Bələdiyyə seçkilərinin sadələşdirilməsinə çalışırıq.
APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda keçirilən konfransda çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.
Millət vəkili deyib ki, siyasi partiyaların bələdiyyə seçkilərində iştirakı çox mürəkkəb şərtlərlə həyata keçirilir: “Demək olar Prezident seçkiləri ilə bələdiyyə seçkilərinin fərqi yoxdur. Prezidentliyə namizədlə bələdiyyə sədrliyinə namizədliyə eyni sənədlər tələb olunur. Halbuki bunun sadə forması olmalıdır, hazırda da bu məsələnin üzərində çalışırıq. Bundan başqa, çalışırıq ki, ölkənin hər yerində eyni vaxtda bələdiyyə seçkiləri keçirilməsin. Buna ehtiyac yoxdur, hansı yerdə müddət nə vaxt bitirsə, seçki o vaxt olmalıdır”.
Siyavuş Novruzov qeyd edib ki, gələcəkdə bələdiyyə sədrlərinin bələdiyyə üzvləri içindən deyil, kənar şəxslərdən də seçilməsi planlaşdırılır.