"Azərbaycan hazırda mühüm əhəmiyyətli ictimai-siyasi hadisə ərəfəsindədir. Ölkəmizdə aprel ayının 11-də prezident seçkiləri keçiriləcək. Seçkilərin demokratik əsaslarda baş tutması üçün bütün ictimai və institusional şərtlər təmin edilib".
Bunu APA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
H. Babaoğlu bildirib ki, əhəmiyyətli məsələlərdən biri də odur ki, Azərbaycan özünün müstəqillik və demokratiya tarixinin ən güclü dövrünü yaşayır: "Ölkəmiz geostrateji mövqeyini daim gücləndirir, mühüm qlobal iqtisadi layihələr həyata keçirir, vətəndaşların rifahını və yaşam keyfiyyətini yüksəldir, güclü ordu qurur. Bütün bunlar isə antiazərbaycançı mərkəzləri olduqca narahat edir. Əvvəllər müxtəlif islamofob və dırnaqarası hüquq müdafiəçiləri olan qeyri-hökumət təşkilatları vasitəsilə Azərbaycanın beynəlxalq imicinə zərər vermək istəyən qruplar indi bunu daha çox süni "mühacirlər" vasitəsilə etməyə çalışırlar. Bu süni "mühacirlər" vasitəsilə qarayaxma və ictimai rəylə manipulyasiya siyasəti həyata keçirmək istəyirlər. Eyni zamanda bu işə daxili marginal qrupları da cəlb etməklə, süni mitinqlər təşkil etməyə çalışırlar. Ancaq heç bir halda ciddi nəticə əldə edə bilmirlər. Çünki hazırda Azərbaycanda mitinqlərin keçirilməsi ictimai sifariş deyil . Mitinqi zəruri edən səbəblər yoxdur".
H. Babaoğlu qeyd edib ki, təbii sosial siyasi proseslər mitinq məsələsini aktuallaşdırmayana qədər də süni şəkildə ictimai ovqatı mitinq əhval-ruhiyyəsinə kökləmək mümkün olmayacaq: "Təəssüf ki, öz fəaliyyətini ölkənin real ictimai münasibətləri ilə deyil, xarici qüvvələrin diqtəsilə müəyyənləşdirən bir qrup siyasi macərapərəst mart ayının 10 mitinq keçirməklə bağlı uğursuz cəhd etdi və növbəti dəfə cəmiyyət qarşısında özünü ifşa etdi. Ancaq şübhəsiz ki, mitinq qərarının kortəbii verildiyini də söyləmək doğru olmazdı".
Millət vəkili vurğulayıb ki, hazırda ölkənin ictimai-siyasi həyatında mühüm siyasi fəallıq mərhələsidir, seçkilərə hazırlıq gedir: "Seçkilərin demokratik əsaslarda keçirilməsi üçün mühüm faktorlardan biri olan sabitlik mövcuddur və ölkənin müvafiq institusional qurumları, demokratik təsisatları bunun təmin edilməsi üçün effektiv fəaliyyət göstərir. Ancaq görünür ki, milli maraqlarımızın lehinə olan belə vəziyyət bəzi antiazərbaycançı mərkəzləri qane etmir. Ona görə də daxilimizdəki marginal qruplar vasitəsilə xaos yaratmaqla demokratik proseslərə kölgə salmaq istəyirlər. Bunun üçün kifayət qədər maddi resursları da səfərbər edirlər. Ancaq göründüyü kimi, mitinq adlandırdıqları məcburi toplantıya min-min beş yüzdən artıq insan cəlb edə bilmirlər. Ona görə ki, Azərbaycan cəmiyyəti siyasi hazırlıq baxımından kifayət qədər yetkin cəmiyyətdir və belə mitinqlərin ölkədaxili sabitliyi pozmağa və milli maraqlarımıza zərbə vurmağa hesablandığını yaxşı bilir. Düşünürəm ki, marginal qruplar da, onların xaricdəki havadarları da bu həqiqəti başa düşərək, Azərbaycanın ictimai rəyi ilə manipulyasiya etməyin mümkün olmadığını nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar".