Bank Of Baku

Asim Mollazadə: “Qərbdə Azərbaycana qarşı kampaniya aparanlar beynəlxalq erməni təşkilatlarıdır”

Asim Mollazadə: “Qərbdə Azərbaycana qarşı kampaniya aparanlar beynəlxalq erməni təşkilatlarıdır”
# 13 may 2015 14:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə Avropada Azərbaycana qarşı aparılan təbliğat kampaniyası, o cümlədən Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrə həsr olunan müzakirə keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin sədr müavini, Azərbaycan-Avropa Parlamenti əməkdaşlıq qrupunun rəhbəri Valeh Ələsgərov, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Çıxış edən V. Ələsgərov və deputat Azay Quliyev Avropa Oyunları yaxınlaşdıqca Avropada Azərbaycana qarşı bəzi qüvvələr tərəfindən qarayaxma kampaniyasının gücləndirildiyini deyiblər. A. Quliyev bildirib ki, bu kampaniyaları təşkil edənlərin çoxu Avropa Parlamentində uydurma “erməni soyqırımı” barədə qətnamənin qəbul edilməsində təşəbbüskar rolunu oynayanlardır: “Dolayısı ilə onlar Azərbaycanda guya insan haqları ilə bağlı problemləri qabardaraq Ermənistanın xeyrinə işləyirlər. Bu, Ermənistanın, erməni lobbisinin son vaxtlar geniş vüsət alan kampaniyasının tərkib hissəsidir. Göstərmək istəyirlər ki, guya Azərbaycanda insan haqları pozulur və belə olan halda Dağlıq Qarabağdakı ermənilər Azərbaycan dövlətində necə yaşaya bilərlər. Təbii ki, bunlar hamısı düşmənin məkridir”.

 

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev qeyd edib ki, Azərbaycana qarşı aparılan bu kampaniyanın arxasında bir neçə məqsəd dayanır: “Azərbaycanı müstəqil siyasətindən sapdırmaq və Dağlıq Qarabağ münaqişəsini ermənilərin xeyrinə həll etmək niyyəti var. Bizi ittiham edən Avropa ölkələrinə baxdıqda görürük ki, orada siyasi korrupsiya mövcuddur. Siyasi korrupsiya dedikdə, lobbiçilik fəaliyyətlərinin qeyri-şəffaf olduğunu qeyd edə bilərik. Avropa İttifaqı ölkələri ilə bağlı Beynəlxalq Şəffaflıq Təşkilatının apardığı hesabatda da qeyd olunub ki, Avropa ölkələrində siyasi korrupsiya geniş yayılıb”.

 

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, bəzi dairələr insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycana qarşı çirkli kampaniya aparırlar. O, Azərbaycana qarşı kampaniya aparan xarici QHT-ləri 3 qrupa ayırıb: “Bunlardan birincisi Azərbaycana qarşı düşmən mövqeyində olan QHT-lərdir. Digər qrup sifariş yerinə yetirən QHT-lərdir. Bu təşkilatlar Azərbaycana qarşı kampaniyada iştirak edirlər. Başqa bir qrup isə yanlış informasiya əsasında Azərbaycana dair mənfi məlumatlarla yüklənən təşkilatlardır”.

 

Deputat Çingiz Qənizadə cinayət törətməyən və hansısa ab-havaya qoşulub Azərbaycandan Avropaya mühacirət edənlərlə sıx əməkdaşlıq qurulmasını tövsiyə edib: “Onlar onsuz da Azərbaycan üçün yanırlar, vətən həsrəti ilə yaşayırlar. Eyni zamanda, orada yaxşı təşkilatlanırlar. Biz onlarla əməkdaşlıqdan fayda görə bilərik. Bunda onların özləri də maraqlıdır”.

 

Deputat Asim Mollazadə isə xarici mətbuatda Azərbaycana qarşı 4500-ə yaxın məqalə dərc olunduğunu söyləyib: “Bunlar təkcə insan hüquqları ilə bağlı deyil. Harada Azərbaycanı ləkələmək imkanları varsa, ondan istifadə edirlər. Bunun da səbəbi beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsidir. Qərb ölkələrindən gələnlər Azərbaycandakı inkişafın şahidi olub, bu kampaniyanın yalan olduğunu görürlər. Bu kampaniyanı aparanlar beynəlxalq erməni təşkilatlardır. Ermənilər Ukrayna məsələsindən sonra anlayırlar ki, Dağlıq Qarabağ problemi dünyaya açılmalıdır. Vaxtilə “Human Rights Watch”un azərbaycanlı əsirlərin orqanlarının ermənilər tərəfindən çıxarılması ilə bağlı hesabatı bütün saytlardan yığışdırılıb. Çünki həmin təşkilatın tərkibinə ermənilər daxil olub. Təklifim odur ki, biz bu işləri Avropada aparmalıyıq. Onları yerində ifşa etməliyik”.

 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri A.Quliyev bildirib ki, Azərbaycan QHT-ləri Avropada obyektiv fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığa hazırdırlar: “Bu və digər məsələlərlə bağlı kimin təklifi varsa, yazılı müraciət etsin, biz maliyyələşdirməyə hazırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR