Bakı-APA. “Seçki təbliğatının qızğın dövrünü yaşayıram. Bütün günü qərargahdayam, mitinqlərimi, seçicilərlə görüşlərimi planlaşdırıram, qərargah üzvlərinə gündəlik tapşırıqlarımı verirəm”.
Bunu APA-ya deputatlığa namizəd Adil Əliyev deyib. Onun sözlərinə görə, media strukturları və jurnalistlər bu işləri geniş şəkildə işıqlandırır: “Buna görə sağ olsunlar. Ancaq həmişəki kimi, bulanıq suda balıq tutmaq istəyənlər peyda olub. Bu gün dostlardan biri söylədi ki, adını ilk dəfə eşitdiyim saytlardan biri əleyhimə nəsə cızma-qara yazıb. Mən tənqidə dözümlüyəm, fikir müxtəlifliyinə də normal yanaşıram. Ancaq şantaja, yalana, iftiraya dözümsüzəm. Yenə də deyirəm, hazırda başım seçki təbliğatına qarışıb. Ancaq şərəf və ləyaqətə toxunanlarla və onlara iftira yazını sifariş verənləri (kim olduqları haqqında məlumatım var) buradan bir daha xəbərdar edirəm. Yalan və iftiraya görə cinayət məsuliyyətinə cəlb olunacaqsınız! Hazırda vəkilimlə məsləhətləşirəm. Adını çəkməyi lüzum bilmədiyim reket saytın rəhbərliyi və onlara bu yazını sifariş verənlər haqqında məhkəmə iddiası qaldırmaq hüququnu özümdə saxlayıram. Və buradan onu da demək istəyirəm ki, məhkəməyə müraciət etsəm, kimsə qapıma gəlib, məndən xahiş, minnət etməsin. Necə dəfə yalançıları, iftiraçıları məhkəməyə vermək istəmişəm, qohumlarını, dostlarını üstümə göndəriblər, “sən Allah, bağışla onları” deyiblər. Mən də bağışlamışam. Bu dəfə bağışlamayacağam! Azad sözə və həqiqi mətbuat nümayəndələrinə hörmətim sonsuzdur, ancaq reket jurnalistlərlə və saytlarla mübarizənin bir yolu var: Məhkəmə! Bir daha sizi xəbərdar edirəm, özünüzü yığışdırın!”