Terrorizm ötən əsrin əvvəllərindən bütün dünyada sülhü, sabitliyi və xalqların rifahını təhdid edən əsas qlobal çağırışlardan birinə çevrilib. Son illərdə ortaya çıxan çoxsaylı terror təşkilatlarından biri olan FETÖ (Fətullahçı Terror Təşkilatı) həm Azərbaycan, həm də Türkiyə üçün təhdidə çevrildi.
FETÖ-nun ifşası
1990-cı illərin sonundan ABŞ-da məskunlaşan “din xadimi” Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış bu gizli və transmilli terror təşkilatı təhsil və ictimai hərəkat pərdəsi altında dünyanın onlarla ölkəsində məktəblərə, iş yerlərinə, mediaya, dövlət və hökumət institutlarına, hüquq-mühafizə orqanlarına, məhkəmə və ədliyyə sistemlərinə, hərbi qurumlara, bank və maliyyə sektoruna sıza bilib.
Öz ideoloji kölələri vasitəsilə ötən müddət ərzində kifayət qədər maddi vəsait toplamağı bacarmış FETÖ fəaliyyətlərini və yayılmasını maliyyələşdirməyə, ələ keçirdiyi və ya təsis etdiyi media orqanları vasitəsilə ictimai rəyi manipulyasiya etməyə çalışıb.
Qrupun cinayətlərinin kuliminasiyası isə 2016-cı ilin 15 iyulunda 180-i mülki şəxs olmaqla, 250-dək Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə nəticələnmiş dövlət çevrilişinə cəhd oldu.
Türkiyə ordusuna sızmağı bacarmış FETÖ üzvləri geniş xaosa səbəb olmuş çevriliş cəhdi zamanı Türkiyə Böyük Millət Məclisini bombaladılar, əliyalın xalqın üzərinə atəş açaraq insanları səbəbsiz yerə qətlə yetirdilər, ordunu dövlətə qarşı qoymağa, demokratik seçkilərlə hakimiyyətə gəlmiş hökuməti devirməyə çalışdılar.
Bu çevriliş cəhdi din pərdəsi altında gizlənmiş və xarici kəşfiyyat orqanlarının oyuncağı olan Fətullah Gülənin həqiqi məqsədini ən açıq şəkildə ictimaiyyətə təqdim etdi. Bu hadisə qruplaşma ilə bağlı təsəvvürləri gücləndirməklə yanaşı, onun digər ölkələrdəki niyyətlərini də ifşa etdi, nəticədə təşkilata qarşı beynəlxalq mübarizəyə start verildi.
FETÖ ilə mübarizədə əməkdaşlıq
Çevriliş cəhdindən sonra Türkiyə və Azərbaycan arasında qruplaşma ilə mübarizədə strateji əməkdaşlıq başladıldı. Ötən 7 il ərzində Azərbaycan və Türkiyə qrupun zərərsizləşdirilməsi məqsədilə kəşfiyyat məlumatlarının paylaşılması, əməliyyatların koordinasiya edilməsi və təşkilatın törəmələrinə qarşı hüquqi tədbirlərin görülməsi kimi istiqamətlərdə sıx əməkdaşlıq edib. Artıq hər iki dövlət FETÖ terror qruplaşmasını ümumi düşmən hesab etdiyini və öz vətəndaşlarının, həmçinin bütün regionun onun məkrli fəaliyyətlərindən qorunması üçün birgə işləməyə sadiqliyini bəyan edib.
Azərbaycan və Türkiyə FETÖ-nün fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsi üçün effektiv və təhlükəsiz kanallar yaradıb və bu qarşılıqlı əməkdaşlıq tərəflər üçün potensial təhdidlərin müəyyən edilməsi və zərərsizləşdirilməsini asanlaşdıraraq təşkilatın əməliyyatları haqqında kritik informasiyalar əldə etməyə imkan verir.
Azərbaycan və Türkiyənin hüquq-mühafizə orqanları arasındakı əməkdaşlığın gücləndirilməsi də FETÖ şəbəkələrinin ifşa edilməsində mühüm rol oynayıb. Birgə istintaq və əməliyyatlar nəticəsində FETÖ-çü şübhəlilər həbs edilərək deportasiya edilib, həmçinin terrorçuların Azərbaycan və Türkiyə daxilində təhlükəsiz sığınacaq tapmasının qarşısını alıb.
