Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyasının Bakı şəhər Nizami rayon təşkilatının 22 üzvü partiya sıralarından istefa verib və bununla bağlı bəyanat yayıb. Bunu APA-ya açıqlamasında təşkilatın sədr müavini, özək sədri Arif Quliyev deyib.
İstefa verənlər A. Quliyev də daxil olmaqla, təşkilatın sabiq sədri, Müsavat başqanının müşaviri olmuş Nizaməddin Quliyev, Müsavat Partiyasının sabiq Məclis üzvü, vəkil Mirismayıl Hadi, Müsavat Partiyasının sabiq Məclis üzvü, Nizami rayon təşkilatı Ali Məclisinin üzvü Qalabəy Ağalarlı, Nizami rayon təşkilatın sədr müavini, Şura üzvü Gülağa Şərifzadə, Şura üzvləri Qurban Qocayev, Yaqub Xanəliyev və Vahid Əzimov, üzvlər Maarif Məmmədov, Əfqan Rəfiyev, Nəriman Məmmədov, Sərvər Məmmədov, Ceyhun Eyvazov, Rəşad Quliyev, Etibar Qasımov, Əlif Şərifov, Şikar Əliyev, Kərim Cəbrayılov, Müşfiq Səfərov, Bayram Məmmədov, Fazil Məmmədov və Firudin Eyvazovdur.
A. Quliyev bildirib ki, verdikləri bəyanatda istefanın səbəbləri göstərilib. Bəyanatda qeyd edilib ki, son qurultaydan sonra Arif Hacılı partiyanın siyasi kursunu öz məcrasından çıxararaq partiyadaxili dağıdıcılıq müstəvisinə keçirib, illərini partiyaya vermiş fədakar, mübariz insanlar, ziyalılar, o cümlədən partiya başqanlığına namizəd olmuş Qubad İbadoğlu, Vurğun Əyyub kimi tanınmış simalar rəhbərlik tərəfindən partiyadan çıxarılıb. A. Quliyev bütün bunların A. Hacılının Məhəmməd Əmin Rəsulzadə yolundan sapmasının bariz nümunəsi olduğunu vurğulayıb.
Müsavat Partiyasının sabiq Məclis üzvü, partiyada Qarabağ və qaçqınlar üzrə komissiyasının sədri olmuş Qalabəy Ağalarlı APA-ya açıqlamasında mayın 12-də partiyanın təşkilat komitəsinə istefa ərizəsi ilə müraciət etdiyini təsdiqləyib və bunun səbəbini partiya rəhbərliyinin apardığı siyasətin onu qane etməməsi ilə əsaslandırıb.
Müsavat Partiyası Nizami rayon təşkilatının sədri Zakir Məmmədzadə isə APA-ya açıqlamasında bildirib ki, indiyə qədər adları çəkilən 22 nəfərdən yalnız iki nəfərin – Mirismayıl Hadinin və Yaqub Xanəliyevin ərizələri rayon təşkilatına təqdim edilib.
Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı 22 nəfərin partiyadan istefa verdiyini təsdiqləyib və bu məsələni araşdıracaqlarını söyləyib.