Bakı. Etibar Məmmədov – APA. “Avropa Oyunlarının miqyası çox geniş idi və bu baxımdan çox normal açılış oldu. Bunun üçün çox əziyyət çəkilmişdi, bu, açıq-aydın görünürdü”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn I Avropa Oyunlarının açılış mərasiminə münasibət bildirərkən deyib.
Açılış mərasimini normal qiymətləndirən P. Hüseyn bildirib ki, onun üçün ən yaddaqalan epizod Azərbaycan və Türkiyə bayraqlarının stadiona daxil olarkən tamaşaçıların reaksiyası olub: “Yəni, həm özümüz, həm də dünyadan Azərbaycana baxanlar üçün on minlərlə tamaşaçının təbii bir hissinin təzahürü və nümayişi oldu. Hər halda idmançılarımıza uğurlar arzu edirəm. Bizim üçün daha yaxşı olardı ki, bəzi məsələlər də həll edilərdi”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da açılış mərasiminin möhtəşəm olduğunu söyləyib: “Açılış mərasimində möhtəşəm səhnələr var idi, bunu xüsusi qeyd etmək lazımdır. Qalan bəzi məsələlər var ki, o da bu gün üçün müzakirə mövzusu deyil”.