“Azərbaycan bu gün öz uğurlu siyasəti ilə nəinki yerləşdiyi regionun lider dövlətidir, eyni zamanda, artıq ölkəmiz Avropa ilə Orta Asiya, ümumilikdə Qərblə Asiya arasında körpü rolunu oynayır. Bu da təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və uğurlu siyasətin nəticəsidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Azərbaycanın Avropa ilə Orta Asiya arasında əməkdaşlıqda oynadığı mühüm rol avropalı rəsmilər tərəfindən də etiraf olunur: “Mən bu məqama bir qədər sonra toxunacam. Hələlik isə qeyd edim ki, son vaxtlar Prezident İlham Əliyevin Orta Asiya respublikalarına səfərləri, o cümlədən imzalanan sənədlər türk dünyasında yeni tərəqqinin və əməkdaşlığın əsasını qoyur. Heç şübhəsiz ki, bütün bunlar eyni zamanda Azərbaycanın həm qardaş türk respublikaları ilə əlaqələrinin güclənməsinə, həm də regional və qlobal düzəndə yerinin daha da möhkəmlənməsinə səbəb olur. Bu həmçinin Türk Dövlətləri Təşkilatının da güclənməsinə təkan verir”.
Vüqar İskəndərov bildirib ki, Azərbaycan nəinki türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində, həmçinin, Qərblə Asiya, daha dəqiq desək, Qərblə türk dövlətləri arasında etibarlı əməkdaşlığın yaranmasında da mühüm rol oynayır: “Mən bu baxımdan Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısının da üzərində dayanmaq istəyirəm. O toplantı çərçivəsində keçirilən görüşlər, səslənən fikirlər dediklərimizin növbəti sübutudur. Qərblə Orta Asiya arasında körpünün yaradılmasından söz düşmüşkən, mən açıqlamanın əvvəlində qeyd etdiyim məqamın üzərində dayanmaq istəyirəm. Xatırladım ki, bu ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Layen Azərbaycana rəsmi səfəri zamanı maraqlı bir paylaşım etmişdi. Sözügedən paylaşımda xanım Ursula fon der Layen məhz Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əməkdaşlığın qurulmasına və gücləndirilməsinə nail olacaqlarını bildirmişdi. Hesab edirəm ki, bu da təsadüfi deyil. O mənada ki, Avropa İttifaqı Azərbaycanı bütün bir regionun, yəni Orta Asiya və Qafqaz regionunun mərkəzi dövləti kimi görür. Orta Asiyaya Azərbaycan vasitəsilə körpü salınması istəyinin kökündə də yenə də məhz Azərbaycanın Orta Asiya türk dövlətləri ilə qurduğu əlaqələrə verilən önəm dayanır. Görünən odur ki, Azərbaycanın atdığı addımlar, o cümlədən Orta Asiyanın türk dövlətləri ilə bütün sahələri əhatə edən əməkdaşlıq bu regionla Avropanın gələcək əməkdaşlığı üçün də vasitə, körpü rolunu oynayır”.