“Azərbaycanda belə hesabat xarakterli rüblük, yarımillik və illik müşavirələr ənənəyə çevrilsə də, dünyanın və ölkəmizin koronavirus kimi qlobal təhlükə ilə üzləşdiyi və mübarizə apardığı bir zamanda dünən Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirənin xüsusi önəmi və əhəmiyyəti var”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.
Müşavirədə ilin ilk rübündə görülən işlərin keçən ilin müvafiq rübü ilə müqayisəli təhlil aparıldığını qeyd edən millət vəkili deyib ki, Prezident İlham Əliyevin müşavirənin açılışında və müşavirə boyu çıxışındakı səsləndirdiyi fikirlər təkcə hökumət üzvlərinə, icra strukturlarının yüksək vəzifəli şəxslərinə deyil, əslində, həm də ümumən ictimaiyyətə ünvanlanıb, bu, bir çağırışdır: “Koronavirus probleminin dünyada fövqəladə bir durum yaratmasını nəzərə alaraq, dövlət başçısı bu çıxış ilə bir daha xalqa səfərbərlik, milli birliyimizi və həmrəyliyimizi qorumaq üçün çağırış edirdi. Eyni zamanda kimliyindən, tutduğu vəzifədən və siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətçiliyimizin, müstəqilliyimizin, azadlığımızın, milli birliyimizin, iqtisadi müstəqilliyimizin, maliyyə sabitliyinin qorunmasında hər kəsin çox ciddi məsuliyyətinin olduğunu xüsusi vurğuladı.
Onu da qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son iki ildə məhkəmə-hüquq sistemində, iqtisadi, sosial və siyasi sahədə ciddi islahatlar, korrupsiya qarşı uğurlu mübarizə aparılıb, idarəetmə mexanizmi daha da təkmilləşdirilib, idarəçilikdə gəncləşmə siyasətinin, qanunverici hakimiyyətdəki köklü müsbət dəyişiklərin şahidi olmuşuq. O cümlədən siyasətdə yeni konfiqurasiya, iqtidar-müxalifət dialoqunun uğurla aparılması göz önündədir. Bu gün biz bu siyasətin nə qədər müdrik və uzaqgörən bir siyasət olduğunu görürük. Əsas məqsəd demokratik yolla daha qəti addımlarla irəliləməkdir”.
M. İbrahimqızı nəzərə çatdırıb ki, yaxın tarixdə tanınmış iqtisadi təhlil mərkəzləri qarşıdakı illərdə dünyada neftin qiymətinin kəskin aşağı düşəcəyini proqnozlaşdırmasalar da, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını prioritet kimi müəyyənləşdirib və dövlət başçısının tapşırıqları ilə hökumət bu sahədə mühüm işlər görüb. Bu da bir daha Prezident İlham Əliyevin uzaqgörənliyini təsdiqləyir. Digər tərəfdən, dövlət başçısı xalqımızın sağlamlığı və rifahının təmin olunmasını hər zaman diqqət mərkəzində saxlayıb: “Prezident müşavirədə çıxışında da dünyada və ölkəmizdə koronavirusun yaratmış olduğu vəziyyəti təhlil edərək, hazırkı durumda dövlətimizin ən əsas məqsədinin xalqın və hər bir vətəndaşın sağlığının və həyatının qorunmasının ən əsas məqsədi olduğunu dəfələrlə vurğuladı. Eyni zamanda iqtisadi və maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin koronavirusun neqativ təsirindən maksimum dərəcədə qorunması məqsədilə bütün imkanlardan istifadə edildiyini və postkoronavirus dönəmində də bu siyasətin davam etdiriləcəyini bəyan etdi. Bu ilin birinci rübü, xüsusən də yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərin yüksək olması ölkəmizdə həyata keçirilən islahatların uğurlu olmasını ortaya qoyur. Sözsüz ki, koronavirusdan qaynaqlanan bəlalar və problemlər gözlənilməz idi. Prezident çıxışında koronavirusun dünyada qeyd alındığı gündən ölkəmizdə bütün hazırlıq işlərinin, xüsusən də itkilərin minimum az olmasına yönəlik önləyici, profilaktik tədbirlərin görüldüyünü nəzərə çatdırdı. Dövlət başçısı bildirdi ki, bu problemin coğrafiyası və ayrı-ayrı ölkələrdə vurduğu zərbələrin dərəcəsini, pandemiyanın hansı sonluqla və nə zaman bitməsinin naməlum olmasını nəzərə alaraq, bundan sonrakı dövr üçün dövlətin çox ciddi və qəti addımlar atması, islahatların daha sürətlə davam etdirilməsi zəruridir. Çünki bu gün pandemiyanın gedişi göstərir ki, koronavirus bütün dünya üçün böyük bəladır, dünya iqtisadiyyatı üçün böyük problemdir, artıq bəşəriyyət yeni bir mərhələyə qədəm qoyub. Təbii ki, yeni mərhələnin də yeni tələbləri və çağırışlar yaranır.
