Bakı. Ağa Cəfərli-APA. “Sərhəd” hərbi-idman oyunları başa çatıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidməti rəisinin, Təhsil Nazirinin, Gənclər və İdman Nazirinin birgə qərarı əsasında üç mərhələdə keçirilən “Sərhəd” hərbi-idman oyunlarında bu il 28 sərhədyanı rayonun 136 məktəbinin 680 şagirdi iştirak edib.
Toplanılan ümumi balların miqdarına görə Ordubad rayonunun internat məktəbinin “Dübəndi” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin “Ləkin” komandası ikinci, Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin “Zeyxur” komandası isə üçüncü yeri tutublar.
İyun ayının 11-də Lənkəran Sərhəd Dəstəsində oyunların yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Azad Ələkbərov, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə qaliblər kubok, Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.