“Bir həftə öncə Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki bu təxribat təsadüfi deyil”.
APA xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin iclasında deyib.
Deputat qeyd edib ki, biz Avropa Şurası Parlament Assambleyasında erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə edirdik: “Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Biz Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının ermənipərəst rəhbəri Natali Luazo ilə görüşmək istəyən zaman o bizi qəbul etməmişdi”.
Sədr Sahibə Qafarova isə deyib ki, Natali Luazonun davranışına anında reaksiya verilməli idi: “Gərək elə o görüşmək istəməyən zaman siz bu barədə xəbəri “Tvitter”ə qoyardınız. O, Avropa Parlamentinin deputatıdır, siz də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrsiniz”.
***
11.21
Deputat Elman Nəsirov bildirib ki, Gədəbəyin Söyüdlü kəndində baş verənlər birdən-birə olmayıb: “Heç nə birdən birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Başqa adamların, Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur. Azərbaycan polisi öz vəzifəsini icra edib. Bu zaman bir nəfər polis qaydanı pozub, o da cəzalandırılacaq. DİN bununla bağlı yoxlama təşkil edib və əməkdaşlarını Söyüdlüyə göndərib. Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti önə çıxsın”.
***
11.13
Bir polisin köntöy hərəkəti bütün polislərə aid edilməməlidir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər: “Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar. Onlar bununla dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar”.