Ölkəmizdə zamanında qabaqlayıcı tədbirlər görülməsəydi, bizim ölkəmizdə iqtisadi itkilər dəfələrlə çox olardı. Sözsüz ki, Prezident İlham Əliyevin uzaqgörənliyinin və qəbul etdiyi rasional qərarların nəticəsində bu itkilər minimal olub. Digər tərəfdən, bu gün ölkəmizdə koronavirusla mübarizə nəzarət altındadır və bu sahədə Azərbaycan dünyada ən nümunəvi ölkələri arasındadır. Yeri gəlmişkən, baxmayaraq ki, hələ bu pandemiya özünün “çiçəklənmə” dövrünü yaşayır, artıq hətta bir çox inkişaf etmiş dövlətlər dərin iqtisadi böhran içərisindədir və borc üçün Beynəlxalq Valyuta Fonduna, eləcə də Dünya Bankına müraciət ediblər. Fəxrlə deməliyik ki, məhz möhtərəm Prezidentimizin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir ki, ölkəmizin adı bu siyahıda yoxdur”.
Millət vəkili vurğulayıb ki, bu gün koronavirus pandemiyası fonunda əslində dünya gözəgörünməz bir düşmənlə müharibə vəziyyətindədir. Bu isə dövlətlər və xalqlar arasında daha sıx əməkdaşlığı, həmrəyliyi zəruri edir: “Buna baxmayaraq, işğalçı Ermənistan yenə öz xislətinə uyğun hərəkət etməkdədir. Martın 31-də Azərbaycanın işğal olunmuş torpaqlarında işğalçı Ermənistan dövləti tərəfindən qeyri-qanuni seçkilər keçirilib. Nüfuzlu beynəlxalq təşkilatlar və dövlətlərin işğalçı dövlətin bu addımını pisləməsi, qeyri-qanuni seçkiləri tanımaması fonunda Avropa Şurası Parlament Assambleyasının susqunluğu diqqət çəkməyə və təəssüf doğurmaya bilməz. Bu, ədalətsiz bir mövqedir və dövlət başçısı da çıxışında bu məqamı qeyd etdi. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Ermənistanın işğalçı siyasəti ifşa olunmaqdadır və bu ilin ötən dövrü ərzində də bu siyasət uğurla davam etdirilib. Elə Münhen Təhlükəsizlik Konfransında da Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini ifşa etdi, dünya ictimaiyyəti qarşısında bu ölkənin Baş Naziri Nikol Paşinyana tarix və hüquq dərsi keçdi”.
O, Prezident İlham Əliyevin müşavirədəki çıxışında hər vətəndaşa yönəlik konkret çağırışlar səsləndiyini vurğulayıb: “Ölkəmizə qarşı işğalçı Ermənistanın təcavüzkar mövqeyini xaricdən dəstəkləyən ermənipərəst qüvvələrin təzyiqi və təxribatları çirkli formada davam edir. Paralel olaraq ölkəmizdəki beşinci kolon da bu şərəfsiz missiyanı həyata keçirir. Bu mənada dövlətçiliyimizin və müstəqilliyimizin sarsıdılmasına yönələn bu təhlükəyə qarşı vətəndaş mövqeyinin daha qəti formada ortaya qoyulması zamanın tələbidir. Müşavirədə möhtərəm Prezidentimiz bu şərəfsizliyi özlərinin həyat kredosu hesab edən beşinci kolonun tarixi keçmişini çox ətraflı təhlil edərək, təhlükənin heç də ermənipərəst qüvvələrdən fərqlənmədiyini bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Bu gün ölkəmizin aparıcı ziyalıları, siyasətçiləri ardıcıl olaraq bu qüvvələrə qarşı münasibət bildirsələr də, təəssüf ki, hələ də beşinci kolonun çirkli niyyətlərini gerçəkləşdirmək yönündə cəhdləri davam edir. Görünür ki, ermənipərəst qüvvələrlə bərabər sırada dayanan bu qüvvələrə qarşı daha ciddi qərarların qəbulunun zamanı çatıb. Bu mənada qanunverici orqanın da müvafiq addım atacağına əminəm. Beşinci kolon tarixin zibilxanasına atılsa da, görünür ki, bu qüvvələr gələcək fəaliyyətlərini zibilxanada davam etdirməyi məram hesab edirlər. Bütün bunları nəzərə alaraq, ölkəmizin gələcəyi, dövlətimizin və müstəqilliyimizin qorunması, inkişafımız, rifahımız və iqtisadi stabilliyimiz naminə cəmiyyətin bütün təbəqələri arasında birliyə və həmrəyliyə daha çox ehtiyac var. Milli maraqlarımız, birlikdə daha güclü olmağımız, dünya birliyində müstəqil dövlətin ləyaqətli vətəndaşı kimi təmsil olunmağımız naminə bu tarixi dövrdə daha məsuliyyətli olacağımıza və vəzifəmizi yerinə yetirəcəyimizə əminəm”.