Bank Of Baku

® Deputatlığa namizəd Rüfət Quliyev seçki platformasını açıqlayıb

<font color=red>® </font>  Deputatlığa namizəd Rüfət Quliyev seçki platformasını açıqlayıb
# 17 oktyabr 2015 08:20 (UTC +04:00)

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Quliyevin seçki platforması:

 

“V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsinə çox az vaxt qalıb. 2010-cu ildə keçirilən parlament seçkilərindən ötən dövrdə Azərbaycan  dövləti hər cəhətdən daha da qüvvətlənmiş və bir çox uğurlara imza atıb, dəfələrlə beynəlxalq miqyaslı cahanşümul tədbirlərin ev sahibi rolunda çıxış edib. Qazanılan bütün uğurlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasət kursunun təntənəsi, Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafı istiqamətində göstərdiyi titanik səylərin məntiqi nəticəsi, xalqla iqtidarın birliyinin bariz təcəssümüdür.

Heç şübhə yoxdur ki, qarşıdakı parlament seçkilərində də xalqımız öz düzgün seçimini edəcək və iradəsini ifadə edərək, möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafına, diversifikasiyasına nail olacaq, hüquqi əsaslara söykənən dövlətçiliyimizin daha da qüdrətlənməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yönündə həyata keçiriləcək vəzifələrin yerinə yetirilməsi üçün möhkəm və fundamental baza yaradacaq.

Bundan ötrü hamımız Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinə və demokratik dəyərlərə sadiqlik nümayiş etdirməli, hər birimiz bütün qüvvə və bacarığımızı xalqımızın rifah halının daha da yaxşılaşması və tərəqqisinə həsr etməli, Azərbaycanımızın yeni zirvələrə yüksəlməsinə çalışmalıyıq.

Güclü iqtisadiyyat, qüdrətli dövlət, firavan həyat və Qarabağ probleminin həlli bizim fəaliyyətimizin əsas amalı, məqsədi və istiqaməti olmalıdır.

Mənə etimad göstərilərsə, Milli Məclisin deputatı kimi bütün qüvvə, bacarıq və imkanlarımı aşağıdakı vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səfərbər edəcəyəm;

Bu iqtisadçı alim kimi elmi və təcrübi biliklərimi ölkədə iqtisadi islahatların davam etdirilməsinə, respublikamızın dünya iqtisadi məkanına inteqrasiyası prosesinə, onun beynəlxalq aləmdəki müsbət imicinin daha da möhkəmlənməsinə sərf etmək; “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində Lənkəran rayonunda həyata keçiriləcək işlərə öz töhfəmi vermək məqsədilə rayonun problemlərini dərindən öyrənmək, zəruri hallarda Milli Məclisin plenar iclaslarında çıxış edərək onların həllinə nail olmaq;

Yerli istehsalın inkişafı üçün sahibkarlara və fermerlərə uzunmüddətli güzəştli kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsi və asanlaşdırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə mikrokreditlər verilməsinə köməklik göstərmək;

Qeyri-neft sektorunun yüksələn xətlə inkişafına dəstək kimi Lənkəranın unikal imkanlarını səfərbər edib, kənd təsərrüfatının hərsahəli inkişafı üçün təşəbbüs göstərərək ona nail olmaq ki, kənddə yaşayan hər bir ailə öz istehsal etdiyi məhsullar ilə özünü təmin etsin  və üstəlik bazara mal çıxara bilsin. Çalışmaq lazımdır ki, pay torpaqları istifadəsiz qalmasın, kəndli torpağa üz tutsun və həm öz rifah halını yaxşılaşdırsın, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini versin. Bu sahə həmişə mənim diqqət mərkəzimdə olacaq;  

İnvestisiyaların təşviqi sahəsində təcrübəmdən, iş adamları ilə əlaqələrimdən istifadə edərək kənd təsərrüfatının, xüsusilə çayçılığın, tərəvəzçiliyin, çəltikçiliyin, subtropik bitkilər istehsalının inkişaf etməsi və yeni emal sahələrinin yaradılması, rayondakı turizm potensialından istifadə edilməsi, turizm biznesinin inkişafı üçün beynəlxalq maliyyə qurumlarının, imkanlı xarici və yerli şirkətlərin rayona sərmayə qoymasına, nəticədə istehsal həcminin artmasına və yeni iş yerlərinin açılmasına nail olmaq;

Nüfuzlu, təcrübəli hüquq və konsaltinq şirkətlərinin mütəxəssislərini yerli sahibkarlar üçün biznes-layihələrin hazırlanmasına cəlb etmək;

Kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperaiyası haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı Lənkəran rayonu barədə təkliflərlə çıxış edib, işlək Qanunun hazırlanıb qəbul edilməsində yaxından iştirak etmək;

Lənkəran rayonunda aqroparkın yaradılmasının məqsədəuyğunluğunu müvafiq strukturlarla dərindən təhlil edib, zəruri halda məsələni aidiyyəti qurumlar qarşısında qaldırmaq;

İqtisadçı alim kimi Azərbaycanda Təşviq Sisteminin yaradılmasına - yəni ölkədə idxalı əvəz edən və ixraca gedən yüksək keyfiyyətli və rəqabətə davamlı məhsulların istehsalını artırmaq, istehsal sahələrində yeni yüksək məhsuldarlıqlı texnologiyaların tətbiqi prosesi üçün öz tövsiyə və məsləhətlərini vermək, Lənkəran rayonunun bu prosesdə yaxından iştirakına nail olmaq;

Rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkarların tərəvəz və bostançılıq məhsullarının Rusiya və MDB ölkələrinin bazarlarına çıxarmaları üçün birbaşa bu ölkələrin sahibkarları ilə əlaqə saxlamalarına, onlarla işgüzar münasibətlər yaratmalarına köməklik göstərmək;

Kənd təsərrüfatı məhsullarının MDB ölkələri bazarlarına çıxarmaq üçün Lənkərandan Rusiyanın bir neçə şəhərinə birbaşa təyyarə reyslərinin açılması məsələsi ilə yaxından məşğul olmaq;

Kəndlərdə məhsulun alınmasını təşkil etmək məqsədilə şəxsi firmaların yaranması üçün təşəbbüs göstərmək;

Kəndlərdə və kəndlərlə şəhərarası yollarda məhsulların satışını asanlaşdırmaq üçün müvafiq orqanlarla birlikdə zəruri iş aparmaq;

Mütəmadi olaraq respublikanın aidiyyəti qurumları qarşısında Lənkəran rayonu üçün zəruri olan infrastruktur obyektlərinin tikilməsi, mühəndis-kommunikasiya sistemlərinin dayanıqlı iş rejiminin təmin edilməsi məsələlərini qaldırmaq;

Çoxuşaqlı ailələrin, əhalinin aztəminatlı təbəqələrinin, xüsusilə də müəllimlərin və tibb işçilərinin, təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq;

Qarabağ müharibəsi, Əfqanıstan və Çernobıl faciəsi şəhidləri ailələrinin, əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, onların sağlamlıqlarının bərpası, dayaq-ortopedik vasitələrlə təmin olunması sahəsində dövlət qayğısının artırılmasına səy göstərmək;

Lənkəran Dövlət Universitetində, rayonun orta və orta ixtisas məktəblərində oxuyan xüsusi istedadlı gənclərin imkanlı şirkət və şəxslərin hesabına təhsillərini Lənkəran rayonu üçün lazım olan ixtisaslara aid xarici ölkələrin nüfuzlu təhsil ocaqlarında davam etdirmələrinə köməklik göstərmək, Universitetin yuxarı kurs tələbələrindən əlaçıların seçilərək müxtəlif aparıcı şirkətlərdə istehsalat və idarəetmə təcrübəsi keçməsi, təhsil və təcrübəni uğurla başa vuranlar üçün gələcəkdə müvafiq iş yerləri ilə təmin olunmaları üçün əməli tədbirlər görmək, universitetin kitabxanasının zəruri kitab fondu ilə təmin olunmasına kömək etmək;

Özümün də təhsil aldığım 4 saylı humanitar təmayüllü məktəb-liseyin ötən deputatlıq fəaliyyətim dövründə olduğu kimi yenə də tədris şəraitinin yaxşılaşdırılmasına, şagirdlərin dünya görüşü və biliklərini artırmaq üçün onların yeni ədəbiyyat və əyani vəsaitlərlə təmin edilməsinə, Rusiya, Ukrayna və MDB-nin digər ölkələrinin ali təhsil ocaqlarına daxil olan tələbələrə zəruri köməklik göstərmək;

Musiqi məktəblərində, mədəniyyət ocaqlarında təhsil alan və işləyən gənclərə, yeniyetmələrə qayğı, gənc istedadlara dövlət himayəsinin gücləndirilməsi, yerli sənətkarlığın, bədii və tətbiqi sənət, incəsənət növlərinin inkişafı sahəsində təşəbbüsləri dəstəkləmək;

Lənkəran Dövlət Universitetində müsiqi fakültəsinin açılmasına köməklik göstərmək;

İdman nailiyyətləri ilə fərqlənən gənclərin respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakına, rayonun özündə də belə yarışların keçirilməsinə kömək etmək;

