Parlamentdən APA-ya verilən məlumata görə, Z. Əsgərov Azərbaycanla Vyetnam arasında hələ sovet dövründən yaxşı münasibətlərin olduğunu, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin ötən il Vyetnama səfərini xatırlayan Z.Əsgərov bildirib ki, münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu var: “Qarşılıqlı münasibətlərin inkişafının nəticəsidir ki, Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir, indi isə tezliklə Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq”.
Z. Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi qeyd edib. Azərbaycanın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsi olduğunu deyən birinci vitse-spiker qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bu münaqişəyə dair BMT-nin 4 qətnaməsinin hələ də icra olunmaması və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verib.
Vyetnamın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyən səfir Nquyen Than Şon bildirib ki, bu işin daha sürətli olması üçün var qüvvəsi ilə çalışacaq. Səfir Azərbaycanın sülh, sabitlik və əmin-amanlığın qorunması istiqamətindəki səylərini dəstəklədiklərini diqqətə çatdırıb. Ölkələrimizin mövcud dostluq münasibətlərindən danışan vyetnamlı diplomat qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.