Parlamentdə Naxçıvanın muxtariyyət məsələsinə yenidən baxılması təklif olunub

Parlamentdə Naxçıvanın muxtariyyət məsələsinə yenidən baxılması təklif olunub
# 21 iyun 2025 12:05 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinə istinadın çıxarılması çox müsbət haldır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Naxçıvanın muxtariyyət statusunun ləğvi

Qüdrət Həsənquliyev deyib ki, Naxçıvanın muxtariyyət statusu ilə bağlı geniş müzakirələrə başlanmalıdır: “Geniş ictimaiyyət müzakirələrə başlasın ki, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac var, ya yox? Naxçıvan balaca yerdir. Əvvəllər hardasa başa düşmək olardı. İndi isə İran üzərindən qısa yol çəkilir, tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Bu baxımdan Naxçıvanda muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır.

Bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra etmək olar. Konstitusiyamızda Naxçıvanla bağlı müddəalar qala-qala, Naxçıvan Konstitusiyana dəyişiklik edirik. Düşünürəm ki, bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişikliklərdən sonra etməli idik”.

Deputat Elman Nəsirov isə qeyd edib ki, muxtariyyətlə bağlı məsələ bu layihənin predmeti deyil: “Bu layihədə konkret əlavə edilən iki yeni maddə və bir çox dəyişikliklər əhatə olunub. Bu layihə ilə Azərbaycanın unitar dövlət kimi möhkəmlənməsi baxımından yeni pəncərələr açılır”.

Naxçıvanın muxtariyyət statusu saxlanılmalıdırmı?

Deputat Eldar İbrahimov isə qeyd edib ki, Naxçıvanın muxtariyyət statusu hələlik saxlanmalıdır.

Parlament sədrinin müavini Ziyafət Əsgərov bu dəyişikliklərə çox böyük tarixi zərurət olduğunu vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Konstitusiyasında olduğu kimi, Naxçıvanın Konstitusiyasında da hakimiyyətin bölgüsü prinsipi var: “Amma Naxçıvanda buna əməl edilmirdi. Dəyişiklikdən sonra buna əməl olunacaq. İkincisi, Naxçıvan Azərbaycanın əsas hissəsindən kənar düşüb, burada operativ idarəetməni təmin etmək lazımdır. Prezidentin səlahiyyətli nümayəndəsinin statusu Konstitusiyada təsbit olunmalıdır. Qüdrət Həsənquliyev yenə və dəfələrlə Naxçıvanın muxtariyyətinin ləğvi məsələsini qaldırır. 1990-cı ildə Naxçıvanın muxtariyyətinin ləğvi məsələsini qaldırdınız, xaos baş verdi. Yaxşı ki, Heydər Əliyev gəldi, onun sayəsində Naxçıvanın əraziləri bizdə qaldı. Naxçıvanın muxtariyyəti Ulu öndər demişkən bizim tarixi nailiyyətimizdir. Bu gün Naxçıvanın ərazi itirməməsinin səbəblərindən biri də onun muxtariyyət statusudur. 1992-ci ildə Naxçıvan nə gündə idi? Ulu öndər onun muxtariyyət statusundan istifadə edərək, işğalının qarşısını aldı”.

Naxçıvana muxtariyyət statusu niyə verilmişdi?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Naxçıvana muxtar diyar, daha sonra respublika statusunun verilməsi xalqımızın son 100 ildə yaşadığı ağır tale ilə birbaşa bağlıdır: “Torpaqlarımızın itirilməsi, Qərbi Zəngəzurun Ermənistanı qurmaq üçün ona təslim edilməsi nəticəsində Naxçıvanın coğrafi ayrılığı nəticəsində belə bir hüquqi-siyasi və ictimai gerçəklik meydana çıxdı. Lakin son 100 ildə həmin status Naxçıvanın qorunmasına, hüquqi və siyasi subyekt və Azərbaycanın ayrılmaz hissəsi kimi formalaşmasına, mədəni-sosial və iqtisadi həyatı ilə bərabər təhlükəsizliyinin təmin olunmasına imkan verdi. Xüsusilə, Qars müqaviləsinin üzərində dayandığı təməllər məhz həmin ayrı düşmənin qarşısında duran ən mühüm dayaqlardan birinə çevrildi. Sovetlər birliyinin ərazi və etnik-milli mənsubiyyət amilinə görə müəyyənləşdirdiyi muxtariyyət statusu faktiki olaraq, nə qədər ideoloji maraqlara xidmət edirdisə də, indiki halda Naxçıvanın Azərbaycanın tərkibində üstün idarəetmə subyekti kimi səlahiyyətlər qazanması sonrakı illərdə ucqar diyarı qorumağa yol açdı. Status və Konstitusiya hesabına torpağı qorumaq nümunəsi, müdafiəsini təşkil etməsi Heydər Əliyevin liderliyi ilə öz təntənəsini tapdı”.

Zahir Oruc nəzərə çatdırıb ki, artıq Zəfərdən sonra ölkəmizdə yeni hüquqi şərait formalaşıb: “Naxçıvanın inkişafı üçün operativ və birbaşa idarəçiliyi bərqərar etmək üçün konstitusion islahatları millətimiz də müdafiə edir. Çünki sənəd gələcəkdə Naxçıvanda kadr quruculuğuna və çevik qərarların qəbuluna yol açır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR