“Siyasi partiyalar haqqında” qanun layihəsindən fərdi identifikasiya tələbi çıxarılır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, 5.3 və 20.10 maddələrdən identifikasiya tələbi çıxarılır: “Deputatlar bunun qanunazidd olduğunu bildirirdilər. Artıq bu tələb layihədən çıxarılır”.
Qeyd edək ki, 5.3-cü maddəyə əsasən, partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməli idi. 20.10-cu maddəyə görə isə siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalı idi.
Beləliklə, artıq partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin fərdi identifikasiya nömrəsi, o cümlədən siyasi partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq.