Bank Of Baku

Əli Nağıyev: “Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələr çox intensiv inkişaf edir”

Əli Nağıyev: “Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələr çox intensiv inkişaf edir”
# 15 aprel 2008 12:45 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Azərbaycan və Belarus arasında ikitərəfli əlaqələr çox intensiv inkişaf edir. Tərəflər arasında keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sazişlər buna sübutdur. Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, bu müqavilələr artıq səmərəsini verir. Hər iki ölkə arasında məhsuldar işin nəticəsi kimi il yarım ərzində ticarət dövriyyəsinin üç dəfəyə qədər artmasını göstərmək olar. Əlaqələrimizin iri addımlarla inkişafına bir sübut da payızda Azərbaycanda Belarus Mədəniyyət Günlərinin keçirilməsinin planlaşdırılmasıdır”. Bu sözləri APA-ya eksklüziv müsahibəsində Azərbaycanın Belarus Respublikasındakı səfiri Əli Nağıyev deyib. O, Azərbaycanla Belarus arasında kənd təsərrüfatı və sənaye sahəsində münasibətlərin kifayət qədər intensiv templə inkişaf etdiyini bildirib: “Məlumdur ki, Belarusdan Gəncə Avtomobil Zavoduna traktor hissələri gətirilir və burada komplektləşdirilir. Hazırda Bakı Avtomobil Zavoduna da Belarusda istehsal olunan MAZ-ın detallarının gətirilməsi və komplektləşdirilməsi imkanları araşdırılır. Azərbaycandan Belarusa isə nar konsentratı və şirəsi, o cümlədən konservləşdirilmiş məhsullar, pambıq, tütün və az həcmdə meyvə-tərəvəz ixrac olunur. Kimya sahəsində əməkdaşlıq və birgə soyuducu istehsalına gəlincə isə, bu barədə hələ danışıqlar aparılır”. Ə. Nağıyev Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında məhsuldar əməkdaşlığın mövcud olduğunu da söyləyib: “Hesab edirəm ki, bu barədə Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirlikləri tərəfindən daha ətraflı açıqlama verilə bilər”. Səfir Belarusdakı Azərbaycan diasporasının fəaliyyətini bəzi ölkələrlə müqayisədə kifayət qədər aktiv, bəziləri ilə müqayisədə isə o qədər də fəal olmayan fəaliyyət kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR