Bank Of Baku

Ekspert: Beynəlxalq institutlar Ermənistanda əsgərimizə işgəncə verilməsinə heç bir səs çıxarmır

Yeganə Hacıyeva

© APA | Yeganə Hacıyeva

# 13 aprel 2023 16:40 (UTC +04:00)

İstər müharibə şəraitində, istərsə də münaqişə zonalarında hərbi qulluqçuların hüquqları bir neçə beynəlxalq konvensiya ilə qorunur. Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol Beynəlxalq Humanitar Hüququn əsas sənədləri sayılır.

Bunu Ermənistanda tapılan Azərbaycan hərbçisinin işgəncəyə məruz qalmasını APA-ya şərh edən siyasi ekspert Yeganə Hacıyeva deyib.

O bildirib ki, silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da, öz növbəsində, iki qola ayrılır - “Cenevrə hüququ” və “Haaqa hüququ”.

Ekspertin sözlərinə görə, “Cenevrə hüququ” döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir.

““Haaqa hüququ” isə hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır. İstər BMT, istər Avropa Şurası, istər ATƏT çərçivəsində bu konvensiyalara imza atmış ölkələr ona riayət etməyə dair öhdəlik daşıyır. Azərbaycan həm 30 illik işğal dövründə, həm də müharibədən sonrakı aktiv 2 il yarım müddətində əsir düşmüş erməni hərbçilərlə bu konvensiyalara uyğun şəkildə davranıb. Bəzən hətta bu davranış ölkə daxilində qınaq yaradır ki, arıq, cılız bir erməni Azərbaycan həbsxanasında yeyib-kökəlir və tam sağlam şəkildə qarşı tərəfə verilir. Bu günə qədər çox az halda Azərbaycana qarşı real faktlar əsasında ittihamlar irəli sürülüb. Azərbaycan əsirlərə beynəlxalq konvensiyaların tələb etdiyi formada münasibət göstərib. Qanun da onu tələb edir ki, əgər günahı varsa, həbs edilir və ya günahı aydınlaşdırılana qədər müvəqqəti saxlama yerində saxlanılır. Ermənistan da, həmçinin, əsir düşmüş şəxslərin günahları varsa, aydınlaşdırmaya qədər müvafiq yerdə saxlamalı, sağlamlıqlarının qeydinə qalmalı, təhlükəsizliklərini təmin etməlidir. Yəni, əhalidən, əsgərlərdən kənar bir yerdə saxlanılması təmin olunmalıdır”, - Yeganə Hacıyeva vurğulayıb.

Ermənistanda bu gün saxlanan Azərbaycan hərbçisinə münasibətə gəlincə, ekspert qeyd edib ki, görüntülərdən Azərbaycan hərbçisinə işgəncə verildiyi aydın şəkildə görünür: “İki hərbçimiz dumanlı hava şəraitində azaraq Ermənistan ərazisinə keçib. Buna baxmayaraq, onlarla cinayətkar kimi davranırlar. Əsgərin dövləti qarşısında borcu var idi və yerinə yetirirdi. Azıb gedibsə, onun hüququnu müdafiə edən beynəlxalq konvensiyalar var. Azərbaycan ərazisində gün ərzində 162 nəfərlik erməni diversiya qrupunun saxlanıldığı vaxt olub. Məsələ bundadır ki, onlar terrorçu idi və ərazilərimizdə mina basdırmağa gəlmişdilər. Onlar üstlərində silahla tutulmuşdular. Bununla belə, ABŞ Dövlət Departamentindən tutmuş Avropa Şurası, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlar onları müdafiə etdi. Artıq bir neçə saatdır, Azərbaycanın beynəlxalq instansiyaları məlumatlandırmasına, fəalların, bloqerlərin sosial şəbəkələr üzərindən məsələni işıqlandırmasına baxmayaraq, erməni seqmentində əsgərimizin döyülməsinə dair yeni-yeni videolar çıxır. Bu isə o deməkdir ki, əsgərimiz mütəmadi olaraq işgəncəyə məruz qalır, polis və hərbçilər isə bunu izləyirlər. Maraqlı məqam ondan ibarətdir ki, erməni hərbçilərin, polisin saxladığı hərbçimizi mülki əhali necə döyür? Deməli, onu mülki əhalinin əlinə verən məhz elə hərbçi və polislərdir. Bəzi məlumatlarda qeyd olunur ki, ona hücum çəkənlər ölmüş erməni əsgərlərin valideynləridir. Axı əsgər bir anda şəhərdə necə peyda ola bilər ki, valideynlər də onun üzərinə düşsünlər? Deməli, bu iş planlı şəkildə edilib. Bu işgəncələrə görə, Ermənistan hökuməti faktiki olaraq cavabdehdir. Çünki birbaşa olaraq buna şərait yaradır. Bu, həmçinin beynəlxalq insan haqları institutlarının da ikili standartları üzərindən Ermənistana verilən kart-blanşdır. Onların prioritetlərini bizdən tələb edən bu institutlar faktiki olaraq 4-5 saatdır əsgərimizə işgəncə verilməsinə baxmayaraq, heç bir səs çıxarmır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR