Bakı. Fərid Mirzəyev - APA. Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Beyləqan, Füzuli, Ağcabədi rayonları ərazisindəki hərbi hissələrinin düşmənlə təmas xəttindəki bir sıra bölüklərində və döyüş növbə çəkmə postlarında, həmçinin Lənkəran şəhərində yerləşən hərbi hissəyə baxışlar keçiriblər.
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, aparatın əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissələrində də plan üzrə baxış təşkil ediblər.
Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparmış, çoxsaylı suallar cavablandırılıb.