Bank Of Baku

Kosovoda üçüncü rəsmi dil böhranı Təhlil

Kosovoda üçüncü rəsmi dil böhranı <font color=red> Təhlil </font>
# 21 aprel 2008 08:35 (UTC +04:00)
Yeni Əsas Qanun Kosovonun üçüncü rəsmi dilinin türk dili olub-olmayacağını müəyyən edəcək. Bu məsələ Priştina liderləri üçün də həssas problemdir, çünki Kosovonu tanıyan və ona dəstək verən ilk dünya dövlətləri içərisində Türkiyə də yer alır. Keçən həftə hazırlanan Konstitusiya layihəsi artıq parlamentə göndərilib. 40 bölmə və 160 maddədən ibarət sənəd qanunverici orqanın xüsusi komissiyası tərəfindən tərtib olunub. Sənəddə Kosovonun müstəqil və suveren dövlət olması, parlament üsul-idarəsinə əsaslanması öz əksini tapıb. Serb icması tərəfindən rədd olunan sənəd əyalətin türk icmasının lideri, Konstitusiya komissiyasının üzvü Mahir Yağçılar tərəfindən də imzalanıb. Yeni Əsas Qanun iyunun 15-də qüvvəyə minəcək. Amma türk icması layihədən o qədər də məmnun deyil. Buna səbəb türk dilinin ölkənin rəsmi dilləri sırasına daxil edilməməsidir. Yeni Konstitusiya Ahtisaari planını təkrarlayaraq, yalnız alban və serb dillərini Kosovonun rəsmi dilləri elan edir. Türk icmasını siyasi səviyyədə təmsil edən Kosovo Demokratik Türk Partiyasının və qeyri-hökumət təşkilatlarının bu məsələ ilə əlaqədar irəli sürdükləri təkliflər Priştina rəsmiləri tərəfindən qulaqardına vurulub. KTDP-nin 120 yerlik Kosovo parlamentindəki üç deputatından biri olan Enis Karvan Konstitusiya layihəsinin əleyhinə səs verəcəyini açıqlayıb: “Konstitusiya komissiyasının təqdim etdiyi layihənin 5-ci maddəsi ilə bağlı partiya və türk icması adından irəli sürdüyümüz təkliflər nəzərə alınmayıb. Ona görə də mən bir türk deputat olaraq parlamentdə yeni Konstitusiyanın əleyhinə səs verəcəyəm”.
Qeyd edək ki, Kosovo türklərinin mövcudluğu 1951-ci il siyahıyaalmasına qədər rəsmi sənədlərdə göstərilməyib. 1953-cü ildən etibarən yerli türklərin kütləvi şəkildə Türkiyəyə miqrasiyasına baxmayaraq, 1961-ci il siyahıyaalmasında Kosovoda 33 min türkün yaşadığı qeydə alınıb. Kosovo Statistika İdarəsinin 2005-ci ilə olan məlumatına əsasən, türk icması hazırda əyalət əhalisinin 1%-ni təşkil edir. Türki icması əsasən Prizren (15-29%) və Mitrovitsa (14%) şəhərlərində məskunlaşıb. Prizrenin şimalındakı Mamuşa kəndi isə türk icmasının əksəriyyət təşkil etdiyi yeganə yaşayış məntəqəsidir. Mübahisəli 5-ci maddə rəsmi dillərin alban və serb dilləri olduğunu təsdiqləyir, türk dili isə türk icmasının yaşadığı bələdiyyələrdə rəsmi dillərlə bərabər istifadə olunacaq. Halbuki Kosovonun muxtar əyalət olaraq yenidən təşkil olunduğu 1974-cü il Konstitusiyasına görə əyalətin üçüncü rəsmi dili türk dili olub və bu vəziyyət Kosovonun muxtariyyətinin ləğv edildiyi 1989-cu ilə qədər davam edib. 1999-cu ildə Kosovoda aparılan sülhməramlı əməliyyatların nəticəsi olaraq yaradılan BMT nəzarətindəki müvəqqəti idarə qurumu (UNMİK) tədricən türk dilinin əvvəlki statusunu regional statusla əvəzləmək xətti yeridib. UNMİK-in 1999-cu il tarixli 24 saylı qərarına əsasən rəsmi dillər kimi alban, serb və ingilis dillərindən istifadə olunacağı elan edilib. 2001-ci ildə qəbul olunan Kosovonun müvəqqəti Konstitusiyasında da eyni kurs davam etdirilib. Həmin dövrdə türk icması ilk mülki vətəndaş sənədləşmələri türkcə aparılmadığına görə prosesi boykot etmiş və bu aksiya KTDP tərəfindən dəstəklənmişdi. Uzun mübarizədən sonra 2006-cı il avqustun 3-də Kosovo parlamentinin rəhbəri, baş nazir və KDTP sədri arasında əldə olunan kompromisə əsasən türklərin məskunlaşdıqları bələdiyyələrdə təşkil etdikləri faizdən asılı olmayaraq türk dilinin rəsmi dil statusuna malik olması qərara alınıb. Eləcə də “Səyahət sənədləri haqqında” qanunda KTDP-nin təklifi ilə pasportların bələdiyyələrin rəsmi dilində verilməsi qərarlaşdırılıb. 30 bələdiyyədən ibarət Kosovoda türk dilinin rəsmi dil olduğu bələdiyyələrdə (Qnilan, Vuçitrn, Prizren və Priştina) pasportlarda türkcə yazılara yer veriləcək. Kosovonun ətraf mühit və urbanizasiya naziri, KTDP-nin sədri Mahir Yağçıların irəli sürdüyü Konstitusiyaya dəyişiklik təklifinə əsasən türk icmasının kompakt yaşadığı bələdiyyələrdə türk dilinin rəsmi statusa malik olması, icma üzvlərinin ana dillərində təhsil almaq, qəzet və jurnal nəşr etmək hüququ əldə etməsi nəzərdə tutulur. KTDP-nin keçmiş üzvü Aysel Qaş türk dilinin rəsmi dil statusunun aradan qaldırılmasına yönəlmiş cəhdlərə qarşı imza kampaniyasına başlandığını elan edib: “Kampaniyaya maraq böyükdür. İmzalar toplandıqdan sonra qeyri-hökumət təşkilatlarına, siyasi qurumlara, KİV və digər təşkilatlara göndəriləcək”. Kosovoda alban çoxluq və türk azlıq arasında yaranmış mübahisə Türkiyə tərəfindən sükutla izlənsə də, Ankaranın bu məsələdə olduqca həssas mövqedə olması təbiidir. Çünki türk dili Türkiyə və tanınmamış Şimali Kipr Türk Respublikasından başqa heç bir dövlətdə rəsmi dil statusuna malik deyil. Əgər Kipr adasında vahid federativ dövlətin yaradılmasına yönəlmiş sülh danışıqları uğurla nəticələnərsə, o zaman türk dilinin Avropa Birliyinin sayı 20-ni keçən rəsmi dilləri sırasına daxil edilməsi məsələsi aktuallıq qazanacaq. Digər tərəfdən isə Kosovonun Türkiyənin dəstəyinə güclü ehtiyacı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR