Bu gün Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ildönümüdür.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Ümummilli liderin başladığı tarixi missiyanı bu gün Prezident İlham Əliyev davam etdirir: “Azərbaycan bu gün dünyanın geniş coğrafiyasında söz sahibi olan dövlətə çevrilib. Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni inkişaf dövrü açıb”.
Deputat Azər Badamov qeyd edib ki, Azərbaycan xalqının taleyində 14 iyul həlledici tarixdir: “Məhz bu tarix Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə bir epoxanın başlanğıc nöqtəsidir. Ulu öndərin xalqa xidmətə həsr olunan mənalı ömrü, əbədiyaşar xatirəsi xalqımızın taleyi ilə sıx şəkildə bağlıdır. Heydər Əliyev irsinin daşıyıcısı, xalqımızın hər çətinlikdə arxalandığı Prezidenti İlham Əliyev müasir və gələcək dünya tarixinin əsas konturlarının formalaşdırılmasında iştirak edir. Xalqımız əmindir ki, onun yeganə pənah yeri Müzəffər Lideridir!”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, bu gün də dövlət siyasətini müəyyənləşdirərkən dövlət idarəetməsində Heydər Əliyevin təcrübəsini öyrənməli və ondan istifadə etməliyik: “Heydər Əliyevdən hələ öyrənəsi çox şeylər var. Heydər Əliyev böyük dövlət xadimi idi. O, xalqımızın qarşısında duran ən çətin problemlərin həlli üçün Azərbaycan xalqını səfərbər etməyi bacarırdı. Azərbaycana xarici təzyiqlər olanda yenə də xalqımızın milli birliyinə nail olurdu”.