“Azərbaycan Ordusunun Laçında yerləşməsi dövlətimizin və xalqımızın tarixi uğurudur”.
APA xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, baş verənlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məsələsində nə qədər qətiyyətli olduğunu bir kəs daha ortaya qoydu: “Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçınla bağlı verdiyi xəbər bütün Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Nəhayət ki, uzunmüddətli işğaldan sonra Laçın şəhəri tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi, Laçında Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Artıq rəsmi qurumlardan Dövlət Təhlükəsizliyi Xidməti Laçında fəaliyyətə başlayıb.
Laçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi bir addım, böyük nailiyyətdir. Bu tarixi uğur bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində heç vaxt heç kimə güzəştə getməyəcək, bir qarış torpağından belə imtina etməyəcəkdir.
Xatırladım ki, vaxtilə rəsmi İrəvan işğalda saxladığı Laçına İraq, Suriya və digər ölkələrdən ermənilər köçürür, onların hesabına burada süni məskunlaşmalar formalaşdırmağa, sosial baza yaratmağa çalışırdı. Bütün bunlar qanunsuz məskunlaşmalar idi və təbii ki, sadəcə Laçında deyil, işğaldan azad edilən bütün ərazilərimizdə qanunsuz məskunlaşan ermənilərin bu torpaqlardan çıxarılmasından daha məntiqli bir şey yoxdur.
Mən xalqımıza bu cür böyük sevinci yaşatdığına görə Ali Baş Komandana bütün veteranlar adından təşəkkür edir, minnətdarlığımı bildirirəm. Hər bir azərbaycanlı kimi əminəm ki, dövlətimiz və xalqımız bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi altında böyük müvəffəqiyyətlərə imza atacaq, yeni-yeni zəfərlərə şahid olacaq”.