Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Seçki Məcəlləsinə əsasən dairə və məntəqə seçki komissiyalarının sayı qədər səsvermənin nəticələrinə dair yekun protokol hazırlanmalıdır.
Daha sonra Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) səlahiyyətli nümayəndələri qeydə alınıb, ADİP-in müraciəti əsasında partiyanın mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayevanın səlahiyyətli nümayəndə kimi qeydiyyatı isə ləğv edilib. “Azadlıq-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndə kimi qeydiyyata alınan Cəmaləddin Ağayevin qeydiyyatının ləğv edilməsi barədə müraciəti təmin olunub. Azərbaycan Demokrat Partiyasının müraciəti əsasında səlahiyyətli nümayəndə kimi qeydə alınan Nizam Qəmbərlinin qeydiyyatı da ləğv edilib.
İclasda Müsavat Partiyasının təqdim etdiyi yeni səlahiyyətli nümayəndələr qeydə alınıb.
Sonda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.