Bundan başqa, həm Azərbaycan, həm də Türkiyədə terror qruplaşması ilə əlaqədə şübhəli bilinən məktəb və təşkilatların yoxlanılması və təmizlənməsi istiqamətində mühüm addımlar atılıb, FETÖ-nün təsir dairəsində olan təhsil müəssisələri onun ideologiyasından azad edilib.
Bütün bunlarla yanaşı, həm Azərbaycanda, həm də Türkiyədə FETÖ-nün aldadıcı taktika və ideologiyaları barədə vətəndaşların maarifləndirilməsi istiqamətində kampaniyalar aparılıb, terror təşkilatlarının genişlənməsinə müqavimət göstərə biləcək möhkəm cəmiyyətlər formalaşdırılıb.
Maarifləndirmə işləri Azərbaycan və Türkiyə tərəfindən beynəlxalq arenada da fəal şəkildə həyata keçirilib. Belə ki, ölkələr FETÖ-nün yaratdığı təhlükələrlə bağlı digər toplumları məlumatlandırmaq üçün ciddi diplomatik səylər göstərib, digər ölkələri terror təşkilatı ilə mübarizəyə qoşularaq qlobal terrorla mübarizədə əməkdaşlıq etməyə təşviq ediblər.
FETÖ ilə mübarizədə yeni mərhələ
FETÖ-ya bağlı təhsil, tibb müəssisələrinin, mətbəə və bankların, xüsusilə də media orqanlarının əksərinin həm Türkiyədə, həm də Azərbaycanda zərərsizləşdirilməsinə baxmayaraq, bu şəbəkənin tamamilə çökdürüldüyünü demək hələ mümkün deyil.
Çox təəssüf ki, hələ də hər iki ölkədə FETÖ ilə keçmişdə sıx bağlılığı olan, birbaşa bu ideologiyanın təbliğatçısı olmuş, “Zaman”, “Samanyolu”, “Cihan” kimi media orqanlarının rəhbərliyində təmsil olunmuş şəxslər yenə də fəaliyyətlərini davam etdirirlər. Onlar media və sosial şəbəkələrdə açıq FETÖ təbliğatı apara bilməsələr də, zaman-zaman “mərkəzləri” ilə əlaqələrinin davam etməsi barədə xəbərlər gəlir.
Eynilə, müxtəlif dövlət strukturlarında, təhsil sistemində, siyasi partiyalarda FETÖ ilə əlaqələri olan şəxslərin hələ də “Pensilvaniyaya sadiqlik andına” əməl etdikləri barədə xəbərlər dolaşır.
FETÖ-nun tərəfdarları və üzvləri üçün yaratdığı yeni şəbəkənin maliyyə qaynağı isə daha çox kriptovalyutaya əsaslanır. Kriptovalyutalar üçün “mayninq sistemləri” quran savadlı fetö-çular daha sonra bu vəsaiti banklar vasitəsilə nağdlaşdırır və bəzi sosial şəbəkələr üzərində də leqallaşdıra bilirlər. Bu isə şəbəkənin digər sektorlarda olan üzvlərinə maliyyə ötürülməsinə kömək edir. Vəsait müxtəlif təhsil fondları, burslar, ianələr şəklində digər fetö-çulara paylanılır.
Elə bu günlərdə Azərbaycan keçirilmiş əməliyyat zamanı FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev, təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olmuş, iqtisadçı Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirib ki, Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Nəticə olaraq Azərbaycan və Türkiyənin FETÖ və digər terror qruplaşmalarına qarşı mübarizədə birgə səyləri tərəflərin müttəfiqliyinin möhkəmliyini və terrorun bütün formalarına qarşı mübarizəyə sadiqliyini nümayiş etdirib. Qardaş ölkələrin FETÖ-yə qarşı mübarizədə birləşməsi regionda və onun hüdudlarından kənarda təhlükəsizliyə, sabitliyə və sülhün gücləndirilməsinə xidmət etməklə yanaşı digər terror təşkilatlarına onların bu regiondakı əməllərinə yol verilməyəcəyi, demokratiya, xalqların iradəsi, dövlətçilik ənənələri qalib gələcəyi mesajını verir.