Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyası adından parlament seçkilərinə namizəd olacaq şəxslərin öhdəliyi haqqında sənəddə prinsipial məsələlər yoxdur”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının sabiq müavini, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvü Mehman Cavadoğlu deyib.
Xatırladaq ki, Müsavat Məclisinin aprelin 4-də keçirilən toplantısında qəbul edilən təlimata əsasən, Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər. Bu sənəd partiyanın bəzi üzvləri tərəfindən birmənalı qarşılanmayıb.
M. Cavadoğlu isə bildirib k, sənəddə təəccüb doğuracaq məqamlar yoxdur: “Çünki Müsavatın bütün üzvləri o öhdəlikləri partiyaya qəbul olanda üzərilərinə götürüblər. Hər bir müsavatçı partiyanın qərarlarına qeyd-şərtsiz tabedir”.
O, Vurğun Əyyubun səsvermə olmadan Məclis üzvlüyündən çıxarılmasına da münasibət bildirib: “Məsələ burdadır ki, Vurğun Əyyub özünü Məclis üzvü hesab etmirdi və dəfələrlə bu Məclisdə olmayacağını bəyan etmişdi. Burda yazılmamış bir anlaşılmazlıq var idi. Ona görə də mən bu məsələdən faciə düzəltməyin əleyhinəyəm. Çünki Vurğun Əyyub özü könüllü şəkildə Məclisdən imtina etmişdi. Əgər adam Məclisdən imtina edirsə, qəti şəkildə toplantılara qatılmayacağını bildirirsə, bundan sonra formal proseslər o qədər əhəmiyyət kəsb etmir”.
M. Cavadoğlu deputatlığa namizəd olub-olmayacağı barədə hələlik qərar vermədiyini vurğulayıb.