“Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub: “Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir”.
Prezident qeyd edib ki, ölkənin ixrac potensialı artıb: “2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir. İdxal isə təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir.
Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq”.
***
17:20
“Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: “Qeyri-neft sənayesində 3,6 faiz kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”.
Prezident qeyd edib ki, ötən il bir çox önəmli layihə icra edilib: “Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.