Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Ümummili lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Heydər Əliyevin çoxvektorlu xarici siyasəti” adlı panel keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, tədbirin məqsədi Heydər Əliyev irsinin təbliğidir.
Fərid Şəfiyev bu il Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu söyləyib: “1993-cü ildə Azərbaycan əraziləri işğala məruz qalmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Heydər Əliyev bu çağırışlara cavab verdi”.
Fərid Şəfiyev nəzərə çatdırıb ki, Heydər Əliyevin 1994-cü ildə atəşkəs müqaviləsi imzalaması tənqid olunurdu: “Ancaq zaman göstərdi ki, bu, uzaqgörən bir addım olub. Biz artıq Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad etmişik”.
Heydər Əliyevin uğurlu xarici siyasət həyata keçirdiyini söyləyən BMTM İdarə Heyətinin sədri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin böyük enerji siyasətinin başlanğıcı olduğunu, iqtisadiyyatımızın inkişafı üçün baza rolunu oynadığını bildirib. Onun sözlərinə görə, həmin dövrdə Qərbdə bəziləri fikirləşirdilər ki, Heydər Əliyev keçmiş SSRİ-nin dövründə rəhbər vəzifədə olan şəxs kimi yenə köhnə iqtisadi modelə üstünlük verəcək: “Ancaq Heydər Əliyev bazar iqtisadiyyatı yolunu seçdi”.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Heydər Əliyevin böyük dövlət xadimi olduğunu və Azərbaycanın inkişafı üçün strateji inkişaf xətt müəyyənləşdirdiyini söyləyib: “Zamanında yol düz seçilirsə, inkişaf da olur”.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy Heydər Əliyevin çox praqmatik və çoxvektorlu xarici siyasət həyata keçirdiyini vurğulayıb: “Heydər Əliyevin siyasəti regionda sabitliyin bərqərar olmasına böyük töhfə verib. Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafına da xüsusi diqqət yetirib. İqtisadi amil Azərbaycanın xaricidə imicinin formalaşmasında mühüm amil olub. Bu, regionun inkişafı üçün də vacib olub”.
Hasan Ulusoy Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb: “Azərbaycan artıq 44 gün davam edən müharibədə torpaqlarını azad edib”.
Hasan Ulusoy bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərindən günlərlə danışmaq olar: “Azərbaycan-Türkiyə münasibətləri unikal xarakter daşıyır. Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatdırılıb. Atatürk zamanında demişdi ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Heydər Əliyev isə bildirmişdi ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bəzi dövlətlər bizim münasibətlərin xarakterini anlaya bilmirlər”.
Fərid Şəfiyev Azərbaycan və Türkiyə alyansının regional təhlükəsizliyin və sülhün təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyev haqqında çoxsaylı əsərlər yazıldığını, filmlər çəkildiyini xatırladıb: “Heydər Əliyevlə bağlı Rusiya telekanallarında bu günlərdə filmlər yenə nümayiş olunacaq. Biz həmkarlarımızla hazırda Heydər Əliyev haqqında “Liderin qəlbi” adlı film üzərində işləyirik. Bir insanın siyasətə iki dəfə qayıtması və hər dəfə də uğur qazanması dünyada nadir hallarda olub. Keçən əsrdə iki şəxsiyyət ölkəsini məhv olmaqdan xilas edib. Bunlardan biri Vinston Çörçill, ikincisi isə Heydər Əliyevdir. Bu siyasətçilər ölkələrinin dünya xəritəsində qalmasını təmin edib, məhvinin qarşısını alıb. 2001-ci ildə şəxsən Heydər Əliyevdən müsahibə almışam və bu dahi şəxsiyyətlə müsahibə həyatımda vacib bir məqamdır”.
Gürcüstanın sabiq xarici işlər naziri Tedo Caparidze Heydər Əliyevin unikal bir şəxsiyyət olduğunu söyləyib: “Heydər Əliyev Azərbaycanın memarı oldu. 1990-cı illərdə Gürcüstanın varlığını qorunmasında ABŞ və digər Qərb dövlətlərinin rolu ilə bərabər, Heydər Əliyevin strateji baxışının müstəsna rolu var. Mən Eduard Şvarnadze ilə çalışdığım dövrdə Heydər Əliyevlə görüşmüşəm. Şvarnadze hər zaman deyirdi ki, Bakıya get, Heydər Əliyevdən məsləhət al. Heydər Əliyevlə müzakirələrimin birində dedi ki, Cənubi Qafqaz üçün təhlükəsizlik, inkişaf və müstəqillik bir bir-biri sıx əlaqədədir, ayrılmazdır”.
Tedo Caparidze Gürcüstanın da işğaldan əziyyət çəkdiyini qeyd edib: “Mən artıq Şuşada olmuşam. Torpaqlarını azad etdiyi üçün Azərbaycan xalqını bir daha təbrik edirəm”.
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov uğurlu neft strategiyasının strateji xarakter daşıdığını bildirib: “Xəzər dənizinin sektorlara bölünməsi ilə bağlı ilk saziş 2003-cü ildə Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanıb. Bunu niyə qeyd edirəm? 1994-cü ildə Azəri-Çıraq-Günəşli yataqları ilə bağlı “Əsrin müqaviləsi” imzalanan zaman bu yataqların Azərbaycana məxsus olduğunu kim təsdiqləyirdi? Bunu ancaq Heydər Əliyev edə bilərdi. Rusiya da daxil olmaqla, Qərb şirkətləri bu müqavilədə yer aldı”.
Panel müzakirələrlə davam edib.