Qərbi Azərbaycanlıların taleyində yeni bir mərhələ başlayıb.
APA xəbər verir ki, bunu “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbirdə jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu deyib.
"Bu mənada xalqımız böyük bir coşğu yaşamaqdadır. Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin İcmanın binasına səfərindən sonra, konseptual çıxışından sonra məhz bu siyasətin bir parçası kimi artıq dünya təşkilat və birlikləri tərəfindən tanınmaqdadır", - deputat əlavə edib.
Hikmət Babaoğlu Azərbaycan-Ermənistan münasibətlərində Qərbi Azərbaycanlıların taleyinin də həll olunmasının vacibliyinə diqqət çəkib.
"Onu da qeyd edim, Ermənistan-Azərbaycan münasibətlərinin həlli çərçivəsində Avropa Şurasının Prezidenti Şarl Mişel Qərbi Azərbaycanlılar məsələsinə də toxunub. O bildirib ki, Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması iki ölkə arasındakı münasibətlərin normallaşmasında əsas predmetlərindən biridir. Hesab edirəm ki, bütün bunlar məhz bu yolda uğurlu nailiyyətlərdən biridir".