Bank Of Baku

Bakıda GUAM çərçivəsində keçirilən konfransda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək

Bakıda GUAM çərçivəsində keçirilən konfransda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək
# 15 aprel 2008 12:33 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda çıxış edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili bunu çox dəyərli təşəbbüs adlandırıb. Tədbirdə çıxış edən Polşa xarici işlər nazirinin müavini Andrjey Kremer hər bir münaqişənin öz dərin tarixinin olduğunu qeyd edib və onların həllinə inandığını söyləyib. Yerli icmaların görəcəyi işin hələ çox olduğunu hesab edən Kremer bəyan edib ki, Polşa GUAM-la mütəmadi və daimi əməkdaşlığa diqqət yetirir.
Latviya xarici işlər nazirinin müavini Edqards Skuya çıxışında GUAM ərazisindəki münaqişələrin Avropanın ümumi təhlükəsizliyinə böyük təhlükə törətdiyini deyib. Onun fikrincə, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti çərçivəsində münaqişələrin həllində böyük imkanları var. Bu imkanları reallaşdırmaq üçün iqtisadi və hüquqi islahatların gücləndirilməsini vacib sayan Edqards Skuya həlli uzadılmış münaqişələrin gələcək inkişafı ləngitdiyini deyib. Latviya rəsmisi bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyin qorunması prinsipləri çərçivəsində həll olunacağını deyib.
Litva xarici işlər nazirinin müavini Yaroslav Neveroviç GUAM-ı əməkdaşlıq üçün yaxşı məkan adlandırıb. Litvanın regional əməkdaşlığa xüsusi diqqət yetirdiyini, üç Baltikyanı ölkənin əməkdaşlıq etməsinin onların Avropaya inteqrasiyasına təkan verdiyini deyən nazir müavini bəyan edib ki, əsas hədəfləri demokratiyanı Şərqə doğru inkişaf etdirməkdir. “Litva Cənubi Qafqaz respublikalarının ərazi bütövlüyünü dəstəkləyir” deyən Neveroviç ölkəsinin gələn il ATƏT-ə sədrlik edəcəyini və bundan istifadə edərək münaqişələrin həllinə xüsusi diqqət yetirəcəyini söyləyib.
İsveçrə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Pyer Helo ölkəsinin münaqişələrin həllində təcrübəsindən danışıb. O, münaqişələrin ərazilərin bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.
Sloveniya Xarici İşlər Nazirliyinin siyasətin planlaşdırılması və çoxtərəfli münaqişələr məsələləri üzrə baş direktoru xanım Anita Pipan ölkəsinin Avropa İttifaqına sədrlik etdiyini və münaqişələrin həll olunmasının prioritet məsələlərdən biri olduğunu söyləyib. O hesab edir ki, münaqişələrin həll olunması üçün konstruktiv siyasi dialoq və danışıqlar yolu ilə kompromislərə nail olmaq lazımdır.
Rumıniya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru George Mageru münaqişələrin regional təhlükəsizliyə böyük təhlükə törətdiyini deyib. “Dağlıq Qarabağ münaqişəsinin fərqli bir xüsusiyyətə malik olduğu üçün fərqli həll yolunu tələb edir”. O bəyan edib ki, separatist rejimlər tanınmamalı, qeyri-qanuni hərbi qüvvələr tərksilah edilməlidir.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti Osman Faruk Loğoğlu bəyan edib ki, münaqişələrin həlli zamanı ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinə hörmət edilməlidir. O, apardığı müşahidələrdən belə nəticə çıxarıb ki, vaxtın uzadılması münaqişələrin həllinə mane edir, beynəlxalq ictimaiyyət münaqişələrin həllinə az diqqət yetirir: “Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fəaliyyəti məsələnin həllini ləngidir. Bununla da münaqişələrin həlli perspektivləri azalır, radikallıq çoxalır, digər separatçı qruplar Kosovo presedentindən ruhlanır. Münaqişələrin həlli BMT çərçivəsində həyata keçirilməli və beynəlxalq ictimaiyyətin diqqəti altında olmalıdır. Uğur o zaman ola bilər ki, regional təşkilatlar, o cümlədən GUAM münaqişələrin həllinə dəstək versin”. Konfrans işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR