Bank Of Baku

Oqtay Əsədov: “Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır”

Oqtay Əsədov: “Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır”
# 11 iyun 2019 17:56 (UTC +04:00)

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, O. Əsədov bu səfərin parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. 

Spiker Sürəyya Sədi BilgiciTBMM-nin Sədr müavini seçilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, hər iki ölkənin dövlət başçıları arasındakı dostluq və qardaşlıq münasibətləri həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir: "Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır. Heç də təsadüfi deyil ki, Türkiyənin yüksək vəzifəyə seçilmiş rəsmi nümayəndələri həmişə ilk səfərlərini Azərbaycana edirlər. Qarşılıqlı xarakter daşıyan bu səfərlər artıq ənənə xarakteri almışdır. Hər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması ölkələrimiz arasında ticarət dövriyyəsinin artımında da özünü göstərir. 2017-ci ildə bu sahə üzrə  göstərici 2,7 milyard ABŞ dolları həcmində olmuşdursa, ötən il bu rəqəm 3,5 milyardı keçib. 2018-ci ildə Türkiyədə TANAP kimi qlobal neft layihəsinin rəsmi açılış mərasimi keçirilib, həmin ilin oktyabrında isə STAR neft emalı zavodu işə başlayıb. Artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası nəticəsində bütün türk dünyası yeni Dəmir İpək yolu ilə birləşəcəkdir. Azərbaycan gələcəkdə Türkiyəyə investisiya yatırımlarını artırmaq niyyətindədir". 

Spiker qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu çox əhəmiyyətlidir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir: "Nümayəndə heyətlərimiz nüfuzlu beynəlxalq qurumlar çərçivəsində faydalı  əməkdaşlıq edirlər.
Yaxın Şərqdə söz sahibi olan Türkiyəyə göstərilən bütün təzyiqlərə baxmayaraq, biz qardaş ölkənin yeni çağırışlara layiqincə cavab verəcəyinə inanırıq". 

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə ilk dəfə səfər etdiyini və Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcəklərini dilə gətirib. Qeyd edilib ki, konfransda müzakirə olunacaq məsələlər tərəflər üçün strateji əhəmiyyət kəsb edir. Regional təhlükəsizlik, qarşılıqlı dialoq, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi kimi mövzular bu gün kifayət qədər aktualdır.

Qonaq Azərbaycanla Türkiyənin reallaşdırdıqları neft və qaz kəmərləri layihəsinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin region üçün əhəmiyyətini vurğuladı. Bu layihələrin böyük siyasi və iqtisadi məna kəsb etdiyini söyləyib. 

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan qonaq problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, beynəlxalq hüquq müstəvisində ədalətli həlli üçün Türkiyənin hər cür dəstək göstərməyə hazır olduğunu bir daha qeyd edib. 

Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, qrupun üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR