“Məhkəmə-hüquq islahatlarında mühüm "yol xəritəsi" olan, Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə dair 3 aprel tarixli fərmanı vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir”.
APA-nın qərb bürosunun xəbərinə görə, bu fikirlər Gəncədə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə ictimaiyyət nümayəndələri və sahibkarlarla keçirilən ictimai müzakirələrdə səsləndirilib.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ədliyyə işçiləri və qərb bölgəsindən olan sahibkarlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin ölkədə aparılan islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyini, ötən dövrdə bu sahədə bir çox mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanının ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olduğunu, bu mühüm sənədin icrası, o cümlədən sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsi üzrə görülən işləri qeyd edib, qanunvericilik, institusional və praktiki tədbirlərdən danışıb. Onun sözlərinə görə, fərmanın icrası vətəndaşların, o cümlədən sahibkarların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ədalət mühakiməsinə ictimai etimadın yüksəldilməsinə xidmət edir.
Tədbirdə dövlət başçısının fərmanının məhkəmələrə əlçatanlığın və müraciət imkanlarının yaxşılaşdırılmasında rolu, sahibkarların hüquqlarının müdafiəsində məhkəmə təminatının vacibliyi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması barədə çıxışlar edilib, məhkəmə fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasında "Elektron məhkəmə", "Elektron icra" informasiya sistemlərinin əhəmiyyəti və islahatların dərinləşdirilməsində innovasiyaların rolu barədə əyani təqdimatlar edilib. Nazir onu da vurğulayıb ki, "Elektron məhkəmə" sistemi bir çox imkanlar yaradacaq.
Sonda iştirakçılarla sual-cavab sessiyası keçirilərək, müzakirələr aparılıb. Çıxış edən sahibkarlar, vətəndaş cəmiyyətinin və ictimaiyyətin digər nümayəndələri dövlət başçısının fərmanının vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının etibarlı müdafiəsinə, onların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət etdiyini vurğulayaraq təkliflər irəli sürüblər.