Bakı. Ramiz Mikayıloğlu - APA. “Saxta vəsiqə məsələsini biz özümüz ictimailəşdirmişik və əlimizdəki konkreti faktı ortaya qoymuşuq. Ancaq görünür, Müsavat Partiyası adından saxta vəsiqələrin verilməsi işi ilə məşğul olan adamlar bu fəaliyyətimizdən narahat oldular”.
APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında deyib.
A. Hacılı bildirib ki, kimlərsə Müsavat Partiyası adından təqdim etdikləri sənədlərin aşkarlanmasından narahat olur: “Eyni zamanda Müsavat Partiyasının Avropanın bir çox ölkələrində ciddi dayaqlarının olması opponentlərimizi narahat edir. Biz saxta vəsiqə məsələsi ilə bağlı siyasi cavablar vermişik. Amma məsələlər hüquqi müstəvidə həll olunmalıdır. Kim Müsavat Partiyasının adından saxta vəsiqələr təqdim edibsə, Azərbaycan və Avropa məhkəmələrində bu məsələləri qaldıracağıq. Hücumlar bu səylərimizi durdurmayacaq”.