Deputat: Ölkənin yeni prioritetlərə uyğun inkişafı üçün yeni parlament seçkiləri tarixi zərurətdir

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 20 iyun 2024 23:30 (UTC +04:00)

Azərbaycanın yeni dövrə uğurlu transformasiyası və qarşıdakı yeni prioritetlərə uyğun tempdə inkişafın təmini üçün yeni parlament seçkiləri də tarixi zərurətdir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət barədə qərar yeni geosiyasi reallığın və ölkəmizin qədəm qoyduğu keyfiyyətcə yeni inkişaf mərhələsinin tələbidir: “Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində növbədənkənar Prezident seçkilərinin zərurətini şərh edərkən ölkənin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun tam bərqərar olunması fonunda keyfiyyət və mahiyyətcə yeni dövrün anonsunu vermiş və ifadə etmişdi ki, məhz seçkilər bir dövrə yekun vurur. Həqiqətən də Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan müstəsna qələbə, Prezident İlham Əliyevin təbiri ilə desək, epoxal bir hadisə - beynəlxalq hüquq və ədaləti bərqərar etməklə Azərbaycan müstəqillik tarixində yeni bir dövr başlatdı. Yeni mərhələyə keçidin təmin olunması üçün isə metodoloji olaraq xalqın seçkilərdə iradə ifadəsi zərurət idi və seçkilərə gedildi. Məlumdur ki, prosesə məhz Prezident seçkilərindən başlandı ki, bu da təbii idi. Çünki Azərbaycan Respublikası Prezident üsuli-idarəli ölkə olduğu üçün prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir və bütün ərazilərimizi əhatələyən seçkilərin məhz prezident seçkiləri olması hüquqi, həm də mənəvi cəhətdən də daha doğru idi. Digər tərəfdən isə Azərbaycan hüquqi dövlətdir və Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Bu mənada, ölkənin yeni dövrə uğurlu transformasiyası və qarşıdakı yeni prioritetlərə uyğun tempdə inkişafın təmini üçün yeni Parlament seçkiləri də tarixi zərurətdir”.

Bəhruz Məhərrəmov qeyd edib ki, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində parlament seçkilərinin keçirilməsi Konstitusiyanın 54-56 və 71-ci maddələrinə müvafiq olaraq, vətəndaşların dövlətin idarə olunmasında və cəmiyyətin siyasi həyatında maneəsiz iştirak, dövlət orqanlarına seçmək və seçilmək hüququnun qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır: “Bu mənada bütün ölkə ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması tarixi-siyasi zərurətə çevrilib. Milli Məclisə təklif edilən növbədənkənar seçkilər nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər fiziki olaraq Qarabağ və Zəngəzuru da əhatələyəcək və həmin bölgəni təmsil edən deputatlar məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Məsələni zərurətə çevirən digər amil isə ölkədə Parlament seçkilərinin Azərbaycan tarixinin ən irimiqyaslı tədbirə ev sahibliyi etməsi ilə üst-üstə düşməsi ilə bağlıdır. Məlumdur ki, VI çağırış Milli Məclis növbədənkənar seçkilərdə formalaşıb və Konstitusiyanın 98¹-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Bu hesabla, Milli Məclisə seçkilər 2024-cü il noyabr ayının 3-də baş tutmalı idi. Lakin həmin günlərdə Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29-un keçiriləcəyini nəzərə alsaq, eyni vaxtda həm bütün ölkəni əhatələyəcək seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsinin məqsədəuyğun olmaması mübahisəsizdir. Bu mənada, hakim partiyanın seçkilərin 2 ay əvvələ keçirilməsinə dair təklifi faktiki cəhətdən ağlabatandır. Konstitusiyanın 98¹-ci maddəsinin II hissəsinin ilk cümləsinə əsasən, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bildiyi üçün iqtidar partiyasının təklifi hüquqi baxımdan da tam qəbulediləndir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR