Bakı. Ramiz Mikayıloğlu - APA. “1990-cı illərin əvvəllərində Azərbaycanın daxili informasiya sistemləri, o cümlədən informasiya yaratma, ötürmə, ümumiləşdirmə və təhliletmə vasitələri, şəbəkə və xətləri ya iflic olmuş, ya da bütövlükdə xarici ölkələrin nəzarəti altına keçmişdi”.
APA-nın məlumatına görə, bu, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə yer alıb.
Ə. Həsənov qeyd edib ki, müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub. O bildirib ki, 1990-cı illərin əvvəllərində bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi, ideoloji təbliğat fəaliyyəti Azərbaycan ərazisində əhalinin bəzi sosial və milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırıb, müstəqil dövlətin əsaslarına, vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaradıb: “Xarici dairələr bununla kifayətlənməyərək Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə təsir göstərmək məqsədi ilə çoxsaylı dini, ideoloji, informasiya və təbliğat şaxələri yaradıb və öz məqsədləri üçün istifadə ediblər. Belə təxribatçı hərəkətlər isə ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə və daxili anarxiyanın yaranmasına yönəlib. Xüsusən nəzərə alınsa ki, o dövrün bütün informasiya texnologiyaları – telefon, peyk vasitəsi, İnternet, o cümlədən informasiya ötürmə sistemləri, Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin istifadə etdiyi digər informasiya vasitələri bütövlükdə xarici ölkələrin və beynəlxalq informasiya güclərinin nəzarəti altında idi, bu halda ölkənin informasiya təhlükəsizliyi sahəsindəki problemləri və boşluqları təsəvvür etmək o qədər də çətin olmaz”.
Ə. Həsənov qeyd edib ki, bütün bunlar və digər proseslər 1990-cı illərin birinci yarısında Azərbaycan hakimiyyəti qarşısında məxsusi informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin formalaşdırılması, milli informasiya fəaliyyətinin vahid strategiyasının hazırlanması və həyata keçirilməsi kimi təxirəsalınmaz vəzifələr qoyub: “1993-cü ildən başlayaraq prezident Heydər Əliyevin rəhbərliyi altında özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti həyata keçirilməyə başlandı. Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və dövlət həyatının bütün sahələrində tətbiq olunmağa başlanıldı. Azərbaycan hakimiyyəti bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi”.