APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zanyer deyib.
O, ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı qərarını xarici işlər naziri Elmar Məmmədyarov və DTİHB rəhbəri ilə keçirilən görüşdə müzakirə etdiyini söyləyib: “Həqiqətən də biz indi elə vəziyyəti müşahidə edirik ki, bu, təəssüf doğurmaya bilməz. Təəssüflər olsun ki, Azərbaycan hökuməti ilə razılığa gəlməyə nail olunmayıb. Mənim bu məsələnin detalları ilə bağlı fikir bildirməyim doğru olmazdı. Amma görünür ki, tərəflər razılıq əldə etmək şansını əldən veriblər. Bildiyiniz kimi, təşkilatın seçkilərlə bağlı müəyyən reqlamenti, müəyyən prosedur var. Azərbaycan tərəfindən göndərilən sorğu var. Bununla bağlı Azərbaycanla DTİHB arasında fikir ayrılıqları yaranıb. İkitərəfli məsləhətləşmələrdə ATƏT Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun necə fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunmayıb. Ümid edirəm ki, Vyanada keçiriləcək məsləhətləşmələrdə bu məsələyə aydınlıq gətiriləcək. Düşünürəm ki, iki tərəf arasında məsləhətləşmələr davam etməlidir”.