“Bizim üçün vacibdir ki, cəmiyyətimiz sağlam olsun”.
APA xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov MINEPS 2023 konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Bakıda və regionlarda bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. “Fit for Life” təşəbbüsü çərçivəsində artıq Mingəçevirdə layihə başladılıb. Belə layihələrimiz kütləvi olmalıdır. Biz uşaqlarımızı, yaşlılarımız nəzəra almalıyıq. Layihələrimiz də bu istiqamətdə yönəlib”, - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, artıq regionlarda qızlar idmanla məşğul olur, gender bərabərliyi mövcuddur.
“Düşünürəm ki, bu sahədə bizim ciddi problemlərimiz yoxdur. Amma təbii ki, bu istiqamətdə işləməli, təbliğat aparmalıyıq. Regionlarda olimpiya komplekslərində qızların məşqə gəldiyini görürük. Bu daha çox gimnastika sahəsi ilə bağlıdır. Ancaq, futbol, cüdo, güləş sahəsində də qızlarımızın iştirakını görürük. Şəkidə qızlardan ibarət futbol komandası fəaliyyət göstərir. Güləşi təmsil edən milli komandamızda qızlarımızın sayı artıb. Kəndlərimizdə bizim problemlərimiz var. Amma biz bu iştirakı təşviq etməli, onların iştirakı üçün şərait yaratmalıyıq”, - deyə nazir bildirib.