Azərbaycan klublarının son illərdə avrokuboklarda imza atdığı nəticələr polşalıların da diqqətini cəlb edib.
Apasport.az saytı xəbər verir ki, bu ölkənin mətbuatında çıxan məqalədə Polşa təmsilçilərinin komandalarımız üzərindəki üstünlüyü əldən verdikləri qeyd olunub.
Həmkarlarımızın fikrincə, 2000-ci illərin əvvəlinə kimi Azərbaycan və Qazaxıstan klublarının beynəlxalq arenada polşalıların önünə çıxması onlara təəccüblü gəlirdisə, indi bu, adi hala çevrilib. Onlar klublarımızın inkişafına diqqət çəkərək, Polşa təmsilçilərinin Azərbaycan komandalarına hər dəfə qalib gələ bilmədiklərini vurğulayıblar: “15 il əvvəl Azərbaycan və Qazaxıstanı “üçüncü dünya” sayırdıq. Polşa komandaları avrokubokda nadir hallarda bu ölkələrə getməli olurdu. Ancaq zaman keçdikcə buna alışmalı olduq. Son 15 ildə Çempionlar Liqası və Avropa Liqasında keçmiş postsovet ölkələrinin komandaları ilə 70 dəfə qarşılaşmışıq. Rusiya və Ukraynanı çıxsaq, sabiq SSRİ ölkələrinin çoxundan üstünük. Azərbaycan komandaları ilə qarşılaşanda isə gah biz qalib gəlirik, gah onlar. Məgər istədiyimiz bu idi? Biz Avropanın üçüncü dərəcəli futbol ölkələri arasında lider olmağı hədəfləmişdik?”.
Azərbaycan və Polşa klubları avrokuboklarda bu vaxta qədər 24 dəfə qarşılaşıblar. Bu görüşlərdən 5-də bizimkilər, 14-də Polşa təmsilçiləri qalib gəlib. 5 matçda isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan və Polşa klublarının son duellərində “Qarabağ” “Visla” və “Piast”dan, “Qəbələ” isə “Yagelloniya”dan üstün olub.