“26 sentyabr 2020-ci ilə qədər davam edən işğal tariximizin bir parçası olan Xocalı soyqırımı birinci Qarabağ müharibəsindəki itkilərimizin və hərbi məğlubiyyətin simvolu olmaqla yanaşı, həm də son 30 ildə milli səfərbərlik və birlik hadisəsinə çevrildi, torpaqlarımız uğrunda mübarizədə milli nifrəti və qəzəbi bir araya gətirdi, tarixi yaddaşımızın oyanışına təkan verdi, xalqın özünüqoruma duyğusunu artırdı və hərbi, siyasi baxımdan bir milləti təşkilatlanmağa məcbur etdi”.
APA xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin son iki əsrdə azərbaycanlıların yaşadığı faciələrin səbəblərini düzgün dərk etməsi üçün müəyyənləşdirdiyi dövlət kursu təkcə erməni faşizminin əsil simasını göstərməyib, eləcə də dünya erməniçiliyinin qlobal şəbəkəsini zəiflədib, yaratdıqları mifləri sarsıdıb və Qələbəyə gedən bütün yolları açıb: “Deməli, 26 fevral tarixi təkcə məhrumiyyət və ağrı hadisəsi deyil, həm də ümummilli mübarizə günüdür. 30 il sonra tam qətiyyətlə demək olar ki, erməni ideoloqları, eləcə də Sarkisyan və Koçaryan adlı hərbi canilər azərbaycanlı soyunu məhv edə bilmədilər. Biz bir millət kimi varıq, yaşayırıq və hər zaman da öz torpaqlarımızda qurub-yaradacağıq. Təkcə Xocalıda qətl edilən 613 nəfərin deyil, bütövlükdə 20 mindən artıq şəhidimizin, yüz il əvvəl 31 mart tarixində canlarını qurban verən minlərlə oğul və qızlarımın əvəzinə yeni doğulan 100 minlərlə insanımız bizi yox etmək, qorxu və əsarət altında saxlamaq istəyənlərin məqsədlərinin puça çıxması deməkdir”.
Z. Oruc qeyd edib ki, artıq ikinci ildir, xalqımız Xocalı qətliamının qurbanlarını qalib millət kimi anır: “27 sentyabrda başlayan müharibə həm də Xocalı qurbanlarının müqəddəs ruhu, azadlıq və müstəqillik ideallarının dövlət, millət, ordu tərəfindən həyata keçirilməsi demək idi. 44 günlük müharibə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qisasının alınmasına imkan verdi. Ona görə də Ali Baş Komandan İlham Əliyev on illər ərzində beynəlxalq tribunalarda, xarici dövlətlərdə qətliamın siyasi tanınmasına nail olarkən Vətən müharibəsi üçün siyasi zəmini formalaşdırdı, dünya ictimai fikrini hazırladı və ölkəmizə çoxlu tərəfdarlar qazandırdı. Lakin 44 günlük savaş təkcə Qarabağ uğrunda deyildi, həm də yaşadığımız regionda və dünyada ədalət, təhlükəsizlik üçün aparılırdı. Prezident Qarabağ müharibəsində soyqırımının qisasını almaqla yanaşı, regionda sülhün qarantına çevrildi, keçmiş sovet məkanında baş verən qanlı hadisələr fonunda bənzər faciələrin qarşısını aldı.
Bir sözlə, ikinci Qarabağ müharibəsində Xocalı faciəsinin təkrarlanmaması üçün dövlət, millət və ordu bir amal uğrunda birləşdi. Qalib ölkənin prezidenti öz millətini faciələrdən Zəfərə gətirə bildi. Bütün dünya gördü ki, ermənilər dinc əhalini, mədəniyyətimizi, təbiətimizi məhv edirdi, biz isə hərbi terrorçuları. Əsas fərqimiz bundadır!”
Deputat Asim Mollazadə bildirib ki, Azərbaycan bütün beynəlxalq hüquq vasitələrindən istifadə edərək Xocalı qatillərinin cəzalandırılmasına nail olmalıdır.
O qeyd edib ki, bunun üçün dünya təcrübəsi öyrənilməlidir: “Holokost canilərinin tutulması üçün İsrailin tətbiq etdiyi təcrübədən istifadə etməliyik. Azərbaycan hüquq-mühafizə orqanları hər bir caninin harada olduğunu araşdırmalıdır. Həmin canilər beynəlxalq ədalət qarşısında cavab verməlidir. Biz qisas yox, ədalət istəyirik. Bizim “Xocalıya ədalət” çağırışımızı dəstəkləyənlərin sayının artacağına ümid edirik”.
Deputat Azər Badamov söyləyib ki, Xocalı faciəsinin tanıdılması ilə bağlı görülməli çox iş var: “Ermənilərlə informasiya müharibəsini davam etdirməliyik. Ermənilər həm də Azərbaycanın mədəni, dini, tarixi abidələrimizə qarşı soyqırımı törədiblər. Bütün dünya ermənilərin bizə qarşı soyqırımını görməlidir. Ermənilərin 44 günlük Vətən müharibəsində xalqımıza qarşı törətdikləri cinayətlərin cəzası verilib. Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi altında yaxın vaxtlarda Xocalı və Xankəndiyə də qayıdacağıq”.
“Xocalıda törədilmiş cinayətlərə görə Serj Sarkisyan və Robert Koçaryan məsuliyyət daşıyır”.
Bunu isə deputat Elman Nəsirov deyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq məhkəmələrə müraciəti və onların cinayətkar kimi beynəlxalq məhkəmələrdə cavab verməsi üçün yaxşı zəmin yaranacaq: “Artıq dünyanın 17 ölkəsi, ABŞ-ın 23 ştatı Xocalı soyqırımı ilə bağlı müvafiq sənədlər qəbul edib. Biz beynəlxalq kürsülərdə Xocalıya sadəcə soyqırımı kimi qiymət verilməsi ilə kifayətlənməməliyik. Bu, terror, Azərbaycan xalqına qarşı beynəlxalq cinayət əməlidir. Ona görə bu hadisəyə həm soyqırımı, həm də beynəlxalq cinayət əməli kimi qiymət verilməlidir. İnanıram ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini faciənin 31-ci ilində məhz Xocalının özündə anacağıq”.