Bank Of Baku

Əli Əhmədov: “Bələdiyyələrdə qadınların 30 faiz təmsil olunması kifayət deyil”

Əli Əhmədov: “Bələdiyyələrdə qadınların 30 faiz təmsil olunması kifayət deyil”
# 24 may 2014 10:14 (UTC +04:00)

“Qadınların təkcə Bakı, Gəncə və regional mərkəzlərdə deyil, kəndlərdə, ucqar bölgələrdə də fəallığını artırmaq lazımdır”

 

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanın həyatındakı müsbət dəyişikliklər Azərbaycan qadınının həyatında da əksini tapıb. Bu, hər bir qadının Azərbaycanın həyatında necə əhəmiyyətli rol oynadığını dərk etməsində özünü göstərir”.

 

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Ümumrespublika Konfransında baş nazirin müavini, YAP icra katibi-sədr müavini Əli Əhmədov söyləyib.

 

Ə. Əhmədov deyib ki, qadının ictimai həyatda cəmiyyətin ümumi inkişafında çox mühüm rol oynayır: “Azərbaycan cəmiyyətinin 50 faizini qadınlar təşkil edir. Biz bu potensialdan istifadə edərək Azərbaycanın daha da inkişafına nail ola bilərik”.

 

Ə. Əhmədov bildirib ki, ötən 5 il ərzində qadınların ictimai həyatda rolu artıb və bu, həm də YAP Qadınlar Şurasının fəaliyyətinin nəticəsidir. Onun sözlərinə görə, YAP Qadınlar Şurası Asiya Siyasi Partiyaların Şurasının fəaliyyətində də aktiv iştirak edir və bu, YAP Qadınlar Şurasının artıq beynəlxalq aləmdə fəaliyyətinin genişlənməyə başladığından xəbər verir: “Ötən beş il ərzində YAP Qadınlar Şurası ciddi nailiyyətlər əldə edib, bu, növbəti beş ildəki uğurlara zəmin yaradır. Biz ötən 10 ilə istinad edərək qarşıdakı 10 ildə daha əzəmətli inkişafa nail olmağa çalışmalıyıq. İnanıram ki, YAP Qadınlar Şurası bu istiqamətdə səmərəli fəaliyyət göstərəcək”.

 

Ə. Əhmədov bildirib ki, qadınların təkcə Bakıda, Gəncədə, regional mərkəzlərdə deyil, kəndlərdə, ucqar bölgələrdə də fəallığını artırmaq lazımdır və bu istiqamətdə çalışdıqlarını qeyd edib: “Cəmiyyətin ayrı-ayrı sferalarındakı problemlərin cəmiyyətin diqqətinə çatdırılmasında YAP Qadınlar Şurasının aktiv fəaliyyət göstərəcəyinə inanıram. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Əvvəllər bələdiyyələrdə 2-3 faiz təmsil olunurdu 2009-cu ildə YAP-ın təşəbbüsü ilə qadınlar bələdiyyə seçkilərində, aktiv iştirak etdilər və nəticədə bələdiyyələrdə təmsil olunan qadınların sayı 30 faizə çatdı. Bələdiyyələrdə qadınların 30 faiz təmsil olunması kifayət deyil, bu il keçiriləcək bələdiyyə seçkilərində qadınların daha çox uğur qazanacağına inanıram. Azərbaycanın idarəçiliyində qadınlar aktiv iştirak edir. Qadınlar nə qədər çox idarəçilik sferalarında təmsil olunsa, problemlərin qərar qəbul edilən yüksək orqanlara çatdırılması daha effektiv olar”.

 

Ə. Əhmədov deyib ki, qadın hüquqlarının qorunması dövlət strukturları ilə bərabər YAP və YAP Qadınların Şurasının qarşısında duran məsələlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, YAP sıralarında təmsil olunan 300 minə yaxın qadın partiyanın fəaliyyətində mühüm rol oynayır: “Qadınlar Şurasının yenidən seçiləcək rəhbərliyinin, yeni tərkibin daha böyük uğurlar əldə edəcəyinə inanıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR