“44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. Müharibədə darmadağın olan Ermənistan onun üçün təslimçilik aktı olan 10 noyabr üçtərəfli bəyanatını imzalamaq məcburiyyətində qaldı. Düşünmək olardı ki, bundan sonra Ermənistan və ermənilər ağıllı davranacaqlar. Lakin təəssüf ki, bu acı məğlubiyyət də onlara dərs olmadı”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov bildirib ki, Ermənistan hakimiyyəti artıq iki ildir ki, sülh sazişini imzalamağı müxtəlif bəhanələrlə uzadır: “Təbii ki, bunun arxasında həm də onun xarici havadarlarının, o cümlədən Fransanın məkrli planları da dayanır. Təpədən dırnağa qədər ermənipərəst siyasət yürüdən Fransa indi də Qarabağa soxulmağa cəhd edir. Fransa Prezidenti Emanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışları da bundan xəbər verir. Dediyim kimi, bu, bir daha göstərir ki, Emanuel Makron hər bir vəchlə Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmağa çalışır”.
Deputat qeyd edib ki, sərhəd missiyası ilə bu istəyi puç olan Makron indi də humanitar təşkilatlar yoluna əl atıb: “Bu, Fransanın Ermənistanla birgə hazırladığı məkrli plandır. Amma bu plan iflasa məhkumdur. Çünki bu cür yanaşma BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı bəndlərindən sui-istifadədir. Hər hansı bur ölkənin ərazisinə humanitar missiya yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Təbii ki, Azərbaycanın buna razılıq vermək niyyəti yoxdur”.
Vüqar İskəndərov vurğulayıb ki, Ermənistanın və Fransanın iddialarının əskinə olaraq hazırda Qarabağ ərazisində heç bir humanitar böhrandan söhbət gedə bilməz: “Əgər Xankəndi ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hər hansı bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz vətəndaşlarının problemlərini həll etməyə qadirdir. Digər tərəfdən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə ofisi var, bu təşkilatla əməkdaşlıq mövcuddur. Hər hansı bir çətinlik yaranarsa, Qırmızı Xaç Komitəsinin vasitəsilə həllini tapa bilər. Onu da qeyd edim ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının və bu maşınların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin Laçın – Xankəndi yolunun hazırda aksiya keçirilən hissəsindən maneəsiz hərəkəti tam təmin edilib. Bu bir daha göstərir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır və Azərbaycan tərəfi Qırmızı Xaç Komitəsi ilə tam əməkdaşlıq edir”.