetirmədiyini bildirib. Ciddi təhlükə və riskin ortaya çıxdığını deyən nazir müavini münaqişələrin yaranmasında və həllində oxşarlıqların olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, digərləri ilə müqayisədə Dnestryanı münaqişənin həlli daha asandır. GUAM-ın baş katibi Valeri Çeçalaşvili qurumun fəaliyyətindən danışıb, regional təşəbbüsün beynəlxalq təşkilata çevrildiyini deyib: “GUAM öz potensialı ilə yaranmış münaqişələrin həllinə nail ola bilər. Bu həll beynəlxalq hüquq prinsipləri çərçivəsində olmalıdır. Quruma üzv ölkələrdə separatçı rejimlərin gələcəyi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR