Bakıda Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirə qatılan Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb.
O bildirib ki, ən qədim sivilzasiyalardan biri olan Çin həmişə digər xalqların diqqət mərkəzində olub.
Spiker O. Əsədov vurğulayıb ki, Çinlə əlaqələr Azərbaycanın xarici siyasətində vacib istiqamətlərdən biridir. O. Əsədov iki ölkə arasında qarşılıqlı səfərlərin əlaqələrin inkişafına təkan verdiyini qeyd edib və o Prezident İlham Əliyevin bu il Çinə baş tutan səfərini xatırladıb: “Siyasi, iqtisadi və humanitar sahələrdə pozitiv dinamika müşahidə olunur. Müxtəlif sahələrə qarşılıqlı investisyalar yatırılır. İki ölkə arasında ticarət dövriyyəsi 1.3 milyard dollardır. Bu gün Azərbaycanın neft və qeyri-neft sektorunda 120 Çin şirkəti çalışır".
Parlamentin sədri bildirib ki, Azərbaycan və Çin beynəlxlaq arenada və təşkilatlarda bir birini dəstəkləyir. Hər iki ölkə biri birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və hörmət edir: "Biz Çinin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dair göstərdiyi mövqeyinə görə təşəkkür edirik".