Xəzər dənizinin Lənkəran sahəsinin əsrarəngiz gözəlliyini, onun qumunun müalicəvi xüsusiyyətlərini nəzərə alaraq, turizm biznesini yaratmaq məqsədilə Lənkəran plyajının fəaliyyətinin yenidən qurulması, orada zəruri şəraitin yaradılması, mədəni-istirahət və infrastruktur obyektlərinin yaradılması üçün təşəbbüs göstərmək,

Rayon İcra Hakimiyyəti ilə sıx əlaqə şəraitində seçicilərin işlə təmin olunmaları, zərurət olduqda ünvanlı sosial dövlət yardımı almaları, sosial və digər mənzil-məişət problemlərinin həlli ilə əlaqədar məqsədyönlü iş aparmaq;

Əvvəllər olduğu kimi yaşlı və ahıl insanları, təqaüdçüləri xüsusi qayğı ilə əhatə etmək, “Veteranlar Klubu”nun yarana biləcək problemlərini yenə də diqqət mərkəzində saxlamaq və onların həllini təmin etmək;

Əlillər və yaxşı əl qabiliyyəti olan şəxslərin fərdi əməyə cəlb olunması, onlar üçün müxtəlif süvenirlər, tətbiqi sənət nümunələri hazırlayan emalatxana və sexlərin açılması istiqamətində iş aparmaq;

Lənkəran şairlərinin, yazıçılarının və respublikanın tanınmış ədəbiyyat xadimlərinin ictimaiyyətin nümayəndələri ilə görüşlərinin təşkilinə, həmçinin onların yaradıcılıq gecələrinin keçirilməsinə köməklik göstərmək;

Lənkəran Tibb, Lənkəran Dövlət Humanitar Kolleclərində və peşə liseylərində təhsil alan tələbələrin bilik səviyyələrinin artırılması məqsədi ilə Bakıdan dəvət edilmiş tanınmış müəllim və mütəxəssislərin iştirakı ilə mühazirələrin oxunmasını, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmlənməsinə dəstək göstərmək,

Lənkəran Dövlət Universitetinin tələbələrinin istehsalatla sıx əlaqələrini yaratmaq məqsədi ilə onların rayonda fəaliyyət göstərən respublikanın ən iri, müasir texnologiyalarla təchiz olunmuş və dünya standartları səviyyəsində məhsullar istehsal edən “Gilan Holdinq”-in konserv zavodunda təcrübə keçməsini təşkil etmək;

Deputatlıq fəaliyyətimdə qazandığım əvvəlki təcrübədən istifadə edərək, Milli Məclis və Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının xəttilə MDB məkanı ölkələrində xidməti səfərlərdə olarkən həmişə oradakı Azərbaycan diasporu üzvləri ilə, xüsusilə Lənkəranlılarla sıx əlaqələr saxlamaq, Azərbaycan həqiqətlərini bu ölkələrin ictimaiyyətinə çatdırmaq üçün mütəmadi olaraq press-konfranslar keçirmək, kütləvi informasiya vasitələrində çıxışlar edib, müsahibələr vermək;

Seçicilərlə sıx ünsiyyətdə olmaq, qəbullar və görüşlər keçirmək məqsədilə Lənkəran şəhərində daimi fəaliyyət göstərən “Deputat otağı”nın gündəlik fəaliyyətini davam etdirmək və daha da təkmilləşdirmək. Seçicilərin arzu və təkliflərinin operativ surətdə öyrənib, tədbirlər görmək məqsədilə yenə də orada “Qaynar xətt” telefonunun xidmətindən istifadə etmək, mütəmadi olaraq rəy sorğuları keçirmək və ayda bir dəfədən az olmayaraq seçiciləri qəbul etmək, yerlərdə səyyar görüşlər keçirmək. Qaldırılan aidiyyəti məsələlərin həlli üçün konkret tədbirlər görmək, deputat səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün müvafiq dövlət qurumlarına deputat sorğuları göndərmək və onların həllinə nail olmaq.

Mən öz potensialıma, bacarıq və qabiliyyətimə güvəndiyim kimi, seçicilərimin mənə etimad göstərəcəyinə də inanıram. Məqsədim Milli Məclisin deputatı kimi seçicilərimi ölkənin Ali Qanunverici Orqanında yenə də ləyaqətlə təmsil etmək, zəruri və işlək qanunların işlənib hazırlanması və qəbul olunmasına, onların yerlərdə həyata keçirilməsinə, doğma Lənkəranımızın və Azərbaycanımızın hərsahəli tərəqqisinə çalışmaqdır”!

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR