Parlamentdən APA-ya verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə “Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara dəyişikliklər daxildir.
Z. Əsgərov diqqətə çatdırıb ki, “Dövlət sirri haqqında” qanuna təklif olunan dəyişikliklər dövlət sirrinin mühafizəsi və dövlət sirri ilə işləməyə buraxılacaq şəxslərin kateqoriyasının dəqiqləşdirilməsi ilə bağlıdır.
Komitə sədri qeyd edib ki, bu dəyişikliklər dövlət sirri ilə işləməyə buraxılacaq şəxslərin məsuliyyətinin daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Gündəlikdəki ikinci məsələ barədə danışan Z. Əsgərov bildirin ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna ediləcək dəyişiklik də eyni məzmunludur və “Dövlət sirri haqqında” qanuna uyğunlaşdırılma məqsədi daşıyır.
Hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.